Siyasət

Dünya siyasəti Bakıda müzakirə olunur

25 Oktyabr 2019 18:37
Baxış: 1 736

120 ölkənin liderləri dünya siyasətinin ciddi dəyişikliklərə və islahatlara ehtiyac duyduğunu Bakıda vurğuladılar. Məhz Bakı geosiyasi anlamda hadisələrə təsir imkanlarını itirməkdə olan, böyük dövlətlərin əlində təzyiq və təsir mexanizminə çevrilən, "kiçik" dövlətlər üçünsə hətta ədalətli və haqlı qərarlarının belə, icra olunmadığı amorf beynəlxalq təşkilata çevrilmiş BMT-də islahatlara güclü təkan verəcək məkana çevrilə bilər.

Dünya siyasətinin nəbzi bu gün Bakıda vurur desək, yanılmarıq.

Bakıda Qoşulmama Hərəkatına (Non-Alignment Movement, NAM) üzv olan ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü bu ilin bəlkə də ən fenomenal siyasi hadisəsi olacaq.

120 ölkənin rəhbəri Bakıdadır. Tədbir sırf protokol toplantısı deyil və bugünkü çıxışlar, debatlardakı nitqlər və müzakirələr də heç bir hərbi bloka qatılmamış ölkələrin Azərbaycana verdiyi dəyərdən, önəmdən danışılan zamanlar sıralaması idi.

NAM sədrliyinin protokola uyğun olaraq, Venesueladan Azərbaycana keçməsi də rutin olay deyil.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Belə ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı 2018-ci il 3-6 aprel tarixlərində ölkəmizdə keçirilib və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda 25-26 oktyabr tarixlərində keçiriləcək.

Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.

Qoşulmama hərəkatı (Non-Alignment Movement, NAM) 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Birqütblü dünyanın çoxqütblü geosiyasi məkana çevrilməsində müstəsna rol oynaya biləcək və artıq oynayan NAM bəşəri dəyərlərin, humanizm və birgəyaşayış prinsiplərinin təbliğinə xidmət etməklə yanaşı, bütün ölkələrin suverenliklərinin, müstəqilliklərinin və ərazi bütövlüklərinin toxunulmazlığını bəyan edir.

BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan NAM-a 2011-ci ildə qoşulmuş ölkəmiz ötən 8 il ərzində daim beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edib, bu mövqeyi ilə həm təşkilat üzvləri arasında, həm də dünya miqyasında nüfuzu ilə geosiyasi çəkisini daha da artırıb.

Sammitin Bakıda keçirilməsi də ölkəmizə göstərilən hörmətin, inamın və etmadın nümayişi olmaqla yanaşı, Azərbaycanın yürütdüyü siyasətə NAM-ın verdiyi dəstəkdir.

120 ölkənin dövlət və hökumət başçılarının, habelə 40 beynəlxalq təşkilatın rəhbərinin və nümayəndələrinin qatıldıqları sammitdə Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini vurğulayıb, erməni vəhşiliyini faktlarla diqqətə çatdırıb:

"1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm.

Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Bununla yanaşı,  Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın "77-lər qrupu"na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.

Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycana gəldikdə isə, İ.Əliyev vurğulayıb ki, ölkəmiz müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir.

"Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olmuşdur. Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu.

Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur", - İ.Əliyev dedi.

Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir.

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız "Bakı Prosesi" təşəbbüsü BMT tərəfindən də dəstəklənir. Xatırladım ki, BMT-nin Baş katibi Antonio Quterreş "Bakı Prosesi"ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirib. "Bakı Prosesi"nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınıb.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.