Siyasət

Jalə Əhmədova: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək

7 İyun 2020 13:44
Baxış: 1 362

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısındakı çıxışında da aydın bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazır və qadirdir, o, müstəqil siyasət həyata keçirir və bəzi anti-Azərbaycan xarakterli təşkilatların qeyri-konstruktiv və sifarişli bəyannamələrinə məhəl qoymur.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

J.Əhmədova bildirib ki, hazırda Dağlıq Qarabağda saxta xunta rejimi hökm sürür: "Təbii ki, bu saxta rejim tərəfindən keçirilmiş saxta seçkilər gülməli bir şoudur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən tutmuş İslam Əməkdaşlıq Təşkilatına qədər - bütün önəmli beynəlxalq təşkilat və əksər dövlətlər bu saxta seçkiləri tanımadıqlarını bəyan etdilər.

Lakin maraqlıdır ki, cəmi bir təşkilat susdu. Bu təşkilat isə illərdir sistemli bir şəkildə anti-Azərbaycan qətnamələri qəbul edən Avropa Şurasıdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, onun haqqında uydurmalar yaymaq və saxta məruzələr qəbul etməkdir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Görünür, AŞ PA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞ PA-da son illər aparılan müzakirələrin hamısı daha sönük keçməkdədir. Onun 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir".

Deputat vurğulayıb ki, ABŞ-ın Minneapolis şəhərində "Nəfəs ala bilmirəm" deyə inildəyən silahsız afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir: "Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmişəki kimi həmin hadisələri görməzdən gəlirlər. AŞ PA və ATƏT-in müvafiq strukturları heç cür Azərbaycana qarşı azərbaycanofobiya halını almış antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır.

Bütün bunlara münasibətdə son olaraq qeyd etmək istərdim ki, Azərbaycan heç bir antipatiyaya, saxta və əsassız qətnamələrə və mənasız nifrət çıxışlarına baxmayaraq öz uğurlu inkişaf yolu ilə irəliləyəcəkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.