Rusiya

Moskvanın gizli nüvə sığınacağından REPORTAJ - FOTO

17 İyun 2024 14:02
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynaya görə Rusiya ilə Qərb arasında uzun müddətdir davam edən gərginlik Rusiyanı nüvə silahı əleyhinə sığınacaqları hazır vəziyyətə gətirməyə sövq edib. Belə ki, ölkə ərazisində Soyuq müharibə dövründən qalma nüvə sığınacaqlarını bərpa etmək üçün iş aparıldığı barədə məlumatlar yayılıb.

Milli.Az bildirir ki, APA-nın Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərov Moskvanın mərkəzində yerləşən Soyuq müharibə dövründən qalma və bu yaxınlarda bərpa olunan mülki nüvə sığınacaqlarından birində olub.

Əməkdaşımızın hazırladığı xüsusi reportajı təqdim edirik.

52 il bundan qabaq inşa olunan nüvə sığınacağı

Moskvanın mərkəzi... "Moskva City"dəki göydələnlərin arxası... Mantulinskaya küçəsində nəzərə çarpmayan bir yerdə boz rəngli "budka", üzərində "Sığınacağa giriş" yazısı olan qapı...Nə vaxtsa bu ərazidə şəkər emalı zavodu olub. İndi zavod yoxdur, nüvə müharibəsi olacağı təqdirdə onun üçün tikilmiş sığınacaq isə salamatdır.

1972-ci ildə tikilən bu gizli bunkerdə nüvə müharibəsi zamanı mülki əhalini xilas etmək və kütləvi qırğın silahlarından qorumaq üçün bütün vasitələr mövcuddur.

Pilləkənlərdən yeddi metr aşağı... Və biz yerin altındayıq. Məkanda hava quru və istidir. Mobil rabitə isə işləmir. İlk baxışda on illərlə tərk edilmiş zirzəmiyə bənzəyir.

Qarşımızda nüvə sığınacağının çəkisi bir neçə ton olan germetik mühafizə qapısıdır. Sığınacağa daxil olmaq üçün bu qapıdan keçmək lazımdır. Qapını güclə aralayıb, bunkerə daxil oluruq... Qapı həqiqətən çox ağırdır.

Sığınacağın quruluşu kəpənəyə bənzəyir: iki bloklu, qanadlar kimi simmetrikdir.

Şəkər emalı zavodu üçün niyə nüvə sığınacağı tikilmişdi?

Biz hazırda yeddi metr dərinlikdəyik. Bu, nüvə silahından tam qorunmaq üçün kifayət qədər normal dərinlik hesab olunur. Qeyd edim ki, hazırda olduğumuz sığınacaq 1972-ci ildə istifadəyə verilərkən ancaq Mantulin adına şəkər emalı zavodunun işçilərini qorumaq üçün nəzərdə tutulub. Çünki şəkər zavodu ikili strateji əhəmiyyətə malik olub. Həm strateji vacib qida istehsalı müəssisəsi kimi, həm də müharibə zamanı şəkər istehsalının mütləq olmasına görə...

SSRİ-nin süqutundan sonra baxımsız vəziyyətə düşən gizli "bunker"

Sığınacaq 2000-ci illərin əvvəlinə kimi fəaliyyət göstərib. Lakin 2010-cu ilin ortalarında Mantulin adına şəkər zavodu fəaliyyətini dayandırandan sonra zavodun yerində yaşayış kompleksi inşa olunub. Sığınacaq isə praktiki olaraq baxımsız vəziyyətə düşüb.

Nüvə sığınacağının əməkdaşı Pyotr Yefimenko bildirib ki, uzun illər baxımsız vəziyyətdə olan sığınacaq bu ilin yanvar ayından bərpa olunub və yenidən fəaliyyətə başlayıb: "Olduğumuz bu məkan Soyuq müharibə dövründə inşa olunmuş nüvə silahı əleyhinə sığınacaqdır. Belə sığınacaqlar demək olar ölkədə fəaliyyət göstərən bütün strateji zavodların ərazisində inşa olunub".

Soyuq müharibənin gizli "bunker"i yenidən dirçəlir

Sığınacaq Moskvanın digər gizli bunkerləri ilə rabitə əlaqəsi sistemləri, komanda məntəqəsi, radioaktiv və kimyəvi zəhərlənməni ölçən cihazlarla, tibb otağı, bir sözlə, nüvə təhlükəsindən qorunmaq üçün bütün vasitələrlə təchiz olunub.

Nüvə təhlükəsi həyəcanı siqnalı...

Əgər nüvə müharibəsi elan olunarsa, sığınacağın məsul əməkdaşları tərəfindən həyəcan siqnalı veriləcək. O zaman təxliyə olunmayan əhali məhz Moskvada sayı iki mindən çox olan mülki nüvə sığınacaqlarına yerləşdiriləcək.

"Bəzən elə hesab edirlər ki, sığınacaqda insanlar uzun müddət yaşayırlar. Nüvə müharibəsi başlayır, insanlar sığınacağa düşürlər və müharibə bitənə kimi orada qalırlar. Əslində isə elə deyil. Sığınacağa ancaq nüvə zərbəsi təhlükəsi elan edilən, həyəcan siqnalı verilən zaman insanlar yerləşdirilir və maksimum iki sutka orada qalırlar. Bu həyəcan siqnalı qurğusu Rusiyanın bütün böyük şəhərlərində var və hər bir şəhərdə vahid komanda məntəqəsindən idarə olunur. Yəni, hər bir sığınacaqdan ayrıca həyəcan siqnalı verilmir", - bizi sığınacaqla tanış edən Yefimenko bildirib.

Dinc dövrdə nüvə sığınacağında olub, həyəcan siqnalının səsini eşitmək, "Pusk sirenı" yazısı olan lampanın yanıb sönən işığını müşahidə etməyin özü belə vahiməlidir.

Radioaktiv və kimyəvi zəhərlənmədən qoruyan unikal havalandırma sistemi

Kütləvi qırğın silahının tətbiqi zamanı sığınacağın ən mühüm hissəsi onun havalandırma sistemidir. Nüvə partlayışından sonra radioaktiv tozdan qorunmaq üçün sığınacaqdakılar məhz orada quraşdırılan havalandırma sisteminin hesabına təmiz hava ilə nəfəs ala bilirlər. Sığınacağın çox unikal havalandırma sistemi mövcuddur. Belə ki, həmin sistem həm elektriklə, həm də elektriksiz çalışır.

Moskvanın enerji sistemində problem yaranacağı təqdirdə belə, yəni, şəhərin elektrik sistemi partladılaraq sıradan çıxarılsa belə, sığınacağın havalandırma sistemi çalışacaq, çünki havalandırma sistemi əllə hərəkətə gətirilən elektro ventilyatorlarla təchiz olunub.

Əleyhqazlar, körpələri radiasiyadan qoruyan xüsusi filterli qutular...

Sığınacaqdakı bütün texnikalar işlək vəziyyətə gətirilib. Nüvə partlayışı zamanı radioaktiv tozdan qorunmaq üçün bunker əleyhqazlarla təchiz olunub. Burada hətta uşaqlar üçün kiçik ölçülü əleyhqazlar, eləcə də körpələr üçün xüsusi hazırlanmış filterli qutular yerləşdirilib.

Yefimenkonun sözlərinə görə, əgər insanlar nüvə hücumundan sonra sığınacağa daxil olarlarsa, o zaman onların sığınacağı radioaktiv çirklənməyə məruzə qoyması təhlükəsi nəzərə alınır və həmin insanların üst geyimi yüksək təzyiq altında xüsusi maddə ilə yuyulur: "Radioaktiv tozdan tam yuyunduqdan sonra insanlar sığınacağa buraxılır. Başqa cür mümkün deyil".

Əgər sığınacağın əsas çıxışı nüvə partlayışından sonra dağılarsa, o zaman qəza çıxışından istifadə olunur. Havalandırma şaxtası vasitəsi ilə sığınacaqdakılar qəza çıxışından qalxaraq bunkeri tərk edirlər.

Nüvə sığınacağında "Yeraltı Moskva" adlı muzey ekspozisiyası da yaradılıb. Belə ki, burada Rusiya paytaxtının yeraltı hissəsi, "Moskva metropoliteni", yeraltı çayları birləşdirən kanallar, eləcə də Kremldən Moskvanın kənarına kimi uzanan yeraltı yolun əks olunduğu xəritə də nümayiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.