Siyasət

"Ermənistan əsla revanş və qisas barədə düşünməməlidir" - ləyaqətsizlə mənəviyyatsızın söhbəti

6 Aprel 2021 11:20
Baxış: 2 351

Rusiyanın "Birinci Kanal" telekanalındakı "Pozner" proqramının qonağı Ermənistanın sabiq prezidenti Robert Köçəryan olub.

Təbii ki, proqramın müəllifi və aparıcısı Vladimir Poznerin suallarının tam əksəriyyəti Ermənistanın 44 günlük İkinci Qarabağ Müharibəsindəki tam məğlubiyyəti, kapitulyasiyası ilə bağlı idi.

"Müharibədə ağır məğlubiyyət, cəmiyyətin psixoloji sınması, onun parçalanması, hətta deyərdim uçurumlaşma, dərin apatiya və laqeydlik, iqtisadiyyatdakı problemlər, idarəetmədəki problemlər... Ermənistandakı indiki situasiyanı belə səciyyələndirərdim. Yəni elə bir sahə yoxdur ki, onun barəsində hansısa müsbət fikir yürüdə bilim. Heç olmasa səthi, nisbətən. Axı müharibədə uduzub ölkədə normal vəziyyətə necə nail olmaq mümkündür?", - Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Moskvaya işgüzar səfər edibmiş. Məqsədi, sən demə, Rusiyanın AFK "Sistema" investisiya şirkətinin direktorlar şurasının toplantısında iştirak etməkdir. Köçəryan bu şuranın üzvüdür.

Rusiya prezidenti Vladimir Putinlə görüşmədiyini deyən R.Köçəryan aparıcının "Putinlə danışdınızmı, müzakirə apardınızmı?" sualına cavab verməkdən yayınıb.

İkinci Qarabağ Müharibəsinin səbəblərindən bəhs edərkən Ermənistanın sabiq prezidenti bəyan edib ki, savaşın əsas səbəbi İrəvandakı indiki hakimiyyətdir. O hakimiyət ki, Azərbaycanla danışıqlar prosesini dalana dirədi, sürəkli təxribatlarla məşğul oldu.

"Ermənistan tərəfi anlaşılmaz tələblər irəli sürdü. Əvvəlcə danışıqları "sıfır nöqtəsi"ndən başlamağı təklif edib. Daha sonra Nikol Paşinyan danışıqlarda Dağlıq Qarabağın tərəf qismində iştirakını tələb etdi. Daha sonra bəyan etdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bundan sonra prosesin yeni postulatlarla yüklənməsi başlandı və hamıda belə təəssürat yarandı ki, erməni tərəfi danışıqlardan kənarlaşır. Bu, ağır danışıqlardakı məsuliyyətdən preventik gedişdi. Bu, ağır danışıqlara məsuliyyəti yanaşmadan qaçış idi. Eyni zamanda, son üç il ərzində Ermənistan ordusunun döyüş qabiliyyəti planlaşdırılmış şəkildə məhv edilirdi. Səbəb Ermənistanın indiki hökumətinin erməni ordusu qarşısında patoloji qorxusu idi. Onlar orduya inamsızlıqla və qorxu ilə yanaşırdılar. Ordunun rəhbərliyində "korrupsiyadan təmizləmələr" başladı. Döyüşkən komanda heyəti aktiv şəkildə əvəzləndi. 2,5 il ərzində Baş Qərargahın iki rəisi dəyişdirildi. Savaş zamanı Ermənistanın bir uğurlu əməliyyatı, bir udulmuş döyüşü olmadı. Uğursuzluq uğursuzluq dalınca idi", - R.Köçəryan söyləyib.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla bağlı mövqeyi barədə sualı R.Köçəryan belə cavablandırıb: "Nikol Paşinyanın başqa çıxış yolu yox idi. Müharibə 44 gün davam etdi. Bütün bu  günlər ərzində "biz qalib gəlirik" deyə erməniləri aldatdılar. Şokun da səbəbi bu idi. Hakimiyyət deyirdi ki, irəliləyirik. Mən bilirdim nə baş verir. Xəbəri olanlar bilirdilər. Amma əhalini elə kütləşdirmişdilər ki, imzalanmış üçtərəfli bəyanat Ermənistanda çoxları üçün şok oldu. Axı biz guya hücumda idik. Məlum oldu ki, sən demə, müharibə ərzində Ermənistanın bir uğurlu əməliyyatı da olmayıb".

"Ermənistanda hakimiyyətə gəlsəniz Qarabağda revanş barədə düşünməyəcəksiniz?" sualına Köçəryan belə cavab verib: "Ermənistanın və erməni ordusunun indiki vəziyyəti ağlı başında olan heç kəsə revanş barədə düşünməyə, sadəcə imkan vermir. Oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putinin təklifini Ermənistan tərəfi rədd etdi. Yəni müharibəni tam başqa nəticə ilə dayandırmaq olardı. Lakin Ermənistanın baş naziri belə məsuliyyəti boynuna götürmədi. Halbuki müharibədə uduzmağımız barədə Baş Qərargahın yazılı raportu vardı. Nəticədə oktyabrın 19-da itirə biləcəyimizdən on dəfə artıq itirdik. Üstəlik minlərlə həlak olan və yaralanan hərbçilər".

Robert Köçəryanın fikrincə, Ermənistana ən böyük təhlükə Türkiyədəndir: "Təhlükə ekzistensialdır, tarixidir. Ermənilər türkləri təhlükə sayırlar, türklər də erməniləri təhdid kimi görürlər. Qapalı sərhəd, diplomatik münasibətlərin olmaması da bununla bağlıdır. Sərhədlər açılarsa, Acariyada etdiyini Türkiyə Ermənistanda da edəcək".

R.Köçəryanın sözlərinə görə, Vladimir Putinin aktiv müdaxiləsi olmasaydı, Azərbaycan Qarabağa tam yiyələnəcəkdi.

O, iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə iki partiyadan ibarət blokun lideri qismində qatılacağını deyib. Köçəryan həmin partiyaların adlarını açıqlamayıb.

... Bu, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın "Pozner" proqramındakı cavablarının əsasları idi.

Ermənipərəstliyi qatı formatda olan Poznerin kimliyi bəlli. Köçəryanın kim olması kimi.

Proqram boyunca "erməni  soyqırımı", "Artsax", "Artsax Respublikası", "Dağlıq Qarabağ Respublikası" ifadələrini gen-bol işlədən V.Poznerin jurnalist obyektiviliyindən çox kənara çıxaraq siyasi əxlaqsızlıq və mənəviyyatsızlıq nümayiş etdirməsi acı mənzərə idi.

Müsahibə bir daha göstərdi ki, Ermənistanda hakimiyyətə qayıdışını Robert Köçəryan Rusiyanın birbaşa dəstəyi və müdaxiləsi olmadan təsəvvür etmir.

Və bütün bu vakxanaliya Rusiyanın əsas federal telekanalında yaşanır. Robert Köçəryan təki imbesil Rusiyadakı tamaşaçıların tam əksəriyyəti üçün tamamən maraqsız məxluqdur və rusiyalıların tam əksəriyyəti "Pozner" proqramına baxmaq əvəzinə o biri telekanallardan birində şou proqramını, yaxud teleserialı seyr etməyə üstünlük veriblər.

Bu səbəbdən proqramın hədəf kütləsinin kimlər olduğu, kimlərə hesablandığı məlumdur.

Həmin potensial elektorat, yəni Ermənistan vətəndaşları isə ölkənin olmayan müstəqillik və suverenliyinin kağız üzərində qalmış qırıntılarını belə, Rusiyaya qurban verməyə hazır olan Robert Köçəryandan çətin ki, razı qalsınlar.

Robert Köçəryanın təşəxxüslü danışığı, eqoizm nümayişi də maksimal həddə idi. Ermənistanda keçirilmiş sosioloji sorğuların nəticələrinə görə, lider mövqe tutmaması barədə suala "O sorğuların necə keçirildiyini bilirəm və əsla önəm vermirəm" cavabını verməsi sabiq prezidentin sosial baza ilə potensial elektorat anlamlarını eyninə almadığını, bütün ümidini Rusiyadan dəstək ehtimalına bağladığını ortaya qoydu.

Fəqət, reallıq tam fərqlidir. Həmin reallıqda bütün tənqidlərə, şoka, narazılığa və s.-yə rəğmən, Ermənistan vətəndaşlarının 35 faizi Paşinyanı dəstəkləyir.

Onlar R.Köçəryanın hakimiyyətə qayıdışının Ermənistana yaxşı heç nə vəd etmədiyini anlayırlar.

Hazırda iki Ermənistan var.

Onlardan biri sosial şəbəkələrdə, xüsusilə də Rusiyadakı erməni diasporunun maliyyələşdirdiyi və idarə etdiyi Telegram kanallarıdır. Həmin virtual reallıqda naçar, pərişan və zavallı Ermənistanın yeganə çıxış yolu Robert Köçəryanın hakimiyyətə dönüşüdür.

Digər, əsl reallıq isə indiki Ermənistandır ki, orada da əhalinin böyük qismi Köçəryana nifrət edir.

... Vladimir Poznerin proqramındakı "siyasi qonaq"ların dəvətlərinin bilavasitə Kremldə razılaşdırıldığı məlum məsələdir. Lakin dünənki proqrama Köçəryanın "dəvət"i razılaşdırma yox, göstəriş idi.

Obyektiv, normal jurnalist Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş ərəfəsində təbii ki, proqrama Paşinyanı dəvət edərdi. Axı o, baş nazirdir, suallar daha çoxdur, sabiq prezidentdən və "AFK Sistema"nın əməkdaşından fərqli olaraq, rəsmi şəxsdir.

Ermənidən artıq erməni olmağa çalışan Vladimir Poznerin proqramında Ermənistanın sabiq prezidentinin peyda olması göstərir ki, Kreml Ermənistandakı buyruq tulası qismində məhz Köçəryanı görür.

Köçəryan da suallara Rusiyanın odioz federal telekanallardakı propaqanda klişelərinə uyğun olaraq cavab verdi:

- "Nə ABŞ, nə də NATO Ermənistanla bağlı üzərlərinə Rusiya kimi öhdəliklər götürməyəcəklər"

- "Rusiya olmasaydı, Azərbaycan Qarabağı tam ələ keçirəcəkdi"

- "Müharibəni dayandırmaq üçün Rusiya əlindən gələni, maksimumu etdi"

- "Rusiya Azərbaycana silah satmasaydı Azərbaycan başqa ölkədən alacaqdı"

Və sən demə, 2008-ci ilin martın 1-də prezident seçkilərinin total saxlaşadırılmasına, Serj Sarqsyanın "qələbə"sinin təmin edilməsinə etiraz edərək İrəvan küçələrinə çıxmış ermənilərdən 10 nəfərinin güllələnərək qətlə yetirilməsində Robert Köçəryanın heç bir günahı yoxmuş.

O, belə dedi.

Halbuki normal, heç olmasa azacıq peşəkar siyasətçi "baş vermiş hadisələrə görə məsuliyyətimi dərk edirəm" söyləyərdi.

Bəhs etdiyimiz məsələ mənəviyyatı olan siyasətçiyə şamil edilir - ləyaqətini çoxdan itirmiş Vladimir Poznerin suallarını rişxəndlə gülümsəyərək cavablandıran Robert Köçəryana yox...

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.