Şou-biznes

“Mən müğənniləri demirəm, heç olmasa kasıb təbəqəni-yəni aktyor-aktrisaları düşünsünlər”

9 Dekabr 2021 12:54
0 Şərh     Baxış: 1 484

Milli.Az xəbər verir ki, əməkdar artist Kübra Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
 
- Kübra xanım, əvvəllər teatra gedib-gəlirdiniz, indi isə aparıcı Elgiz Əkbərin verilişində sizi daha çox ekspert qismində görürük. Özünüz ekspert olmaq istədiniz?
 
- Bilirsiniz ki, mən çox vaxt Türkiyədə olurdum. Pandemiyanı demək olar ki, mən orada qaldım, 90 gün evdən çölə çıxmadım. Müharibə başlamazdan bir gün əvvəl, yəni sentyabrın 26-da Bakıya gəldim və daha sonra qorxdum getməyə. Çünki biri var öz vətənimdəyəm,  biri də var ailəmdən kənarda. Mən hətta xərçəng xəstəliyinə tutulanda da Azərbaycana gəlib xəstəliyimi öz həkimlərimizə həvalə etdim. Evdə oturub nə edəcəkdim ki? İnsan gərək yaşa dolanda bir işlə başını qatsın. Teatrlar da qapalı idi, yaşım 73-ə çatıb, gedib orada işləyəsi də deyildim. Bilirsiniz ki, mən çıxdığım yerə geri dönmərəm. 42 il teatrda çalışdım, xəstəliyimə bağlı sonra oranı tərk etdim. Düşündüm ki, "Kübra dur" deməyin zamanıdır! Mən xalqın içərisində olan insanam, bazarlığımı da özüm edirəm, hər işin arxasında özüm qaçıram. Tamaşaçılar hər zaman deyirdilər ki, Kübra xanım, sizi görmürük, səsinizə həsrətik. Sonra Elgizin verilişinə ekspert qismində getdim. Həftəiçi həmin verilişdə oluram. Bir növ tamaşaçıların görüşünə gəlirəm. Elgiz həmin verilişdə insanlara köməklik göstərir. Mən Elgizin verilişindəki həkimlərə  çox inanıram, ona görə də qızımı onlara həvalə etdim. Onlar mənim qızımı əməliyyat etdilər. Sizin vasitənizlə Arb kanalına, Elgizə təşəkkürlərimi bildirirəm ki, onlar məni öz ailələrinə qəbul ediblər.
 
- Sizcə sənətkara teatrda çalışmağa yaş həddi mütləqdir?
 
- Bir vaxtlar mən cavan qız idim, teatrda çalışırdım. Televizorda tez-tez Leyla Bədirbəylini görürdüm, teatrdan da uzaqlaşmışdı, evdə idi. O verilişlərə baxıb deyirdim ki, görəsən Leyla xanım niyə teatra gəlmir, amma televizora çıxır? Bu gün həmin həyatı artıq özüm yaşayıram. O ki, qaldı sənətkarın teatrdakı yaş həddinə. Məncə düzgün deyil. Ağasadıq Gəraybəli 91 yaşında gözlərində problem ola-ola səhnəyə çıxıb. Amma mən teatrdan özüm ayrılmışam. Mən teatrdan ayrılmasaydım, xərçəng artıq metastat verirdi. Demək ki, Allah belə məsləhət görüb.
 
- Bu gün bir Kübra Əliyeva, Siyavuş Aslan, Yaşar Nuri yetişdirmək üçün neçə il lazımdır?
 
- Bizi yetişdirmək üçün gör nə qədər illər lazımdır. Biz əziyyətlərlə sənətə gəlmişik. Teatr sənəti çox çətindir, müğənni deyilik ki, toylara gedib qucaq-qucaq pul qazanaq. Allah müğənnilərin də başlarından töksün. Biri var kinoya çəkilirsən, nələrsə qazanırsan, mən heç kinodan da qazanmamışam. "Şirbalanın məhəbbəti" filmində baş rolda çəkildim, o vaxtın pulu ilə 120 rubl qonorar verdilər. Buna bilirsən nə qədər sevinirdik. Biz teatr sənətçiləri az miqdarda qonorarla dolanmışıq. O vaxt yadımdadır, bir dövlət televiziyamız var idi. Müxtəlif bayram verilişlərində iştirak edib, qonorarımızı alırdıq. Bəzi televiziyalara deyəndəki bizi çağırırsınız, qonorar verin, o dəqiqə inciyirlər. Nədən inciyirsiniz? Siz o qədər həkimləri, məhsulları reklam edirsiniz, aktrisaya niyə qonorar ödəməməlisiniz? Mən müğənniləri demirəm, heç olmasa kasıb təbəqəni-yəni aktyor-aktrisaları düşünsünlər. Çünki bizim ora getməyimiz, geyinməyimiz, bəzənməyimiz hamısı puldur.
 
- Gənc sənətçilərimiz tənqidi qəbul edirlər?
 
- Vallah mən gəncləri tənqid etməmişəm. Bir dəfə birinə dedim ki, təhsil alıb, universitet oxumaq lazımdır. Bu dəqiqə gənclərə söz demək olmur, heç özümə rəva da bilmirəm. O vaxt gənc olanda bizdən böyük sənətkarlara hörmət, sayğı göstərirdik.
 
- Nəsibə xanımın obrazlarına qarşı çox qısqanc münasibəti olub, amma siz teatra gələndə öz oynadığı rolları sizə həvalə edib. Bu doğrudur?
 
- Nəsibə xanım 3 obrazını mənə həvalə edib. "Həyətim mənim, həyatım mənim" tamaşasında mənə görə Musiqili Teatrı təbrik etdilər. Mən Nəsibə xanıma dublyor idim, istəsəydi özü oynayardı da. O şəraiti, imkanı mənə bir neçə tamaşada yaradıb. Mənim Nəsibə xanıma çox böyük hörmətim var idi. Ona teatrda hamı "məmə" deyirdi. Nəsibə xanım qrim edəndə oturub saatlarla ona baxırdıq. Onun qrimi həqiqətəndə böyük bir sənət idi. Etdiyi qrimin sayəsində cavanlığında qoca, qocalığında cavan olurdu. Onun kimi böyük sənətkarı unutmaq olmaz!

Milli.Az
 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.