Siyasət

"Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər"

21 Noyabr 2020 11:20
Baxış: 1 056

Prezident İlham Əliyevin Ağdamın işğaldan azad olunması münasibətilə xalqa etdiyi müraciət çox vacib məqamları özündə ehtiva edirdi. Cənab Prezident həmişə olduğu kimi konseptual və ardıcıl nitq söyləməklə gündəmin əsas maddələrini bir-bir geniş şəkildə təhlil etdi, həm Azərbaycan xalqını maraqlandıran məsələlərə aydınlıq gətirdi, həm də ənənəvi olaraq düşmənin mənfur əməllərini və niyyətlərini ifşa edərək dünya ictimaiyyətinə vacib mesajlar ötürdü.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışının ana xətlərindən biri işğaldan azad edilmiş ərazilərdə yaxın gələcəkdə planlı şəkildə görüləcək işlər və bu xüsusda, köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtması, viran qalmış, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məntəqələrimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi və s. bu kimi məsələləri əhatə edirdi:

"Cənab Prezident bu gün azad olunan Ağdam rayonunun timsalında bildirdi ki, tezliklə bütün işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdacaq, biz o rayonları yenidən dirçəldəcəyik. Düşmən elə zənn edirdi ki, Azərbaycan xalqı dağıtılardan sonra bu torpaqlara qayıtma istəməyəcək, amma yanıldılar. Onlar Azərbaycan xalqının və onun liderinin iradəsini, əzmini, qətiyyətini hesaba qatmadılar. Cənab Prezidentin də dediyi kimi, "Azərbaycan xalqının qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".

Cənab Prezident İlham Əliyev bir daha tutarlı faktlarla əsaslandırdı ki, torpaqlarımızın işğaldan azad edilməsi hərbi qələbələrimiz nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. İlk növbədə, ona görə ki, işğal altındakı ərazilərimizdə istehkamların qurulmasına böyük vəsait xərclənmişdi. Bu istehkamları yaratmaqla o məqsədi güdürdülər ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər. Nəticədə döyüş meydanlarında qazandığımız hərbi qələbələri siyasi müstəvidə daha da möhkəmləndirdik. 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat bunu əyani şəkildə təsdiq etdi. Ermənistan diz çökərək kapitulyasiya aktına qol çəkməyə məcbur edildi".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətinin qazandığı şanlı zəfərlər fonunda düşmən ölkədə cərəyan edən hadisələrin real təhlilini ortaya qoydu: "Danılmaz həqiqətdir ki, bu gün Ermənistanda çox dərin siyasi xaos yaşanmaqdadır. Müharibədə rüsvayçı məğlubiyyətə düçar olduğuna görə xalqın qəzəbinə tuş gələn baş nazir Nikol Paşinyan öz kreslosunu qoruyub saxlamaq üçün bütün imkanlarını səfərbər edib. Demək olar, hər gün Ermənistanda bir müxalifət lideri həbs olunur, ağzını açıb Paşinyanı tənqid edən istənilən müxalif ictimai fəal dərhal hakimiyyətin təqiblərinə, repressiyasına məruz qalır. Mətbuat və söz azadlığı tamamilə məhdudlaşdırılıb. Hər kəsin gözü önündə baş verən bütün bu hallara baxmayaraq, cənab Prezidentin də vurğuladığı kimi, Qərb dövlətləri, xüsusən insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər.

Cənab Prezident çox haqlı olaraq Avropa Şurasının adını çəkərək Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirən bu qurumu fakt qarşısında qoyur. Azərbaycana xor gözlə baxan, hər fürsətdə bizi qaralamağa çalışan Avropa Şurasının Ermənistan iqtidarının repressiv fəaliyyəti qarşısında səsini çıxarmaması bu qurumun insan hüquqlarından bir siyasi vasitə olaraq istifadə etməsini bir daha sübuta yetirir. Başqa vaxt, müsəlman ölkələrində ən xırda hadisələri şişirdərək ciddi hüquq pozuntusu kimi qələmə verən "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar nədənsə Ermənistanda baş verən hadisələrə heç bir reaksiya vermirlər. Bu, ikiüzlülük, riyakarlıq və selektiv yanaşmadan başqa bir şey deyil. Adı çəkilən təsisatlar əgər beynəlxalq etimad qazanmaq istəyirlərsə, mütləq Ermənistan iqtidarının əməllərinə dərhal qiymət verməlidirlər. Əks halda, onlara olan inam və etimad getdikcə tamamilə tükənəcək.

Prezident İlham Əliyev çıxışı zamanı həm də Ermənistanın uğursuz dövlət ("failed state") olduğunu da çox dəqiqliklə əsaslandırdı. Tarixən belə ölkələr çox olub. Əsasən inkluziv siyasi-iqtisadi institutların olmamasına görə bəzi dövlətlər həmişə uğursuzluq sindromundan əziyyət çəkiblər. Dövlətləri uğursuz edən əsas amillərdən biri də regional və qlobal inteqrasiya layihələrində iştirak edə bilməmələridir. Konkret olaraq bu tezisə Ermənistan nümunəsindən yanaşsaq, görərik ki, məhz Azərbaycan torpaqlarının işğalı faktı Ermənistanı regionda və dünyada gedən inkişaf tendensiyalarından tamamilə uzaq salıb.

Bu ölkənin sərhədlərinin böyük hissəsi məhz Azərbaycan ərazilərinin işğalına görə qapalıdır. Regionda düçar olduğu siyasi-iqtisadi təcrid vəziyyəti Ermənistanı kənar qüvvələrdən tamamilə asılı vəziyyətə salıb və beləliklə, Ermənistan öz müstəqilliyindən məhrum olub. Ermənistan ötən 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Cənab Prezident bütün bu reallıqları nəzərə alaraq bildirdi: "Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə" damğası ilə yaşayacaqlar".

Cənubi Qafqazda tam və dərin inteqrasiya proseslərinin getməsi üçün Ermənistan dövləti regionda qonşu dövlətlərə qarşı ədəvətinə son qoymalıdır. Cənab Prezidentin də ifadə etdiyi kimi, Ermənistan Qafqaz bədəninda yad cisim kimi qalmamalıdır. Bundan ötrü işğalçılıq əməllərinə birdəfəlik son qoyub bölgədəki işgüzar münasibətlərə qoşulmalıdır. Əksə halda, Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, hər kəs bilsin ki, biz erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyik. Özümüzü öz vətəndaşlarımızı müdafiə etmək üçün bütün lazımı addımları atacağıq və heç kim bizi saxlaya bilməz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.