Milli.Az gənc aktrisa Gülşən Hüseynli ilə müsahibəni təqdim edir:
Həmyaşıdlarınız arasında özünüzə rəqib gördüyünüz aktrisa var?
- Heç kimi rəqib görmürəm. Mən nə istedadda yaşıdlarımdan heç kəsi özümdən üstün saymıram, nə də xarici görünüş cəhətdən. Çünki mən 12 yaşımdan bu işin içindəyəm. Artıq neçə illərdir ki, mən səhnənin tozunu uda-uda böyümüşəm.
Pərvin Abıyevanı rəqib hesab etmək olar sizə?
- Pərvinlə biz filmdə də çəkilmişik. Tanışlığımız da var, normal münasibətimiz də var. Amma, ümumiyyətlə, aktrisalardan həmyaşıdlarım arasında kim olursa olsun, heç kəsi özümə aktrisa kimi rəqib görmürəm. Hamısının xətrini çox istəyirəm. Mənim münasibətim pis olan bir aktrisa yoxdur.
Ailədə aktrisa olmağınıza qarşı çıxan olub?
- Atam heç vaxt istəməyib aktrisa olum. İstəyirdi ki, məni tamamilə başqa bir sahədə, müəllimə kimi görsün. Atamın bu arzusuna görə mən Pedaqoji Universitetdə hətta ikinci ali təhsil də aldım. Sırf atamın ürəyi istəyir deyə mən universitetin İbtidai Sinif Müəlliməliyi fakültəsini də bitirdim. Amma yenə də öz istədiyim sahəyə, aktrisalığa üz tutdum (gülür). Atam gördü ki, mən bu işdə özümü doğrulduram. Bəzi aktrisalar kimi pul verib çəkilmirəm, pulsuz da çəkilmirəm, rejissorla şəxsi münasibət qurub, ona görə də çəkilmirəm, hansısa daydayın "şotuna" da çəkilmirəm. Mən öz istedadıma görə dəvət alıram. Mənim bir dənə daydayım var, birdənə sponsorum var, o da Allahdır. Başqa heç kəs yoxdur mənə dəstək olan. Bir dənə "həcim" var, o da Allahdır. Arxamdan məni heç kim itələməyib ki, "Get irəli, mən sənə dəstəyəm, ay Gülşən. Filankəslə danışmışam, get, səni filan filmə salacaqlar".
Səhnədəki yerinizdən özünüz razısınız?
- Azərbaycanda istədiyim mövqedəyəm. İstəyirəm ki, artıq bundan sonra xarici ölkələrdə öz potensialımı göstərim. Çünki burada bundan artıq irəli getmək olmur. Mən aktrisaya rol vermək üçün onunla yaxınlıq etmək istəyən rejissorlar tanıyıram. Mənə elə təkliflər olmayıb. Heç vaxt heç bir rejissor mənə deməyib ki, "Mən sizi filmə çəkim, siz də mənimlə münasibət qurun. Qarşılığında sizi qabağa çəkəcəm". Mənim başıma elə bir şey gəlməyib ki, nəyinsə qarşılığında mənə filmə çəkilmək təklifi etsinlər. Bilirsiniz nəyə görə?! Çünki bu aktrisaları rejissorlar çağıranda bilirlər ki, kimi çağırırlar, bu təklifi kimə edirlər. Bakı balaca şəhərdi, kimin nə etdiyi, kimin hansı işlə gündəmə gəldiyi göz qabağındadır. Mənim haqqımda indiyənə qədər şəxsi həyatımla bağlı qalmaqallı bir xəbər çıxmayıb, həmişə işimlə yaxud da ki, kimlərəsə iradlarımla gündəmə gəlmişəm.
Şəxsi həyatınızda təklik hökm sürür, yoxsa...?
- Gəncəm, gözələm. Məni istəyən insanlar çoxdur. Ətrafımda kişilər çoxdur, hansı ki, mənə diqqət göstərmək istəyənlər, mənimlə sevgili olmaq istəyənlər. Eşq təklifləri çox olur. Bu da mənə artıq seçim etmək imkanı verir. Mən artıq seçirəm, bu yox, o yox, bu yox. Mən demirəm ki, düz edirəm. Çünki əvvəl-axır bir insanı sevib, seçib, ailə həyatı qurmaq lazımdır və bu haqda düşünürəm ki, bu illəri ailə həyatı qurum. Deməzdim kimisə bəyənirəm, sevirəm, kimsə var həyatımda. Amma düşünürəm ki, təkliflərdən birini dəyərləndirib, məntiqlə yanaşıb ailə həyatı qurum.
Əks cinsdən sizi təəccübləndirəcək təklif almısınız?
- Bəli, elə təkliflər olub. O insan iş adamıdır. Mənə deyib, necə indi ki, bir çox müğənnilər deyirlər "Biz filankəsin arvadıyıq", məlum olur ki, onun başqa arvadı da var, 3-4 uşağı var. Bu da camaatın kişisin oğurlayıb ki, mən də bunun arvadıyam, yalandan. Bu adla da özlərini ərə getmiş hesab edirlər. Bəli, mənə də belə bir təklif tanınmış bir iş adamı tərəfindən olub. Azərbaycanda da, Moskvada da çox böyük biznesmendir, çox böyük şirkətləri var. Onun ikinci arvadı olmağımı istəyirdi. Mən ona dedim ki, "Sənin övladların var. Mən, ümumiyyətlə, evli insanla birlikdə ola bilmərəm. İkinci olmağı da heç vaxt qəbul etməmişəm. Mənim bir həyat yoldaşım olacaq və mən onun yeganə xanımı olacam". Mən heç vaxt ikinci olmaram, xüsusən də başqasının bədbəxtçiliyi üstündə xoşbəxtçilik qurmaq olmaz.
Azərbaycanda aktrisanın qazancı onun dolanması üçün kifayət edir?
- Aktrisa Azərbaycanda çox əziyyətlər çəkir. Çünki istədiyimiz qədər qonorar verilmir. Bizdə filmlər də çəkiləndə o filmlərə çox yüksək maliyyə ayrılmır. Əgər ayrılırsa da, rejissorlar o pulu "yeyirlər". Sıra aktyor-aktrisaya gəlib çıxanda çox az məbləğ qalır.
Özünüzü həmyaşıdlarınız arasında ən tələbatlı, ən çox qonorar alan aktrisa hesab edirsiniz?
- Hər aktrisanın öz qiyməti var. Mən dəvət aldığım filmlərdə həmişə yüksək qonorar qarşılığında çəkilmişəm. Heç vaxt aşağı qonorarla çəkilməmişəm. Həttə uşaq vaxtımda belə mən qonorarsız filmə, klipə, reklama çəkilməmişəm. Mən artıq ağırlığımı qoymuşam ki, Gülşən Hüseynli pulsuz heç bir filmə, seriala çəkilmir, qiymətim də budur. Əgər rejissor mənim dediyim qiymətlə razıdırsa, istəyirsə film keyfiyyətli çıxsın, əlbəttə, məni seçəcək, məni dəvət edəcək. Çünki məni təkcə Azərbaycanda yox, İranda da çox sevirlər, çox tanıyırlar. Azərbaycandan yeganə aktrisayam ki, İranın relaiti şousunda fars aktrisaları ilə birlikdə 5 gün iştirak etmişəm, Azərbaycanı tanıtmışam. Mən gedib Tehranda çəkilmişəm. Niyə məni seçdilər, niyə başqasını seçmədilər?! Çünki mənim istedadımı bilirlər. Mənim ATV telekanalında serialım gedirdi. O seriala 12 milyon baxış gəlmişdi. O baxış İranda yaşayan azərbaycanlılardan gəlmişdi. Mən öz İnstaqram səhifəmdə reklam edirəm ki, serialım olacaq. Həmin gün Azərbaycan serialına İrandan 12 milyon adam baxmışdı.
Aşağı qonorara qane olan aktrisalara münasibətiniz?
- Elə aktrisa var ki, çox aşağı qonorarla çəkilir. Onları da mən qınamıram, yaşlı aktrisalara hörmət yoxdur. Çox az pul verirlər, bilirlər ki, onlar məcburdurlar, onların o pula ehtiyacları var, çəkiləcəklər. Gənclərə daha çox pul verirlər. Çünki əsasən, baş rollara gənclər çəkilir, ona görə də onlara daha çox pul ayrılır. Yaşlı aktrisalara da fikirləşirlər ki, "Onsuz da, bu, gedib harda çəkiləcək e, gəl bunun pulunu kəsək". Reallıq budur ha, inanın mənə, mən sizə həqiqəti deyirəm. Mən bu işin içindəyəm.
Filmdə 18+ səhnəsinə çəkilmək təklifi almısınız heç? Bununla bağlı hansısa kriteriyalarınız var?
- Belə bir təklif bir dəfə edilib mənə. Azərbaycanda çəkilən bir filmdə öpüşmə səhnəsi var idi, o filmdə çəkilməyi qəbul etmədim. Elə səhnələrə çəkilmərəm. Pis çıxmasın, bizim ölkədə belə filmə çəkilmək o deməkdir ki, gərək sənin nə qohumların olsun, nə sənin ailən olsun. Sən küçədə qalmış olasan ki, o öpüşmə səhnəsinə, açıq-saçıq səhnələrə çəkiləsən. Bizim mentalitet buna yol vermir. Amma xarici ölkələr elədir ki, biz türk seriallarında öpüşmə səhnəsinə oturub maraqla baxırıq. Onlar öpüşəndən sonra bir ayın içində qazandıqları pula gedib ev alırlar.
Türkiyədəki kimi yüksək qonorar təklif edilsə, elə açıq-saçıq səhnələrə çəkilməyi qəbul edərsiniz?
- Azərbaycanda qəbul etməzdim. Amma mən xaricdə yaşasaydım, hə. Azərbaycanda yaşadığım üçün belə səhnələr üçün Türkiyə və yaxud digər ölkələrdə yüksək qonorar da təklif etsələr, inanın ki, çəkilmərəm. Azərbaycanlı olmasaydım, elə səhnələrə çəkilməyi qəbul edərdim.
Məhəmməd Vaqif
Milli.Az