Cəmiyyət

""Analar! Qızlarınızı oxudun!"

22 İyun 2012 10:35
0 Şərh     Baxış: 2 591
Məlum olduğu kimi, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri Azərbaycan qadınlarının ictimai həyatda rolunun artmasında önəmli bir mərhələ sayılır. Bu dövrdə maarifin, səhiyyənin inkişafında kişilərlə müqayisədə qadınların iştirak faizi olduqca aşağı olsa da, Azərbaycanın ziyalı, maarifçi qadınlarının gördüyü işlər çox əhəmiyyətli idi. Şübhəsiz, məlum mərhələdə onların daha çox fəaliyyət göstərə biləcəyi sahə xeyriyyəçilik və maarifçilik ola bilərdi...

XX əsrin əvvəllərində azərbaycanlı qadınlar arasında təhsilin, maarifçiliyin yayılması üçün fədakarlıqla çalışan maarifçi qadınlardan biri də Şəfiqə Əfəndizadə olub.

Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından almışlar. On dörd yaşında ikən o, Nuxa (indiki Şəki) şəhərinə gəlmişdir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlamışdır. Lakin burada çox qalmamış, həmin il Bakıya gəlmişdir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışmışdır.

Bu zaman böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir. Şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradır. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədir. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənir. Eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında dərs deyir.

Geniş yazarlıq fəaliyyəti

O, həm də ilk qadın jurnalistlərdən biri olaraq publisistik fəaliyyətlə məşğul olur. 1903-cü ildə ilk qələm təcrübəsini "Şərqi-rus" qəzetində dərc etdirir. Sonralar qəzetdə dərc etdirdiyi məqalələrində qadınları maarifə, təhsil almağa çağırır. Şəfiqə xanım "Bir çox ümidlərimiz" sərlövhəli məqaləsində yazırdı: "Ümidlərimiz çox böyükdür... Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir..."

Şəfiqə Əfəndizadə publisist kimi fəaliyyətinə ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, N7) başlamışdır. Sonralar o, "Dəbistan", "Məktəb", "Füqara füyuzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş və tərbiyə mövzusuna həsr edilmiş məqalələrini çap etdirmişdir. Eyni zamanda, mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" povesti isə ayrıca kitab şəklində "Kaspi" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o, "Açıq söz" qəzetində (N187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə ilk rəyi dərc etdirilmişdir.

1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur.

1905-ci il inqilabından sonra onun ictimai həyatdakı fəallığı daha da artır. 1906-cı ildə müəllimlərin Bakıda keçirilən I qurultayında iştirak edir. "Dəbistan" jurnalında dərc olunan məqalələrində ənənəvi olaraq qadın savadsızlığına qarşı çıxır. Qızların təhsil almasının vacibliyini göstərir. Uşaqların həyatından bəhs edən ilk hekayələri - "İki qızın söhbəti", "Şəkər alması", "Ilk məhəbbət", "Röya", "Müəllim nədir", "Mükafat" və s. "Dəbistan" və "Məktəb" jurnallarında dərc olunur. Hekayələrdə təlim-tərbiyə məsələləri bədii şəkildə təsvir edilir. Şəfiqə Əfəndizadənin jurnalistika mühitinə cəlb edilməsində 1911-1912-ci illərdə nəşr olunan ilk qadın qəzeti "İşıq"ın mühüm rolu olub.

"Analar! Qızlarınızı oxudun!"

1917-ci ildə o, Cənubi Qafqaz müsəlmanlarının I qurultayında Şərq qadınlarının hüquqsuzluğu barədə danışır, yeni məktəblərin, teatrların açılmasını tələb edir. Tarixçi M.Oruclu bu barədə yazıb: "Şəfiqə Əfəndizadə və S.Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxdı. Onları qadınları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında üzüaçıq çıxış etdiklərinə görə mühakimə etdi. Bütün zal qızışaraq ayağa qalxdı. Qazı tribunadan düşməyə məcbur oldu ...".

"Azərbaycan" qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş "Milli bayram və qadınlarımız" adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazır. Hər bir azərbaycanlının bundan böyük qürur duyduğunu qeyd edir: "Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs, hər kəs məğrur idi ".

Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudun!" deyə qadınlara müraciət edir. Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edir. Sovet hakimiyyəti illərində də o, maarifpərvər bir qadın kimi qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərir. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edir. Bakıda yaradılan Darülmüəllimatın müəllimi olur. Moskvada qadınlar qurultayında nümayəndə kimi iştirak edir.

Şəfiqə xanım "Şərq qadını" jurnalı fəaliyyətə başladıqdan sonra bu nəşrlə fəal əməkdaşlıq edir. Redaksiya heyətinin üzvü seçilir. Curnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olur. "Şərq qadını" o zaman onun haqqında yazıb: "Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il).

Ş.Əfəndizadə 1959-cu ildə dünyasını dəyişib. Onun şərəfli ömür yolu gənc nəslə örnəkdir. Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi onun adını daşıyır.

"Azadlıq" qəzeti

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.