Cəmiyyət

Qız istədi, vermədilər, evi soydu!

13 May 2010 10:10
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 4-də saat 6 radələrindən 15 radələrinədək naməlum şəxslər Zeynalov Səbuhi İsa oğluna məxsus evdən oğurluq ediblər. Onlar Nərimanov rayonunun M.Cümə küçəsində yerləşən mənzilin giriş qapısını açıb, orada S.Zeynalova məxsus içərisində 100 min avro, 20 min ABŞ dolları, 60 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi talayıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, S.Zeynalova ümumilikdə 201 min manat məbləğində maddi ziyan dəyib.

Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı Azərbaycan Respublikası CM-in 177.2.3-ci və 177.3.2 maddələri ilə cinayət işi açılıb, 18-ci polis bölməsi tərəfindən əməliyyat axtarış işləri başlanıb.

Aparılmış araşdırmalar nəticəsində zərərçəkmişin qızı Zeynalova Səidə Səbuhi qızının İxayev Elyar Aydın oğlu adlı şəxslə ailə qurmaq məqsədi ilə mütəmadi olaraq görüşməsi haqqında məlumatlar əldə olunub. Lakin E.İxayevin ailəsi imkansız olduğu üçün Səidənin valideynləri onların ailə qurmasına qarşı çıxıblar. Qeyd olunan oğurluq hadisəsinin E.İxayevin qisas məqsədi ilə törətməsi ehtimal olunaraq, sonuncunun həyat tərzi və cinayətkar əlaqələri öyrənilib.

Müəyyən edilib ki, Elyar İxayev 1989-cu ildə Bakı şəhərində anadan olub və burada yaşayır, Azərbaycan Texniki Universitetində təhsil alır. Əməliyyat tədbirləri nəticəsində E.İxayevin oğurluqda iştirak etməsi ehtimal olunduğu üçün o, 18-ci polis bölməsinə gətirilib. E.İxayevin dindirilməsi zamanı məlum olub ki, o, Bakı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Pənahov İlqar Pənah oğlu ilə əvvəlcədən əlbir olaraq cinayətin törədilməsi üçün razılığa gəlib.

E.İxayev S.Zeynalovun mənzilində onun qızı Səidə ilə görüşən zaman mənzilin açarlarını əldə edib, mənzildəki seyfin yerini müəyyənləşdirib və bu barədə İ.Pənahovu təlimatlandırıb. Həmin şəxslər S.Zeynalovun qızı ilə mənzili tərk etdiyini müəyyənləşdirib və əvvəlcədən razılaşdıqları kimi, özlərində olan açarla qapını açaraq mənzilə daxil olub, oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi götürərək mənzili tərk ediblər.

E.İxayev və P.Pənahov seyfi birincinin idarə etdiyi QAZ-31 markalı maşınla Əzizbəyov rayonu Bilgəh qəsəbəsinə aparıb və burda yeni tikililərin arxasında sındıraraq pul və qızıl-zinət əşyalarını götürüblər. Seyfin sınıqlarını isə yolun kənarına atıblar. E.İxayev həmin puldan 28 min manat və 8 min 700 manat S.Zeynalovaya verib, qalan pulu və qızıl-zinət əşyalarını isə yaşadığı mənzildə gizlədib.

Həyata keçirilən tədbirlər nəticəsində E.İxayev mayın 12-nə keçən gecə saxlanılıb. O, göstərilən məbləği yaşadığı mənzildə döşəmənin altından çıxararaq istintaqa təhvil verib, pul və seyfin qırıqları protokollaşdırılaraq götürülüb.

Pənahov İlqar Pənah oğlunun tutularaq istintaqa təqdim olunması istiqamətində əməliyyat-axtarış işləri davam etdirilib və o, mayın 12-də şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az

Uyğun link:

Bakıda mənzildən 200 min manat oğurlandı!
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.