Şou-biznes

"Bu sənətdə bir az həyasız və dilli olmalısan" - FOTO

1 Aprel 2015 16:34
1 Şərh     Baxış: 4 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Leyla Babayeva: "Fonoqramla oxuyanda elə bilirəm ki, hər kəs mənə baxıb gülür"

Müsahibimiz "İntizar", "Ürək", "Bidari" mahnıları ilə tanınan gənc ifaçı Leyla Babayevadır. O, hazırda Türkiyədə çəkilən, Aynur Hacıyevanın aparıcılıq etdiyi "Körpü-şou" verilişində ifaçı qismində çıxış edir. Türk və yerli sənətçilərimizin iştirak etdiyi bu verilişdə xalq mahnılarımıza üstünlük verən Leyla Babayeva "Kaspi"nin qonağı oldu. İfaçı bizimlə söhbətində yeni layihələrindən və iştirak etdiyi verilişdən danışdı.

- Leyla xanım, bildiyimiz qədəri ilə "Körpü-şou"-nun çəkilişləri İstanbulda aparılır. Bu sizin işinizə maneçilik törədirmi?

- Elədir, "Körpü-şou" İstanbulda çəkilir. Əslində həm gedib-gəlmək, həm də buradakı işlərimi idarə etməkdə bir qədər çətinlik çəkirəm. Mənim daimi iş yerim buradadır. Belə ki, tədbirlərə, el şənliklərinə getdiyim üçün hər ikisinə vaxt catdırmaq çox çətindir.

- İstanbula getmişkən Türkiyə şou-biznesinə qatılmağı düşündünüzmü?

- Əslində verilişdə iştirak edən türk sənətçiləri də bu sualı mənə ünvanlamışdılar. Ümumiyyətlə, Türkiyədə tanınmaq çox çətindir. Biz öz vətənimizdə belə səsimizi eşitdirmək üçün çox çətinlik çəkirik. Türkiyə böyük ölkədir. Böyük olduğu qədər də əhalisinə görə gözəl səsli ifaçıları çoxdur. Hesab edirəm ki, mən tərəfdən belə bir addım atmaq heç də ağıllı hərəkət olmazdı. Mən burada yaşayıram və qazanc yerim də Azərbaycandır. Klassik retro janrında mahnıları sevirəm və o tip mahnıları ürəklə oxuyuram. Düzdür, öz repertuarımda müxtəlif janrlı mahnılara da yer ayırıram. Ancaq bu üslubda olan mahnılar məni özünə daha çox cəlb edir. Mənə elə gəlir, o mahnıları bizdən başqa heç kim yaxşı başa düşə bilməz. Həmin mahnıları Türkiyədə və yaxud başqa bir ölkədə ifa etsəm, yerli dinləyicilərimiz kimi heç kim dərindən anlamayacaq.

- İndi hər hansı bir layihə üzərində çalışırsınızmı?

- Hazırda yeni bir prodakşnla söhbətlərimiz gedir. Qismət olarsa, yaxın zamanlarda onlarla yeni işbirliyinə başlayacağıq. Əgər sözügedən prodakşınla işbirliyimiz alınsa, yeni mahnılar və kliplər hazırlanacaq. Hələ müqavilə imzalanmasa da, razılaşma əldə etmişik. Bir az işlərin çoxluğundan bu aralar yeni mahnılara vaxt ayıra bilmirəm.

- Nə üçün klipləriniz azdır?

- Nəyisə ərsəyə gətirirəmsə, onun mükəmməl olmasını istəyirəm. Mükəmməl olmursa, onda heç olmamağı daha məsləhətdir. Çox keyfiyyətli klip də özü qədər pul istəyir. Əgər klip çəkdirirəmsə, onun süjet xətti olmalıdır. Çox sadə də ola bilər, ancaq keyfiyyəti mütləq şəkildə üstün olmalıdır. Xaricdə artıq sadə kliplərə üstünlük verirlər. Studiyada hansısa musiqiçilərlə canlı ifa edilən musiqi roliklərini izləməyi çox sevirəm. Orada həm ifaçıları, həm də müğənnini təbii şəkildə izləyə bilirsən. Bir sözlə, təbiiliyi sevən insanam.

- Tanınmaq üçün bütün imkanlara sahibsiniz. Güclü səsiniz, gözəl görünüşünüz və özünüzü dolandıra biləcək biznesiniz var. Belə olan halda, nə üçün kifayət qədər tanınmırsınız?

- Bunun günahını heç kimdə görmürəm. Hər şey insanın özündən asılıdır. Tanınmamağımın 90 faizinin günahını özümdə görürəm. Efirlərə çıxmaq və tanınmaq üçün o qədər də can atmıram. Mənim buna heç həvəsim də yoxdur. Gündəmdə olan verilişlərdən dəvətlər alıram. Ancaq sırf efirdə olmaq, görünmək üçün efirə çıxmaq istəmirəm. Çox nadir hallarda ürəyim istəyən verilişlərdə iştirak edirəm. Hansı ki, iştirak edəcəyim verilişdə sözümü musiqi vasitəsi ilə deyə bilərəm.

- Televiziyalar sizi pul müqabilində verilişlərə dəvət edir?

- Bəzi kanallar var ki, orada pulsuz müğənnilər siyahısına daxiləm. Ancaq efirin özündən gəlməsə də, pullu verilişlər üçün prodüserlər tərəfindən təkliflər gəlir. Həmin verilişlərə getməkdən imtina edirəm. Düşünürəm ki, o pulu hansısa bir musiqiyə yatırıb, onu mükəmməl şəkildə aranjeman etdirə bilərəm. Verilişə çıxıb efirdə görünmək üçün verdiyim pula heyfim gəlir. Bunu lazımsız və israfçılıq hesab edirəm.

- Telekanallarda ekspert kimi çıxış etmək üçün dəvət almısınızmı?

- Telekanallar ekspert qismində daha çox tanınmış ifaçılara müraciət edirlər. Onları da qınamıram. Verilişin təşkilatçıları, prodüserlər xalqın nəbzini tutmağa çalışır. Çünki tamaşaçılar şouya, qalmaqala daha çox baxır. Bu günün tamaşaçısı intriqaya daha çox meyillidir. Sanki insanlar başqalarının həyatı ilə maraqlanmağı xoşlayır. Elə insan var ki, öz problemini unudur və başqasının problemini izləyir. Bununla rahatlıq tapır. Çünki bu onun üçün özündən daha maraqlıdır. Ona görə də televiziyalar və qalmaqla meyilli olan verilişlərə qarşı heç bir kinim yoxdur.

- Leyla Babayeva özünü şou-biznes nümayəndəsi hesab edirmi?

- Özümü şou ifaçısı hesab etmirəm. Bu mənim daxilimdən gələn hissdir. Özümü biznesdə görsəm də, şouda görə bilmirəm. Mən sənət biznesindəyəm. Əslində mənim xasiyyətimlə sənətim heç uyğun gəlmir. Xarakter olaraq tam fərqli insanam. Adətən xarakterlə sənət düz gəlməyəndə çox da uğur qazana bilmirsən. Müğənnilik elə bir sənətdir ki, sən burada şou göstərməlisən, komplekslərindən uzaqlaşmalısan. Bir qədər də həyasız və dilli olmalısan (gülür). Neyləyim ki, bu xüsusiyyətlər məndə yoxdur. Buna baxmayaraq, özümü xoşbəxt hesab edirəm ki, çoxsaylı dinləyicilərim var. Bəzi müğənniləri dinləyicilər efirdə olduqları üçün dinləyirlər. Məşhur olmasam da, kifayət qədər izləyicim və dinləyicim var. Özümü bu sənətdə o qədər də uğursuz saymıram. Bu sənətə gəlməyimlə qısa müddətdə yüksək səviyyəli tədbirlərdə oxuyub, peşəkar bəstəkarlarla çalışıram. Çalışdığım qədər işimi səviyyəli şəkildə görürəm.

- Toy biznesi şou-biznesdən daha çətindir deyirlər. Çünki toy biznesində hər şey canlıdır. Siz necə düşünürsünüz?

- Bu fikirlə razı deyiləm. Hər bir işin öz çətinliyi var. Mənim oxuduğum mahnılar başqaları üçün çətin gələ bilər. Misal üçün, şou göstərmək mənim üçün daha çətindir. Çünki şou mənlik deyil. Fonoqram oxuyanda özümü çox narahat hiss edirəm. Hətta yarım saatlıq tədbirlərə gedəndə belə, fonoqramı utanaraq ifa edirəm. Elə bilirəm ki, hər kəs mənə baxıb gülür. O zaman özümü çox narahat hiss edirəm. Çalışıram ki, aktyorluq edim ki, heç kim fonoqram oxuduğumu hiss etməsin. Məclisdə iştirak edənlər bilir ki, sən fonoqram oxuyursan. Fonoqram oxumağı sevmirəm. Canlı musiqiçilər olmasa, oxumağa çətinlik çəkirəm. Hətta indiyə kimi studiyada yazdırdığım mahnılarımın heç birindən razı deyiləm. Çünki studiyada oxuya bilmirəm, mən səhnədə canlı oxumağa öyrənmişəm. Studiyada mahnını olduğu kimi ifa edə, onu canlı oxuduğum şəkildə çatdıra bilmirəm. Canlı musiqi ilə işləməyə öyrənmişəm. Müğənni də var ki, əksinə, studiyada elə gözəl oxuyur ki, canlı musiqi ilə oxuya bilmir. Mən studiya müğənnisi deyiləm.

- Özəl həyatınız necədir? Ailəlisinizmi?

- Ailəli deyiləm. Bir övladım var. Həyatimin mənası olan oğlumun 18 yaşı var. Musiqiyə böyük maraq göstərir. Özü özlüyündə mahnı yazıb, aranjeman edir. Hərdən də rep deyir (gülür). Bu işlə hobbi olaraq məşğul olur. Hazırda İranda Tehran Universitetində kompyuter ixtisasında təhsil alır. Çox istəyirəm ki, özünə uğurlu bir yol seçib, o yolda möhkəm addımlarla irəliləsin. İstəyirəm ki, oğlum da ürəyi istəyən insanlarla işini peşəkar səviyyədə qursun.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.