Siyasət

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir"

20 Sentyabr 2020 15:49
Baxış: 447

İşğalçı Ermənistan hökumətinin Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti uzun illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız zərər görüb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

"Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayətdir.

Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirlər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edir, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdirirlər. Abidələrin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Eyni zamanda ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə də toxunaraq deyib: "Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal olunmuş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta heyvan saxlanılır. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir".

Hazırda Azərbaycanın 4550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən dünya mədəniyyəti incilərindən olan 13 abidə, 700-dən artıq tarixi abidə, 83500 ədəddən çox eksponata malik 26 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və vandalizm obyektinə çevirib.

Ermənistan beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Bu acı həqiqətlər erməni rəsmiləri tərəfindən ört-basdır edilir və beynəlxalq məsuliyyətdən yayınır. Mədəni irs dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bu baxımdan ölkəmizin ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir.

Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Bu, beynəlxalq qanunlar və konvensiyalarda da təsbit olunmuşdur. Erməni vandalizmi, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Haaqa Konvensiyasının (1954), Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992), həmçinin Mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972) prinsiplərinə ziddir. Azərbaycan Respublikası 1954-cü ildə Haaqa Konvensiyasına Birinci Protokola 1993-cü ildə və 2000-ci ildə İkinci Protokola qoşulub. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Eyni zamanda, konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.

Erməni vandalizmi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində insanlara, eləcə də tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri vəhşiliklər haqqında həqiqətlərin dünya ölkələrinə çatdırılması, beynəlxalq miqyasda dolğun təsəvvürlərin formalaşdırılması Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Milli-mənəvi dəyərlərimizin ən böyük təbliğatçısı olan Heydər Əliyev Fondunun gördüyü ardıcıl və məqsədyönlü işlər, həyata keçirdiyi tədbirlər xüsusi önəm kəsb edir. Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə cəmiyyətin yeni araşdırmalar zamanı aşkar edilən tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır. Çünki, işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.