Cəmiyyət

Yol Polisi sürücülərə və piyadalara müraciət etdi

6 Yanvar 2026 21:19
Baxış: 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.

Milli.Az xəbər verir ki, müraciətdə deyilir: "Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürət həddini görünüş məsafəsinə uyğun seçmək, qəfil manevr və ötmələrdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq tövsiyə olunub. Həmçinin zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınması, dayanma və ya qəza zamanı isə qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edilməsi vurğulanıb.

Piyadalara isə yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük vermək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə edilib. Bildirilib ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağıraraq qeyd edib ki, bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər və təhlükəsiz yol hər kəsin birgə məsuliyyətidir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.