Siyasət

Qarabağda növbəti müharibə qaçınılmaz ola bilər - Aranı qızışdırmaq istəyirlər...

16 Aprel 2021 15:52
Baxış: 4 382

Ermənistanın 30 illik işğalı dövründə münaqişənin həlli yolunda daşı daş üstə qoymayan beynəlxalq təşkilatlar və digər aidiyyatı qurumlar 44 günlük müharibədən sonra dəridən-qabıqdan çıxmağa başlayıblar. Belə təşkilatlardan biri kimi heç şübhəsiz ki, Qarabağa dair 28 ilə yaxın davam etmiş danışıqlar prosesində ən zəif həlqələrdən hesab edilən Avropa İttifaqını misal çəkə bilərik. Aİ vaxtı ilə Ermənistan, Gürcüstan və Azərbaycanla bağlı "Şərq tərəfdaşlığı" proqramını irəli sürsə də bu illər ərzində regionun və bölgənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin bir neçə dəfə hansısa formada nizamlama prosesinə cəlb olunmaq cəhdləri göstərsə də heç bir rol oynaya bilmədi. Bu cəhdlər ittifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndələrinin ara-sıra sıradan verdikləri bəyanatlardan ibarət oldu ki, nəticə etibarı ilə bu da münaqişənin sülh yolu ilə həlli məsələsini dalana dirədi.

Azərbaycan Ordusunun erməni işğalına müharibə yolu ilə son qoymasından sonra ATƏT-in Minsk Qrupu başda olmaqla digər beynəlxalq oyunçuların postmüharibə dövrünə adaptasiyada çətinlik çəkdikləri diqqətdən qaçmır. Nüfuzlu bir təşkilatın Prezident İlham Əliyevin az qala hər çıxışında qeyd etdiyi "Qarabağ aranlı, dağlı Azərbaycanındır", "münaqişə başa çatıb", "Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradıla bilməz", "Status məsələsi gorbagor oldu" reallığını qəbullanmaqda çətinlik çəkməsi onun obyektivlik, ədalətlilik prinsiplərini ciddi şübhə altına alır. 

Belə olmasaydı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar separatçı rejimin qondarma XİN rəhbəri David Babayanla görüşünə belə əhəmiyyət verməzdi. Yoxsa Avropa İttifaqı Azərbaycanın II Qarabağ müharibəsi nəticəsində məhv etdiyi "artsax" mifologiyasının təsirindən ayıla bilmir? 

Bu azmış kimi görüş zamanı David Babayan "artsax"dakı müharibə nəticəsində yaranan humanitar vəziyyətlə bağlı hesabatı xüsusi nümayəndəyə təqdim edib, müharibədən sonra yaranan böhranın aradan qaldırılması ilə bağlı məsələlər müzakirə edilib. Axı hansı üzlə, axı hansı "artsax"dan, hansı "respublikadan", hansı "xarici işlər nazirindən" söhbət gedə bilər? Məgər Brüsseldə Azərbaycan ərazilərinin ermənilər yaşayan və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə artıq belə ifadələrin yazıldığı lövhələrin aqibətini görmürlər? 

Babayanın beynəlxalq ictimaiyyətin Ermənistanın bütün "hərbi əsirlərini"  Azərbaycanın geri qaytarması üçün təzyiq göstərməsini tələb etməsi isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə rəsmi Bakının beynəlxalq humanitar hüquqa və insan haqlarına açıq şəkildə qarşı çıxdığı barədə şikayət etməsi müharibənin ermənilərə şizofreniya qədər ağır psixi zərbə vurduğunu sübut edir. Azərbaycan Qarabağ münaqişəsinin hərtərəfli və yekun həlli kontekstində yekun addımı atsa da bu görüş zamanı Toyvo Klaar qondarma rejimin diplomatı ilə tərəflərin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqların bərpa olunmasının vacibliyini vurğulayıb. 

Görünür Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində formal mövcudluğunu saxlamış, amma heç İrəvanın özündə də ciddi qəbul olunmayan qondarma rejimin qondarma "diplomatı" ilə görüşmək Avropa İttifaqının xüsusi nümayəndəsinin regionda postmüharibə dövründə Brüsselin öz mövcudluğunu nümayiş etdirmək baxımından lazım idi. Bu belədirsə, uğursuz cəhdlə yanaşı Avropa İttifaqının nüfuzuna çox ciddi zərbədir. Avropa İttifaqının xüsusi nümayəndəsinin bu cür təmasları rəsmi Bakı üçün qəbuledilməz və qeyri-etik davranışdan başqa bir şey deyil. Görünür, Qərb Cənubi Qafqazda sabitliyin, sülhün, stabilliyin tərəfdarı deyil. Çünki belə olmasaydı beynəlxalq təşkilatın Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində formal olaraq hələ ki, mövcudluğu qalan separatçı rejimin "diplomatı ilə" təmasa keçməzdi. Bu addım ancaq Ermənistandakı qüvvələrin revanşist əhval-ruhiyyəni qızışdırmağa xidmət edir ki, bu da Qarabağda növbəti müharibəni qaçılmaz edə bilər. 

Təhməz Əsədov

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.