Şou-biznes

Mikayıl Güləddinoğlu: "Kişi hara, nazlanmaq hara?"

8 Aprel 2015 15:11
3 Şərh     Baxış: 4 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mikayıl onu tənqid edənlərə meydan oxudu: "Gəlsinlər, elmi söhbətlər edək, görək mənimlə bacaranı olacaqmı?"

"Bu gün mənim verilişimi qınaq obyektinə çevirənlər, tənqid edənlər sabah gəlib qarşımda mənimlə ikiəlli görüşüb, xoş söz deyən insanlardır. Elə bir insan tanımıram ki, qarşıma keçib desin ki, sən bunu düz etməmisən və yaxud da ki, bu verilişdə nəyisə bəyənmirəm", - bu sözləri "Kaspi"nin suallarını cavablandıran "Sevimli şou" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu deyir. O, bizimlə söhbətində haqqında yayılan bütün söz-söhbətlərə aydınlıq gətirdi.

- "Sevimli şou" televiziya layihələri içərisində ən reytinqli layihələr sırasındadır. Tez bir zamanda bu qədər reytinqi necə əldə etdiniz?

- Bu tamaşaçı rəğbəti və onların bizim verilişə verdiyi qiymətdir. Biz buna öz əziyyətimizlə nail olmuşuq.

- Verilişinizə maraqlı qonaqlar dəvət edirsiniz. İfaçıları dəvət edərkən daha çox nəyə diqqət yetirirsiniz?

- Hər zaman demişəm ki, xalqın gözü tərəzidir. Artıq 3 ildir ki, "Sevimli şou" layihəsi təqdim olunur. Biz burada xalqın istədiyini onlara istədikləri şəkildə təqdim edirik. Verilişimizdə xalqın sevdiyi ifalara daha çox yer veririk. Sənətçiləri verilişimə dəvət etmədən öncə onların repertuarına nəzər yetirir, ifa tərzi ilə yaxından tanış oluram. "Sevimli şou"-da daha çox muğamlara, şeirlərə yer ayrılır. Veriliş yeni başlayanda bir sıra çətinliklər və tənqidlərlə üzləşdim. Açığını desəm, belə bir veriliş apardığım üçün məni bir qədər yıxıb-sürüdülər. Amma deyilən sözlərin heç birinə əhəmiyyət vermədim, öz işimlə məşğul oldum. Çünki mən yaxşı başa düşürdüm ki, bu xalqın içindən çıxan bir Azərbaycan övladıyam. 35 illik ömrümdə yalnız xalqın dediyini və onların istədiyini etmişəm. Məni tənqid edənlər anlamadılar ki, Mikayıl Güləddinoğlu onların içərisindən çıxıb.

- Bu qədər tənqidlərə tuş gəlirsiniz. Tənqidlər sizi işinizdən soyutmurmu?

- Xalq necə Mikayıl Güləddinoğlunu tənqid edir ki, o, ayın 20 gününü fərqli-fərqli bölgələrdə el şənliklərinə dəvət alır? Toylarda, şənliklərdə hər dəfəf mənimlə 100-dən çox şəkil çəkdirmək istəyən olur. Məni necə tənqid edirlər ki, onlardan biri qarşıma çıxıb üzümə demir ki, sənin verilişində filan şeyi bəyənmirəm. Məni tənqid edənlər bircə dəfə gəlib mənimlə üzbəüz oturub desinlər, görüm onlar mənimlə elmdən danışmağa qadirdirlərmi? Mənim oxuduğum dünya ədəbiyyatından xəbərdardırlarmı? Mənim yaradıcılığına yaxşı bələd olduğum dünya klassiklərini tanıyırlarmı? Onore de Balzakın, Viktor Hüqonun, Qabriel Qarsiya Markesin, Uilyam Şekspirin, eləcə də dünya musiqi klassiklərinin, məşhur bəstəkarların yaradıcılıqları haqda bilikləri hansı səviyyədədir? Görəsən onların savadları Mikayılın savadı qədərdirmi? Nəinki Azərbaycan musiqisi, dünya musiqisindən xəbərdardırlarmı? Bilmirlər... Onlar sadəcə bilənə daş atmağı bacarırlar. Mən də o daş atanlara demək istəyirəm ki, "Ay daş atan bəxtəvər, daşın da öz vaxtı var". Heç də narahat olmasınlar, vaxtı və vədəsi gələndə, o atılan daşı geri qaytarmağa Mikayılın gücü çatır.

- Mikayıl bəy, sizin verilişinizlə bərabər şeirləriniz də qınaq obyektinə çevrilib. Sizin buna münasibətiniz necədir?

- Aparıcının, ən azı, geniş mütaliəsi olmalıdır. Yazdığım, ifa etdiyim şeirlərdən xəbərdaram. Bir nəfər gətirin ki, onunla üzləşim və mənimlə şeir yarışına çıxsın. Nəinki yerli şairlərin, hətta xarici şairlərin şeirləri ilə o insanı hərtərəfli bağlayaram. Mikayıl şeir də deyir, şeir də yazır. Mikayıl şeiri yazanda heca vəznində yazır, yazdıqları da rədifə düşür. Ağzına gələni yazmır. Onlar gəlsinlər mənimlə elm mübadiləsi aparsınlar. Görək mənimlə bacara biləcəklərmi, buna gücləri çatacaqmı? İstər şeirdən, istər romandan, istər müxtəlif sahələrdən. Məni tənqid edənlər oxuduqlarımın 5 faizini oxumayıblar. Mən Aydın Dadaşov və onun kimi dahi sənətkarlardan dərs almışam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini qırmızı diplomla bitirmişəm.

- Gördüyümüz qədəri ilə, verilişlərinizdə tamaşaçı qıtlığı yaşamırsınız. Tamaşaçıları auditoriyaya necə cəlb edirsiniz?

- Sonuncu dəfə birinci gün efirə gedən verilişimizdə 530 nəfərdən çox tamaşaçı bizi canlı şəkildə izləmək üçün telekanalın qarşısına toplaşmışdı. Mən heç zaman əyri danışmamışam. Gəlib araşdıra da bilərsiniz. Yerimiz məhdud olduğundan 100 nəfərdən çox tamaşaçıdan üzr istəyib onları geri qaytarmışam. O insanları mən dəvət etməmişəm, özləri öz istəkləri ilə verilişə gəliblər. Mənim verilişim 12 tamamda qurtarır. O 530 nəfərin əksəriyyəti müxtəlif bölgələrdən - Ağsudan, Bərdədən, Tərtərdən gəlib. Onların bəzisi yaşadıqları bölgədən elə birbaşa olaraq mənim verilimə gəlib. Sizcə, bu xalqın sevgisi deyil, nədir? Niyə belə haqsız danışırlar? Günah deyilmi? Mikayıl özünə heykəl qurmur. Günün günorta çağı nümayiş olunan verilişlər 15 nəfərdən çox tamaşaçı toplaya bilmir. Vallah, verilişimə gələn tamaşaçıların heç birini tanımıram. Tərtərdən nə qədər tamaşaçı gəlmişdi. Mən heç tərtərli də deyiləm. Ömrümdə cəmi bircə dəfə Tərtərdə olmuşam. Ağsunun yolunu tanımıram. Bunu niyə görə başqa səmtə yozurlar. Mikayıl qulağına sırğa taxıb qırmızı şalvar geyinmir, nazlana-nazlana efirə çıxıb veriliş aparmır. Naz-qəmzə ilə verilişə çıxıb veriliş aparan insanlar, qulağımla eşitmişəm, məclislərdə deyirlər ki, "Mikayıl da özünü aparıcı sayır". Bəli, Mikayıl xoşbəxtdir ki, onu bəzi azlıqlar bəyənmir. Çünki mən kişi əqidəli insanam. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılın verilişi pisdir. Çünki mənim verilişimə uşaqlar da, analar da, atalar da baxa bilərlər. Mən verilişimdə göstərmirəm ki, ay kişilər, nazlanın. Bilmirəm, niyə bizim bəzi kişi aparıcılar efirdə nazlanırlar. Kişi hara, nazlanmaq hara?

- Deyirlər ki, bu televiziya layihəsi ilə palatka toyları arasında sərhəd itib.

- Onu deyən qələt edir, başını daşa döyür. Nə ürək sözləri varsa, gəlib üzümə desinlər. Bu, pəl vurmaqdır, ev yıxmaqdır. Nə olar ki, can deyib, can eşitsəniz? Dünyada insana yaxşılıqdan başqa nə qalır ki? Heç kim deyə bilməz ki, Mikayıl kiməsə acı söz deyib. Hamı Allaha bir can borcludur. Qoy hamı deyib-gülüb şənlənsin. Məgər deyib-gülmək, şənlənmək toyxana deməkdirmi? Məgər siz el şənliklərinə gedəndə şənlənib oynamırsınızmı? Burada qəbahətli heç nə yoxdur.

- Sizi tez-tez el şənliklərində tamada kimi də görürük. Tamadalıq aparıcılığınıza təsir edir?

- Qurban olaram Azərbaycanıma və onun adətlərinə. Məni hörmətlə qarşılayıb, hörmətlə yola salırlar. Bəziləri isə verilişimdə hər dəfə tərkibi yenilənən 530 nəfərə hörmətsizlik edirlər. Bu o deməkdir ki, onlar öz xalqına hörmətsizlik edirlər. Ayıbdır... Mənim verilişimdə Nəriman dayı kimi əzbərçi simalar yoxdur. O tip tamaşaçılar yoxdur. Elə verilişlərim olub ki, televiziyanın həyətində 1000-dən çox tamaşaçı olub. Mən onları pullamı çağırmışam? Onların heç biri nə mənim qohumumdur, nə də ki tanışlığım var. Əgər tamaşaçı məni sevib verilişimə gəlirsə, burada əlavə sözə ehtiyac yoxdur.

- Özünüz bir aparıcı kimi hansı layihələri bəyənirsiniz?

- Bir aparıcı kimi Zaur Baxşəliyevin layihəsini çox bəyənirəm. Mənə gəlincə isə, hələ ki "Sevimli şou"nu davam etdirəcəm. Ola bilsin, gələcəkdə başqa bir layihə üzərində işləyim.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.