Cəmiyyət

Azərbaycan QHT Agentliyi təbii resurslarımızın qanunsuz istismarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

16 Dekabr 2022 22:35
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına müraciət ünvanlayıb.

Milli.Az müraciəti təqdim edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması ilə bağlı razılıq əldə olunmuşdur.

Lakin sülhməramlıların komandanı 2022-ci il dekabrın 10-da olunan razılığı kobud şəkildə pozaraq monitorinqin keçirilməsinə maneə yaratmış və beləliklə, monitorinq baş tutmamışdı.

Azərbaycanın qeyri-hökumət təşkilatları, ekoloqları və vətəndaş cəmiyyəti fəalları Rusiya sülhməramlılarının bu hərəkətinə, eyni zamanda, ölkəmizin təbii resurslarının, xüsusilə qızıl və mis yataqlarının qanunsuz istismarına və talan olunmasına, həmçinin həmin ərazilərdə baş verən ekoloji terrora etiraz olaraq artıq beş gündür Xankəndi-Laçın yolunda dinc aksiya keçirirlər.

Aksiya iştirakçılarının tələbi çox sadədir: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun!; bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın!

Bundan başqa, dekabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan azad olunmuş Kəlbəcər ərazisində basdırılan mina partlayışı nəticəsində 7 soydaşımızın yaralanması və 1 hərbçimizin şəhid olması aksiya iştirakçılarının tələblərinin genişlənməsinə səbəb oldu.

Hazırda ölkə QHT-ləri Ermənistanın Laçın yolu vasitəsilə Azərbaycanın suveren ərazisinə qanunsuz silah-sursatın və hərbi dəstələrin daşınmasına, milli sərvətlərimizin ölkədən çıxarılmasına və mina terroruna son qoyulmasını tələb edirlər.

Təəssüf ki, Ermənistan və erməni lobbisi Azərbaycan QHT-lərinin dinc aksiyasının mahiyyətini bilərəkdən təhrif etməyə, məsuliyyətdən yayınmaq məqsədilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və Xankəndi-Laçın yolunda baş verən hadisələrlə bağlı yalan və böhtan kampaniyası aparırlar.

Ermənistanın siyasi rəhbərliyi və erməni separatçıları aksiya iştirakçılarının guya Laçın yolunu bağlayaraq Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, onların humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması, təbii qaz nəqlinin dayandırılması haqqında beynəlxalq təşkilatlara və xarici ölkələrə həqiqətə uyğun olmayan müraciətlər edirlər.

Tam məsuliyyət hissi ilə bəyan edirik ki, bu məlumatların heç bir əsası yoxdur, hamısı yalan və böhtandır.

Bu yalanlara cavab olaraq diqqətinizə onu da çatdırırıq ki, QHT-lər və ekoloqlar Laçın yolunda nəqliyyatın və insanların sərbəst hərəkətinə hər hansı bir məhdudiyyət yaratmayıb, Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin və humanitar yüklərin sərbəst hərəkəti buna əyani misaldır.

Qarabağda yaşayan ermənilərin təbii qazla və ərzaqla təmin olunmasında da onların bu gün etiraf etdiyi kimi heç bir problem yoxdur. Bundan başqa, Azərbaycan dövləti bu ərazidə yaşayan erməni əsilli vətəndaşların bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu da bəyan edib.

Ermənistanın siyasi rəhbərliyinin QHT-lərin Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması, ekoloji terrora son qoyulması və həmin ərazilərdə monitorinqin aparılması kimi sivil və beynəlxalq humanitar qanunlarla müdafiə olunan legitim tələblərinə bu cür əsassız reaksiyası və beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdi qəbuledilməzdir və belə çirkin kampaniyanın təşkili onların məsuliyyətdən yayınmaq istəyindən xəbər verir.

Hesab edirik ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl etməli, xüsusilə qanunsuz silahlı qüvvələrinin qalıqlarını Azərbaycandan çıxarmalı, təbii resursların qanunsuz istismarını dayandırmalı və ekoloji terrora son qoymalıdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası olaraq bütün beynəlxalq təşkilatlara, ətraf mühitin və ekologiyanın mühafizəsi ilə məşğul olan xarici ölkə, o cümlədən Ermənistan QHT-lərinə müraciət edir, Azərbaycan QHT-lərinin irəli sürdükləri haqlı tələbləri dəstəkləməyə çağırırıq.

İmzaladılar:

Quliyev Azay Əjdər oğlu - Müşahidə Şurasının sədri, "Beynəlxalq Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri

Allahverənov Azər Kərim oğlu - Müşahidə Şurasının üzvü, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri

İsgəndərov İsrayıl İsa oğlu - Müşahidə Şurasının üzvü, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

İbrahimov Zaur İbrahim oğlu - Müşahidə Şurasının üzvü, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Mehdiyev Nurəddin Səftər oğlu - Müşahidə Şurasının üzvü, "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri

Orucov İlqar Nəcibəddin oğlu - Müşahidə Şurasının üzvü, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri

Səfərova Günel Məhərrəm qızı - Müşahidə Şurasının üzvü, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.