Siyasət

Deputat: "Azərbaycan uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir"

21 İyun 2019 09:55
Baxış: 1 154

Prezident İlham Əliyevin yeni sərəncamları sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın dövlət siyasətində sosialyönümlülük prioritet istiqamətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi analoqu olmayan sosial siyasi xətt özündə xalqın rifahının yüksəldilməsini, güzəranının gündən-günə yaxşılaşdırılmasını ehtiva edir: "Dövlətimizin başçısı yorulmadan çalışır ki, xalqımızın sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyədə olsun. Bu gün respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir".

H.Mirələmov qeyd edib ki, BMT-nin təsdiqlədiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan insan inkişafı indeksini yaxşılaşdırmaqla MDB məkanının lider dövlətlərindən birinə çevrilib: "Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi davamlı xarakter daşıyır. Prezidentin müxtəlif sferalarda çalışan vətəndaşların əməkhaqlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı yeni sərəncamlar da sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının və minimum pensiyanın məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair sərəncamları Azərbaycanın sosial dövlət olmasının əyani sübutudur. Dövlət başçısının təqdim etdiyi yeni sosial paket əhalinin çox böyük əksəriyyətini əhatə edir. Növbəti maaş artımları yüz minlərlə insanın daha yaxşı yaşaması deməkdir. Bu sərəncamların imzalanması ilə on minlərlə ailəyə növbəti dəfə sevinc bəxş olundu".

Millət vəkili əlavə edib ki, sosial islahatların gündən-günə dərinləşməsi və dövlətimizin iqtisadi inkişafı fonunda artan maliyyə imkanlarının xalqımızın yüksək rifahının, xoş güzəranının təminatına istiqamətləndirilməsi dövlət başçısının verdiyi vədlərə dəqiqliklə əməl etməsinin bariz göstəricisidir: "Prezident İlham Əliyev çıxışlarında vaxtaşırı səsləndirdiyi "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" fikrini öz əməli işi ilə davamlı şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Dövlət atdığı hər bir addımda öz vətəndaşının yanında olduğunu əməli şəkildə hiss etdirir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar vətəndaşlarda sosial sahələrdə bundan sonra mühüm dəyişikliklərin davamlı xarakter daşıyacağına əminlik hissini gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yüksəldilməsi məqsədilə Prezidentin imzaladığı sərəncamlar xalqımız tərəfindən minnətdarlıqla təqdir edilir, böyük ruh yüksəkliyi və sevinclə qarşılanır. Məhz belə qarşılıqlı etimad və sevgi şəraitində sarsılmaz xalq-iqtidar birliyi gündən-günə daha da möhkəmlənir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.