Cəmiyyət

Erməni faciəsi: Qara kitabdan Qırmızı kitaba doğru

19 May 2010 10:57
Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmi-cümlatanı on-on beş ildir ki, "əlimizi" (oxucu yazını oxuyandan sonra bu sözü dırnaqda yazmağımızın səbəbini biləcək)  üstlərindən çəkmişik, haray salıblar ki, doğa bilmirik. Söhbət erməni camaatından gedir.

O gün yas yerində - Allah ölənlərinizə rəhmət eləsin - kişilər ehsanı yeyib, üstündən siqaret tüstülədərək xısın-xısın danışırlar ki, "News.am" saytında ermənilər aləmə car çəkiblər: amanın bir günüdür, bizə yardım əlinizi uzadın. Yoxsa belə getsə, 40-45 ildən sonra dünyada erməni deyilən zatın kökü kəsiləcək. Kişilərdən biri mollanın danışdığı hədisə ağız büzə-büzə "cəhənnəmə kəsilsin" deyib, yaxasını söhbətdən qırağa çəkdi. O birisi növbəti "Fatihə"nin yolunu gözlədi ki, durub aradan çıxsın, hiss olunurdu ki, ayaqyolundan ötrü burnunun ucu göynəyir. Üçüncü kişi isə mollaya "Aşura günü ev süpürmək olarmı?" sualını verərək mətləbdən yayındı. Mən isə məclisin yuxarı başında, mollanın başı üstündə, zavallı mərhumun xalçaya "izolentlə" yapışdırılmış və bir ucu qopmuş şəklinə baxa-baxa xəyallara daldım.

Atamın şəkil albomunda qayçıyla kəsilib düzəldimiş bir cüt göz şəkli vardı və rəhmətlik kişi həmişə bu "gözlərə" baxanda nədənsə dərindən ah çəkirdi. Sonralar öyrəndim ki, bu qayçılanmış şəkil kişinin cavanlıq vaxtı Bakıda "gəzdiyi", yaxud milli-mənəvi ləhcədə desək, "üç öpüb bir dişlədiyi" erməni qızının gözləridir. Yas yerində adamın belə şeyləri xatırlaması adi haldır, çünki ağız-ağıza verən molla cütlüyü, hətta triosu öz miskin söhbətləri ilə adama belə bir hiss aşılayırlar ki, hamınızın "fatihə"sini beləcə oxuyacayıq, hamınız cəhənnəmə vasil olacaqsınız.

Uşaq vaxtı elə bilirdim ki, mollalar ölmür. Onlar ölənləri o dünyaya yola salmağa gələn əbədi sirli məxluqlardır, hətta ölümdən qorxmağa başladığım yeniyetməlik vaxtlarımda əbədi yaşamaq üçün bir ara molla olmağa qərar vermişdim. Nəysə, mətləbdən caymayaq.

Demək, ermənilərin doğub-törəmək problemi gündəmdədir. Azərbaycanlıların belə bir atalar sözü var: ehtiyac düşmən qapısına aparar. Bəlkə də, ermənilərin arvad-uşaqla bağlı çaldığı həyəcan təbili bizə bir işarədir. Ancaq gecdir, əlimizdə xeyli işimiz var.

Oxuculara məlumdur ki, bir-iki ay bundan əvvəl dost-qardaş monqol xalqı belə bir promlemlə üzləşdiyi üçün üç tonqal yandırıb bütün Oğuz elini xəbərdar etmişdi. Biz də bütün say-seçmə igidləri - "Kitabi-Dədə Qorqud" diliylə desək, kənddə-kəsəydəki bütün avara Bamsı Beyrəkləri, Alp Aruzları, Yalıncıqları-zadı yığıb bir tabor yaratdıq və "Ya Allah! Monqolustana!". İndi bu məsələdə əlimiz aşağıdır, istəsək belə, erməni camaatına yardım "əlimizi" uzada bilməyəcəyik. Mən biləni bizimkilər Monqolustanda iki, hətta üç "smen" işləyirlər. Yaxşı olar ki, doğmaq istəyənlər özləri yazılı şəkildə müraciət etsinlər, görək neynirik.

Yadıma İkinci Dünya müharibəsi zamanı Cəlilabadın yalnız fars mənşəli əhalidən ibarət olan Horatlı kəndində baş verən bir hadisə düşdü. Müharibə başlar-başlamaz sovet hərbi komissarı bu kəndə də gəlir ki, kişiləri səfərbərliyə alsın. Horatlılar komissardan soruşurlar ki, müharibə nə olan şeydir və biz orda nə iş görəcəyik? Komissar cavab verir ki, müharibə ölüm-dirim məsələsidir, siz orada faşist öldürəcəksiniz. Əlində yaba tutmuş və komissarın dediklərindən heç nə anlamayan bir horatlı soruşur: "Məsələn, elə məni götürək, nə qədər faşist öldürməliyəm sizin üçün?". "Yaxşı döyüşsən, beş-altısını öldürərsən, yəqin" - komissar cavab verir. Horatlı əlindəki yabaya söykənib gileylənir: "Olmaz ki, siz faşistləri gətirəsiniz, biz kənddə yabalayıb öldürək?" Elə bu gileylə də Horatlı kəndi İkinci Dünya müharibəsində iştirak etməkdən məhrum olur.

Bu arvad-uşaq məsələsində türklərin əli həmişə gətirib. Təkcə Çingiz xanın müharibə siyasətindən danışmaq kifayətdir ki, oxucunu buna inandırasan. Çingiz xan işğal etdiyi ölkənin qız-gəlininə qənimət kimi baxırdı. Bəlkə də, o, dünyada yeganə sərkərdədir ki, "bazlıq" etmək üçün ölkələri qəsb edirdi. Biz indi yığışıb erməni camaatına köməyə getsək, əminəm ki, cəmi 50-60 ildən sonra zırramalar bunun adını genosiddən-zaddan bir şey qoyacaqlar. Məsələnin ikinci, daha qəliz tərəfi budur ki, tutalım, düşmən də olsaq, yardım əlimizi uzatdıq, bəs bu doğulan uşaqları kim saxlayacaq?. Yoxsa sonradan bizi məhkəməyə verib "alimentlə" dolanmaq fikrindədir bu xalq? Ən yaxşısı, ermənilər gürcülərə, iranlılara zada üz tutusunlar, xəta-bəlalarını bizdən uzaq eləsinlər.
   
Maraqlı bir erməni yazıçısı var, Matevosyan. Yəqin, oxucularımızın beş-altısı onun "Camış" hekayəsini oxuyub. Hekayə erməni camışının özünə necə kəl axtarması haqqındadır. İnsafən deyək ki, - düşmən də olsaq - yaxşı hekayədir. Camış doğmaq istəyir, bunun üçün ona əyani vəsait, yəni kəl lazımdır. Camış bir-iki həftə həyətdə kəlin yolunu gözləyir, qarasına həsrətlə böyürür. Kəl gəlib çıxmır ki, çıxmır. Ağzında "KƏL" deyirsən, kəl elə hər böyürtüyə gəlsə, tula olar ki. Kəli əldə etmək üçün gərək aylarla, illərlə böyürəsən, yeri buynuzlayasan. Bəlkə, onda Allah kəlin könlünə rəhm saldı, dönüb sən tərəfə baxdı. Matevosyanın camışı da bir xeyli gözləyib əmin olur ki, kəl, deyəsən, gələn şoğəribə oxşamır, özü bəzənib-düzənib onun görüşünə gedir. Ardını özünüz məndən yaxşı bilirsiniz. Bu hekayəni xatırlatmaqda məqsədim ondan ibarətdir ki, erməni camaatı öz yazıçısının yaradıcılığından ibrət götürsün. Böyürməklə iş olmaz, könlü balıq istəyənin quyruğu suda gərək. Uşaq doğmaq istəyirsənsə, evdəki kişi də "zır"dan (zırdan düşmək - gücdən düşmək, heyi çəkilmək mənasındadır - müəllif) düşübsə, "kəli" axtarmağa özün gedəcəksən. Ya da nəslin kəsiləcək.

Ancaq erməni camaatının ümidlərini puç etmək istəməzdim. Milli atalar sözünə yüngülvarı əl gəzdirib qonşu və düşmən xalqa eşitdirmək istəyirəm: "Uzaq diaspordansa, yaxın qonşu yaxşıdır".

Aqşin Yenisey
Milli.Az

Uyğun link:

Ermənilər getdikcə azalır
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.