Cəmiyyət

AŞ rəsmisi: “Azərbaycan qadınlarının siyasi həyatda fəallığı gender stereotiplərindən azad olmağa kömək edəcək”

22 May 2010 13:48
Baxış: 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio belə hesab edir. O, Trend-ə müsahibəsində bildirib ki, belə məsələlər təhsil və məlumatlandırılma səviyyəsinin yüksəldilməsi yolu ilə həll edilməlidir. Mod de Bur Bukikkio deyib ki, Azərbaycanda AŞ nazirlərinin kişi və qadınların bərabərliyi mövzusunda konfransın keçirilməsi faktı gender bərabərliyinin təmin olunması istiqamətində bir addımdır. Onun sözlərinə görə, qanunun Azərbaycanda qadın və kişilərin bərabərliyini nəzərdə tutmasına baxmayaraq, qanun və reallıq arasında bir çox başqa Avropa dövlətlərində olduğu kimi boşluqlar var. Konfransın məqsədi bu boşluqları üzə çıxarmaq və onların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Bukikkio AŞ adından Azərbaycanda bələdiyyə səviyyəsində olan irəliləyişi razılıqla qeyd edir. Ölkədə qadınların bələdiyyələrdə iştirak faizi 26 faizə çatdırılıb. Əvvəllər isə bu göstərici iki faizdən az olub. Müsbət qiymətləndirmə ilə yanaşı, Mod de Bur Bukikkio ölkədə dövlət və siyasi məsələlərin həllində qadınların az iştirak etməsi ilə bağlı narahat olduğunu bildirib: "Bizi narahat edən odur ki, ölkədə indi parlamentarilərin cəmi 11%-i qadındır. Həmçinin, vacib qərarlar qəbul edən qadın nazir və nazir müavinlərinin sayını çoxaltmaq da yaxşıdır".

AŞ tərəfindən əhalinin daha həssas təbəqəsinin müdafiəsinə dair faydalı alətlər işlənib-hazırlanıb. Mod de Bur Bukikkionun fikrincə, bu təkliflər Azərbaycan tərəfindən istifadə olunacaq. Məsələn, AŞ tərəfindən məişət zorakılığına qarşı aparılan kampaniya və uşaqların seksual istismar və təcavüzdən müdafiəsinə dair konvensiya Parlamentdə bəzi tədbirlərin müzakirəsinin başlanmasına kömək edib: "Mən əminəm ki, ailədə zorakılıq haqda effektiv qanunun qəbul edilməsi əsas nailiyyət ola bilər. Bu, təcavüzün qarşısını almağa kömək edəcək, cəzasızlığa son qoyacaq, bunun qurbanlarına köməklik göstərəcək, qadınlara onlara qarşı edilmiş zorakılıq haqda məlumat verməyə, ədalət və müdafiəyə nail olmağa imkan yaradacaq".

Erkən nikahlar məsələsində Mod de Bur Bukikkio qızların yaş senzinin qaldırılmasını dəstəkləyir. O ümid edir ki, Azərbaycanın Milli Məclisi uşaqlara münasibətdə bütün zorakılıq formalarının qadağan olunmasını dəstəkləyəcək.

Ailə qurulması üçün olan 18 yaş 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası tərəfindən təyin olunub. Beynəlxalq standartlara görə, erkən yaşda qurulan nikahlar insan hüquqlarının pozulması sayılır. Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair konvensiyanı 1992-ci ildə ratifikasiya edib.

Mod de Bur Bukikkio ümid edir ki, AŞ və BMT Azərbaycan Parlamentini yetkinlik yaşına çatmamışlara münasibətdə ədliyyə sahəsində fəaliyyətə ilhamlandıracaq: "Qanunla dostluq etməyən uşaqlarla uşaq kimi rəftar etmək lazımdır. Bu onlara cəmiyyətə reinteqrasiya olunmağa şans verəcək. Zorakılıqla mübarizəyə yalnız hökumət və parlament deyil, bütün ictimaiyyət cəlb olunmalıdır".

Mod de Bur Bukikkio Azərbaycanın 2001-ci ildə AŞ-yə daxil olarkən öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində olan nailiyyətlərini də müsbət qiymətləndirib: "Ölkənizin bütün əhalisinin Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə çıxışı var və bunun nəticələrini qiymətləndirməmək düz deyil".

Bakıda mayın 24-25-də Azərbaycan hökumətinin və AŞ-nin dəstəyi ilə "Gender bərabərliyi" mövzusunda konfrans keçiriləcək. Mod de Bur Bukikkiodan başqa, konfransda BMT Baş katibinin müavini Aşa Rouz Migiro da iştirak edəcək.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.