Siyasət

Bu ərazilərdə qaydaları Azərbaycan qoyur - İran qəbul etmirsə ...

13 Sentyabr 2021 16:18
Baxış: 5 485

"Yükdaşımalar beynəlxalq praktikadır. Təkcə Azərbaycan və bizim bölgəmizdə yox, digər regionlarda tətbiq olunan praktikadır, təcrübədir".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinə başqa bir ölkədən yükdaşıma reallaşdırılırsa, onlar da müxtəlif rayonlarımıza, regionlaımıza daxil olan yüklərin rəsmiləşdirildiyi qaydada sənədləşdirilməlidir:

"İki növ yüklər var. Hansı ki, ya xarici ölkədən bu və digər ölkəyə daxil olan yüklərdir, ya da tranzit yüklərdir. Hər iki yükdaşımalara görə müəyyən prosedurlar, qaydalar tətbiq olunur. Xüsusi ilə də tranzit yükdaşımalarla bağlı xüsusi prosedurlar, beynəlxalq normativ bazadan istifadə etmək şərti ilə qaydalar tələb edilir. Azərbaycan sadəcə olaraq bu beynəlxalq prosedurları tətbiq etmək niyyətindədir və digər ölkələri buna riayət etməyə dəvət edir. Bununla bağlı Azərbaycan hansı addımlar ata bilər?! Məlumat yayılır ki, burada Daxili İşlər Nazirliyinin postları qərarlaşıb. Amma mən düşünürəm ki, onlar üçün bu bölgədə gömrük postları da tətbiq olunmalıdır. Sərhədçilər və gömrükçülər necə ki, Azərbaycanın digər regionlarındakı sərhədlərdə birgə fəaliyyət göstərirlər, burada da birgə fəaliyyət göstərməlidirlər və bu tranzit yükdaşımalara görə xüsusi qaydalar tətbiq olunmalıdır.

O ki qaldı, ölkənin daxilindəki hər hansı bir şəhərə, qəsəbəyə, regiona yüklər daxil olursa, onlar yenə də məlum qaydalara riayət etməlidirlər və statistik rəqəmlərdə, hesabatlarda öz əksini tapmalıdır. Bu da xarici ticarət dövriyyəsi ilə bağlı olan məsələlərdir, elə götürək İranın özü ilə. Azərbaycanın müxtəlif rayonlarına, regionlarına daxil olan yüklər rəsmiləşdirilir və bu rəqəmlər son nəticə etibarı ilə rəsmi ticarət dövrüyyəsi statistikasında yer alır. 

Qarabağın dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu əraziyə daxil olan yüklər yenə də həmin qaydalarla şərtləşdirilməlidir və bizim rəsmi statistikada öz əksini tapmalıdır. Bunun qaydası belədir, istəyən belə də qəbul etməlidir, istəməyənin də öz problemidir. Amma bunu beynəlxalq təcrübə və qayda-qanunlar belə tələb edir. Bizim yeri gəlmişkən İranla da, Rusiya ilə də xarici ticarət mübadiləsi və tranzit yükdaşımaları müəyyən qaydalar əsasında aparılır. Həmən bu qaydalar əgər Azərbaycanın başqa regionları ilə sərhəd məntqələrində tətbiq olunursa, burada niyə tətbiq olunmamalıdır?! Bilirik ki, Rusiyadan İrana, İrandan Rusiyaya Azərbaycan vasitəsi ilə müxtəlif tranzir yükdaşımalar həyata keçirilir. Eyni zamanda Azərbaycana Rusiyadan da, İrandan da daxil olan yüklər çoxdur. Hamısı rəsmiləşdirilir və müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Burada da vəziyyət eyni olmalıdır". 

Qeyd edək ki, II Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. Müharibə başa çatdıqdan sonra "məzmunu bilinməyən" yüklər İrandan Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına çatdırılır. Son üç ayda Laçın dəhlizi ilə 80-dən çox yanacaq və digər, əsasən bilinməyən yüklərlə dolu yük maşınları keçib. Nə İran, nə də Ermənistan Azərbaycan tərəfindən, o cümlədən azad edilmiş Qarabağda yerləşən Azərbaycan qoşunlarının komandanlığından bununla bağlı icazə almayıb.

Eyni zamanda Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində, xüsən də sosial şəbəkələrin erməni seqmentində Gorus-Qafan yolu ilə keçmək üçün İran İslam Respublikasının və ya Ermənistanın istənilən yük maşınının 221 manat məbləğində gömrük rüsumu ödədiyi iddialarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.