Fransa parlamenti artıq olmayan "Dağlıq Qarabağ"ın "müstəqilliyi"ni tanımaq üçün qətnamə layihəsinin müzakirəsinə hazırlaşır. Daha doğrusu, Fransa Senatı "Artsax Respublikasının" (Dağlıq Qarabağ) tanınması zərurətinə dair qərar layihəsini səsverməyə çıxarır. Sənədi "Artsax"ın müstəqilliyi ilə bağlı Fransa Senatındakı ümumi konsensusun simvolu olan ilk beş ən böyük siyasi fraksiyasının rəhbərləri imzalayıb.
Bununla yanaşı, Parisin meri Ann Mari İdalqonun təkidi ilə Fransa paytaxtının meriyası da analoji addımı atmaq niyyətindədir.
Gözlənilən davranışdır və təəccüblü deyil, çünki Fransa hakimiyyəti başda prezident Emmanul Makron olmaqla Azərbaycan və Türkiyəyə qarşı əsassız çıxışlar edir, işğalın və işğalçının müdafiəçisi kimi davranırlar.
Fransada artıq onillərdir ki, uydurma "erməni soyqırımı" ilə bağlı Türkiyəyə qarşı aqressiv təbliğat aparılır. İş o yerə çatıb ki, "erməni soyqırımı" absurdunu inkar edənlər Fransada cinayət işləmiş sayılırlar.
Təbii ki, belədə sual yaranır: Fransa isteblişmentində, siyasi dairələrində Türkiyəyə olan nifrətin səbəbi nədir?
Cavab bəsitdir: 17-ci əsrin sonlarından bəri Parisin türklərə qarşı dözülməzliyi, qisas duyğusu var.
Çanaqqala savaşında fransızların burnu ovulandan sonra isə bu hiss apogeə çatıb. NATO-da ikinci hərbi güc olan Türkiyə ilə açıq qarşıdurmadan çəkinən Fransa pərdərarxası oyunlarla Türkiyəyə mümkün qədər ağır zərbələr vurmağı arzulayır.
İndi isə Parisin hədəflərindən biri də Azərbaycandır - Türkiyə ilə qardaşlıq münasibətlərimizə görə.
Məhz bu səbəbdən Parisdəki mövcud iqtidar marazmatik davranış sərgiləyir, beynəxalq hüququn normalarına qarşı çıxan, siyasi etika qaydalarını pozan addımlar atır.
Parisin meri Ann Mari İdalqonun təşəbbüsü də özbaşına qərar deyil. O, mütləq şəkildə Fransa rəhbərliyindən alınmış təlimatlar əsasında davranır.
Parisin ilk qadın meri olan 61 yaşlı Annr Mari İdalqo özündən 7 yaş böyük əri və partiyadaşı Jan-Mark Jermeni də erməni lobbisinin təsiri altına salıb.
İdalqonun müavinlərindən biri, 29 yaşlı erməni Anuş Toronyan da Azərbaycana qarşı aktiv fəaliyyətdədir.
Fransadakı ermənilərin ən böyük diaspor təşkilatlarından biri olan CCAF-ın rəhbəri, iş adamı Ara Toronyanın qızı Anuş ictimai layihələr və vətəndaşların orada iştirakına cavabdehdir.
Anuş Toroyan həm də Fransada Ümumerməni Xeyriyyə Birliyinin icraçı direktorudur.
Paris meriyası əslində şəhər və departament olan Fransa paytaxtının Şurasıdır. Paris Şurasındakı 163 nəfərin, habelə Parisin meri Ann Mari İdalqonun 40 müavinin əksəriyyəti hazırda ölkədə iqtidarda olan, prezident Emmanuel Makronun başçılıq etdiyi "İrəli Fransa" Partiyasının üzvlərindən ibarətdir.
Xatırladım ki, Paris meri seçkisi keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Ann İdalqo Fransua Makronla birlikdə 2018-ci ildə Fransadakı ermənilərin təşkil etdiyi tədbirdə iştirak edib. Paris meri ermənilərin demək olar ki, bütün tədbirlərinin "bəzəyidir". O, Fransada erməni kilsəsinin açılışında da iştirak edib.
Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edir. Ancaq bu ölkə son illərdə nümayiş etdirdiyi mövqeyi ilə əsla obyektiv olmadığını, Ermənistanı açıq-aşkar dəstəklədiyini göstərib. Rəsmi Paris Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində iştirakından qıcıqlandıqlarını da gizlətmir. Bu məsələdə beynəlxalq normalara əməl etməyən Fransa unudur ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Bu səbəbdən onun prosesdə fəallığı da məntiqidir.
Əslində, Fransa və Ermənistan soyqırım törətməyə meyllərdə bir-birlərinə bənzəyirlər.
Ermənilər Xocalıda amansız soyqırım törədiblərsə, Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.
Fransadan tam fərqli olaraq, İtaliya real davranır, Ermənistanın işğalçı olduğunu bəyan edir.
"İtaliya BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, yəni işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini həmişə dəstəkləyib. BMT-nin mövqeyi müdrik və məntiqidir. Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı çoxlu qətnamələr var".
Bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano "Agenzia Nova"ya verdiyi müsahibəsində deyib.
Dünənsə İtaliya parlamentinin aşağı palatası olan 630 mandatlı Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.
Sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü, 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında toqquşmaların başladığı, üç humanitar atəşkəsə baxmayaraq, ən azı 5 min insanın həlak olduğu, infrastrukturlara, yaşayış məntəqələrinə və tarixi dəyəri olan abidələrə böyük ziyan dəydiyi bildirilir.
Qətnamədə 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən dərhal atəşkəsin əldə edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yeni təmas xəttində Rusiya qüvvələrinin yerləşdirilməsinə çağıran Bəyanatın imzalandığı vurğulanır və bu xüsusda, İtaliya hökumətindən tərəfləri atəşkəsə və 9 noyabr bəyanatından irəli gələn digər öhdəliklərə əməl etməyə çağırması istənilir.
Qətnamədə, İtaliya hökuməti bütün maraqlı tərəflərə onların nəzarəti altında olan ərazilərə məcburi köçkünlərin geri qayıtması, insan hüquqlarının qorunması, hər bir icmanın kimliyinə, mədəni və dini plüralizmə hörmət edilməsi, tarixi-mədəni irsin bütövlüyü və mühafizəsinin təmin olunması üçün çağırış etməyə dəvət olunur.
Sənəddə, habelə İtaliya hökumətindən ATƏT-in Dağlıq Qarabağ böhranı ilə bağlı fəal rol oynamaqda çətinliklərini nəzərə alaraq, bu qurumun siyasət və mexanizmlərinin səmərəliliyinin yoxlanılmasının zəruriliyi məsələsini ATƏT-in baş qərargahında qaldırmaq, bölgənin sabitləşməsinə və yenidən qurulmasına töhfə vermək üçün Avropa və beynəlxalq institutlar ilə birgə razılaşma əsasında İtaliyanın maksimum öhdəliyini təmin etmək istənilir.
İtaliya və Avropanın enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkən Deputatlar Palatası hökuməti İtaliya və Avropaya bağlanan neft və qaz boru kəmərlərinin enerji nəqlinin müntəzəmliyini təmini məqsədilə region ölkələrinə müraciət etməyə çağırır.
Göründüyü kimi, Fransadan tam fərqli olaraq, İtaliya daha məntiqli və rasional davranır.
Paris meriyası və ya Fransa Senatının erməni sevgilərinə gəldikdə isə, onlar olmayan "Dağlıq Qarabağ"ı istədikləri qədər "tanıya" bilərlər.
Fransa qanunvericiliyinə görə, Senatın qərarı icraedici strukturlar üçün vacib deyil.
Meriyanın, yəni Paris Şurasının isə hansısa ərazinin "dövlət müstəqilliyini tanıması" təbilçilər dərnəyi və ya makrame toxuyanlar cəmiyyətinin qərarı qədər effektivdir.
Elçin Alıoğlu
Milli.Az