Siyasət

Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan

19 Avqust 2019 09:59
Baxış: 1 856

Son günlər Azərbaycanda sosiial şəbəkələrdə yaşanan olaylardan biri də "Palmali Denizçilik" şirkətinin rəhbəri Mübariz Mənsimovu dəstəkləyənlərin aktivləşməsi, "mübarizçilər"lə alternativ mövqeyə malik olanlar arasında kəskin söz savaşının olmasıdır.

Polemika, mübahisə və müzakirə istənilən halda müsbət proseslər, cəmiyyətdə sağlam fikirin cilalanıb formalaşmasına təkan verən nəsnələrdir.

Lakin əfsuslar olsun ki, sosial şəbəkələrin yerli seqmentində müşahidə olunan alternativ fikrə və mövqeyə aqressivlik, fərqli düşünənə düşmənçilik, təhqirlər və aşağılamalar səngimək əvəzinə, daha da artır.

"Hücum"a keçənlər M.Mənsimovun tərəfdarları, daha doğrusu, özləri də bilmədən, sövqi-təbii olaraq hazır plan üzrə hərəkət edən və bu zaman müstəqil fikir istehsalçısı olduğuna əmin olan insanlardır.

Onlar trol deyillər, real insanlardır və məhz bu səbəbdən baş verənlər heç bir halda təqdirə layiq sayıla bilməz.

Aldananlar, yalana inananlar özlərini doğru bilir, heç bir izah dinləmək istəmir, M.Məsimovla bağlı real situasiyadan agah olmaqdan boyun qaçırırlar.

O da maraqlıdır ki, AXCP üzvləri az qala kütləvi şəkildə M.Mənsimovu dəstəkləməyə başlayıblar.

Bir tərəfdə az qala "Ya Mübariz, dəstur!" deyəcək insanlar, digər tərəfdə M.Mənsimovun son vaxtlar AXCP və "Milli Şura" ilə sıx əlaqələr qurması, bu strukturlara maliyyə dəstəyi verməyə başlaması barədə mediada yazılanlar...

"Qapıya nankorluq edən" və ağır suçlama

"Deniz Haber Ajansı" ilə "Palmali" şirkətlər qrupunun azərbaycanlı prezidenti Mübariz Mənsimov arasında qalmaqal davam edir. Bir müddət öncə M.Mənsimov iki yeni gəmi inşa etdiyini və onlara Məhəmməd Əmin Rəsulzadə ilə Elçibəyin adını verdiyini açıqlamışdı. Türkiyədə dənizçiliklə bağlı nüfuzlu xəbər agentliyi olan Deniz Haber Ajansı isə Rəsulzadənin adı verilən gəminin əslində yeni olmadığını, 21 yaşında olan bu gəminin adının qaçaqmalçılıq olayında keçdiyini yazmışdı. Buna sosial şəbəkədən "İt hürər, karvan keçər" tipli reaksiya verən M.Mənsimova "Deniz Haber Ajansı" bu dəfə daha geniş yazı ilə cavab verib.

"Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdi" başlıqlı yazıda bildirilir ki, "Palmali" dənizçiliyinin müflis başçısı, Azərbaycanda doğulmuş Mübariz Qurbanoğlu Mənsimov 1998-ci ildə tikilən 21 yaşlı "Adriatic marıner" adlı məhsul tankerinin adını "Məhəmməd Əmin Rəsulzadə" olaraq dəyişəndən sonra "Deniz Haber Ajansında" yayılan bir xəbərlə bağlı "İt hürər, karvan keçər" məsəlini gəminin fotosu ilə birlikdə sosial şəbəkədəki səhifələrində paylaşıb.

Müəllif Recep Canpolat yazıb: "Bilməyənlər üçün təkrarlamaq, unudanlar üçün xatırlamaqda faydası var. Türk dünyası üçün Azərbaycan Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə dəyərli bir şəxsiyyətdir. Xüsusi ilə bayraq və vətən sevgisinin Türk dünyasının qəlbinə yazan "Bir dəfə yüksələn bayraq, bir daha enməz" ifadəsi müstəqilliyinin nişanəsi olaraq, tarixə yazılıb. Mərhum Rəsulzadənin nəşi 1955-ci martın 6-da Ankarada Cebeci Asri Məzarlığında əbədiyyətə əmanət edildi.

Belə bir lideri adının gəmiyə verilməsi böyük bir vətənsevərlik və incə davranışdır. Bunu edən könüllü ayaq üstə alqışlanmağa layiqdir.

Ancaq anlamadığımız məsələ isə "Palmali Denizçilik" şirkətinin sahibinin ötən aylarda etdiyi açıqlamadır: "Yeni tikəcəyimiz gəmilərə Məhəmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını verəcəyik". Belə deməsinə baxmayaraq, öz donanmasındakı yanacaq qaçaqmalçılığında adı çəkilən 21 yaşlı gəminin adını dəyişərək, mərhum Məhəmmədəmin Rəsulzadənin adını verməsinin mənasını anlamadıq.

Azərbaycanlı mənbəm "Lukoil"in sahibi Vahid Ələkbərov və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qapısında əl görüşməyi gözləyən, milyard dollarlıq müqavilələri alan Mübariz Mənsimovun bu gün hər iki adamı da arxadan xəncərləməsinin nankorluqdan başqa bir şey olmadığını söylədi.

Mübariz SOCAR və "Lukoil"ə niyə hücum edir? Sualının cavabı isə belədir: "Palmali Denizçili"yi dünya markası edən Ələkbərov və Abdullayevdir. "Palmali"yə milyard dollarlıq müqavilələri "Lukoil"in iştirakı ilə "Litaso" və SOCAR verib.

Mübariz hər iki adın altında sıxıldı, əzildi. O elə zənn etdi ki, oz qabiliyyətinin, kəramətinin nəticəsində bu uğuru əldə edib. Bu ərköyünlük qarşısında həm SOCAR, həm də "Lukoil" müqavilələri ləğv etdi. SOCAR alacaqlarının qarşılığında "Suezmax" tipli gəmilərlə birlikdə "Palmali" donanmasındakı yüksək tonajlı gəmilər aldı. "Sberbank"ın krediti ilə alınan çay tankerləri və kiçik tonnajı gəmilər isə "Palmali"də qaldı. Əslində gəmilərin hamısı Rusiyanın "Sberbank"ın girovudur.

"Palmali"nin donanmasındakı gəmilərə Rəsulzadə adının verilməsi, belə demək mümkünsə, istismardan başqa bir şey deyil. Əbülfəz Elçibəyin adının verilməsi isə Türkiyədəki ülkücüləri yanına çəkmək üçün etdiyi bir oyundur.

"Deniz Haber" agentliyinin 2015-ci ildə yayımlanan xəbərinə də istinad edən azərbaycanlı mənbəm söhbətinə belə davam etdi: "Palmali Denizçilik" şirkətini dünya markası edən SOCAR və "Lukoil"ə iftiralar, böhtanlar atan Mübariz Mənsimovun 21 yaşlı bir gəmini, hətta, 2015-ci ildə yanacaq qaçaqmalçılığına görə istintaqı başlayan "ADRİATİC MARİNER" adlı məhsul tankerinə Azərbaycan Cümhuriyyətinin qurcusu Məhəmmədəmin Rəsulzadənin adının verilməsinin milli dəyərlərin sui-istifadəsi olmadan əlavə, tamamilə məsuliyətsizlik nümunəsi olduğunu, hətta 2015-ci ildə Ukrayna parlamentində qızğın mübahisəyə səbəb olan və Ukrayna Baş Prokurorluğu tərəfindən "Yanacaq qaçaqmalçılığı" ilə bağlı istintaqı başlayan "ADRİATİC MARİNER"ə Liberiyanın bayrağı çəkilərək Məhəmmədəmin Rəsulzadə adının verilməsi, bu məsuliyətsizliyin göstərcisidir".

Çirkin mübarizə üçün Mübariz?

İddialar "Deniz Haber Ajansı"na məxsusdur və Mübariz Mənsimov da ona qarşı səslənən ittihamları "əsassız" adlandırıb.

Belədirmi?

Mübariz Mənsimov Facebook səhifəsində az qala hər gün vurğulayır ki, Türkiyə vətəndaşıdır, Azərbaycanın daxili işlərinə, ələlxüsus da siyasətə qarışmaq niyyətində deyil, yalnız Azərbaycanı və azərbaycanlılalı düşünür, korrupsiyaya və rüşvətxorluğa qarşıdır, xeyriyyəçilik və bizneslə məşğuldur və s.

Fəqət, elə həmin paylaşımların istisnasız olaraq hamısında o, Azərbaycan vətəndaşlarına səslənir, çağırışlar edir. Çağırışlar siyasi-ictimai məzmunludur və siyasi elementlərdən xali deyil.

Aşkar görünən budur ki, siyasətdən gerçəkdən də çox uzaq qalan və hansı proseslərə niyə qatıldığını hələ də tam dərk etməyən iş adamından kimlərsə istifadə edir.

Mübariz Mənsimov siyasi intriqaları bilmir, bu sahədə tam sadəlövhdür və deyəsən, indi özünü "həm də siyasətçi" hesab etdiyi üçün usta intriqanlarla mənhus ssenarilər ustalarının əlində vasitəyə çevrilməkdədir.

Ona qarşı irəli sürülən ittihamlardan biiri də budur ki, SOCAR ilə ciddi çəkişmələri olan "Palmali Denizçilik" şirkətinin başçısı Mübariz Mənsimov milyonlarla dollarlıq borclarının ödənişini gecikdirmək, imkan olarsa, ödənişdən ümumiyyətlə, yayınmaq üçün bu yollara əl atıb.

O da vurğulanır ki, M.Mənsimov faktiki olaraq Elçibəy və Rəsulzadə adlarını, azərbaycanlıların milli dəyərlərini vasitə olaraq istifadə etməyə çalışıb.

Daha doğrusu, AXCP və "Milli Şura"nın ideoloji platforması olan "Rəsulzadə-Elçibəy irsi"ndən xitab və çağırışlar platforması qismində M.Mənsimovun istifadə etməyə çalışması, onun onillərlə yaşı olan, sonradan rekonstruksiya, təmir və tip dəyişdirmə vasitəsilə istismara verilən gəmilərə Rəsulzadə ilə Elçibəyin adlarını verməsini çox müsbət dəyərləndirənlər var.

Onlar sosial şəbəkələrdə M.Mənsimovu müdafiə edir, iş adamına tənqid ünvanlayanları isə təhqirlərə, aşağılamalara və küçə sözlərinə tuş edirlər.

O da vurğulanır ki, son vaxtlar M.Mənsimov AXCP sədri, faktiki olaraq siyasi bloqer Əli Kərimli və "Milli Şura" adlı marionet strukturun rəhbəri Cəmil Kərimli ilə sıx əməkdaşlıq edir.

M.Mənsimovun indiki maliyyə durumunu və imkanlarını nəzərə alsaq, onun AXCP- "Milli Şura" tandeminə ciddi həcmdə yardımlar etdiyini düşünmürəm.

Belədirsə, heç şübhəsiz ki, Ə.Kərimli və C.Həsənli cütlüyü indiyədək istifadə etdikləri iş adamlarının siyahısına daha birini əlavə ediblər.

Əli Kərimlinin fəalliyyət prinsiplərini, xüsusilə də onun hədd bilməyən tamahını və siyasi konyuktura naminə heç nəyi qurban verməkdən çəkinməməyini xatırlasaq, Mübariz Mənsimovun bu "əməkdaşlıq"dan udacaqları illüzor, itirəcəkləri isə sonsuzdu.

Çünki Ə.Kərimli-C.Həsənli dueti dəfələrlə sınaqdan keçirdikləri ssenarini yenidən işə salıblar və bu dəfə heç şübhəsiz M.Mənsimova Qərbdə yerləşən, ənənəvi olaraq Azərbaycana qarşı kəskin antipatik və düşmənçilik mövqeləri tutmuş strukturların - təşkilatların, fondların, qrupların və s. - dəstəyini vəd ediblər.

İlkin dəstək də alınıb, yəqin.

Əks təqdirdə AXCP üzvləri arasında Əli Kərimlinin sosial şəbəkələrdə trolluğunu edənlər bunca fəallaşmazdılar.

Yeni oyun, bəsit ssenari

Əslinə baxsaq, Mübariz Mənsimov AXCP-"Milli Şura" duetindən öz məqsədləri üçün yararlanmağa çalışır, Əli Kərimli və Cəmil Həsənli də "Palmali" şirkətinin sahibindən istifadə etdiklərini düşünürlər.

Siyasi müstəvidə bacarıqsız və ciddi perspektivlərdən məhrum olan bu insanların üçü də yanılırlar.

Nədən ki, onların üçündən də Qərbdəki strukturlar öz məqsədləri üçün istifadə edirlər.

Eyni zamanda, 26 ildən bəri baxışlarını, şüurunu, dünyagörüşünü, taktikasını dəyişməyən və əslində dəyişə bilməyən, demaqogiya və primitiv şüarçılığı, absurd iddiaçıllığı və marazmatik ittihamları ilə sabit qalan Əli Kərimli bütün açıqlamalarına, çıxışlarına, müsahibələrinə və bəyanatlarına rəğmən, de-yure rəhbərlik etdiyi partiyasında nüfuz sahibi deyil.

AXCP-nin sıravi üzvləri ilə yanaşı, reginal təşkilatların rəhbərləri belə, "sədr-bloqer"i perspektivli siyasətçi, lider hesab etmirlər.

Tam tərsinə, onlar yeni lider axtarışındadırlar.

AXCP üzvlərinin "Palmali"nin rəhbəri Mübariz Mənsimova sosial şəbəkələrdə artıq trollinq səviyyəsinə çatan fanatik dəstəyinin səbəblərindən də biri budur.

Ölkə siyasətinin usandığı Əli Kərimlidən bezən, radikal müxalifətdəki "lidercik"lərin əslində heç nəyə yaramadığını və nə isə bacarmadıqlarının fərqinə varan "cəbhəçi" kütlə alternativ qismində M.Mənsimovu görür.

Daha konkret olsaq, Əli Kərimlinin həm də sədr olduğu AXCP belə, onun hakimiyyətə gəlmə perspektivinə inanmır.

Ölkə mediasında Əli Kərimlinin və ailə üzvlərinin lüks yaşamları barədə ifşaedici xəbərlərin, informasiya və məqalələrin dərci də bloqer-sədrin populyarlığını artırmır.

"Milli Şura"ya gəldikdə isə, ölkə müxalifətinin kənarda hazırlanmış ssenari və ayrılmış maliyyəyə rəğmən, ölü doğulan və hələ də koma vəziyyətindən çıxa bilməyən bu struktur tarixin zibilliyinə atılmaq ərəfəsindədir.

M.Mənsimova olan troll dəstəyinin idarəolunma mexanizmləri göstərir ki, 2013-cü ildə "Milli Şura"nın yaradılması ilə bağlı oyunlar indi "Palmali" rəhbərindən istifadə olunmaqla təkrarlanmaqdadır.

Sadəlövh, siyasətdə tam bisavad və bacarıqsız olan Cəmil Həsənli hələ də dərk etmir ki, M.Mənsimovdan ona qarşı "qəbirqazan" kimi istifadə edirlər.

Plan çox bəsitdir: "Milli Şura"nın rəhbərliyi toplanacaq, təşkilatın buraxıldığını bəyan edəcək. Daha sonra bu qurumun yerinə fərqli tipologiyada, formatda və taktiki modeldə yeni qurum yaradılır, həmin qurumun rəhbəri postuna Mübariz Mənsimov "seçilir".

Yəni Rüstəm İbrahimbəyov və "Milli Şura" ilə baş tutmayan plan bu dəfə yenidən işə salınır.

Bu layihənin hansısa perspektivi və ya işləkliyi olması barədə ehtimallara gəldikdə isə, onlar total sıfıra bərabərdir.

"Milli Şura" məzhəkəsində olduğu kimi...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.