Cəmiyyət

Yüz bir yaşlı Meynas nənənin 10 övlad, 35 nəvə, 78 nəticə və 11 kötükcədən ibarət mehriban ailəsi - VİDEO - FOTO

3 Dekabr 2021 23:05
2 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüz bir yaşlı Meynas Maqsudova 10 övlad, 35 nəvə, 78 nəticə və 11 kötükcədən ibarət mehriban ailənin sevgisi ilə əhatə olunub. Bütün ömrünü övladlarına həsr edən Meynas nənə Şabran rayonunun ən yaşlı sakinidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1920-ci il iyulun 1-i Şabranın Yuxarı Əmirxanlı kəndində dünyaya göz açan Meynas Maqsudova hələ uşaq ikən valideynləri dünyasını dəyişib. Dayısının himayəsində çətinliklərlə böyüyən Meynas Maqsudova ailə qurduqdan sonra Şabranın Ağbaş kəndinə köçüb. On övlad sahibi olan Meynas nənə Şabran rayonunun yaşı yüzü ötən yeganə sakinidir.

"Gənc qız olanda balıq vətəgəsində işləməyə başladım. Həyat yoldaşımla da orada tanış olmuşam. Ailə qurduqdan sonra çox mehriban yaşamışıq. Yoldaşım əvvəl kolxozda, sonra isə kənd sovetində işləyib. Şəxsi təsərrüfatımız da olub. Camış saxlamışıq, əkib-biçmişik. Həyat yoldaşım 2003-cü ildə vəfat edib. On övladımın hamısı sağ-salamatdır", - deyə Meynas nənə söyləyib.

Bir əsrdən çox yaşayan Meynas nənə gündəlik həyət işləri ilə məşğul olur, toyuq-cücə saxlayır. Özünü çox gümrah hiss edir. M.Maqsudova bunu sağlam qida və böyük ailəsinin sevgisi ilə əhatə olunmasına bağlayır.

Yüz bir yaşlı ağbirçəyin ən böyük övladının 75 yaşı var. Ən kiçik kötükcəsi isə 8 aylıq körpədir.

"Nəvələrimi, nəticələrimi çox istəyirəm. Onlar da məni lap çox istəyirlər. Bir gün görməyəndə darıxıram. Bir nəvəm Vətən müharibəsində iştirak edərək yaralanıb. Müharibədən sonra üzünü bu yaxınlarda gördüm. Hamısı mənim üçün əzizdir", - deyə Meynas nənə bildirib.

Meynas nənə vaxtını əsasən nəvələrinə, nəticələrinə və kötükcələrinə ayırır. Nənə respublikanın ictimai həyatında, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da yaxından iştirak edir. Buna görə fəxri fərmanla da təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.