Siyasət

Müstəqil, milli maraqlara əsaslanan...

15 Mart 2019 12:40
Baxış: 901

Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçirilir.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşüb, sonra isə çıxış edib və həmin çıxış, əslində, dünya birliyinə messic idi.

Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir.

Azərbaycanın xarici siyasəti barədə danışarkən, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin, sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib.

Dövlət başçısı çıxışında deyib: "Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir".

Regional təhlükəsizlikdən söhbət açarkən, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır.

İlham Əliyev maksimal dərəcədə konkret və açıq şəkildə dedi ki, status-kvo qəbuledilməzdir: "Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır".

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına, xüsusilə də münaqişənin çözülməsinə yönəlmiş danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf qismində təmsil olunmaları məsələsinə gəldikdə isə bu, İrəvanın yeni primitiv oyunudur.

Daha doğrusu, Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik.

"Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür", - İlham Əliyev bəyan etdi.

Onun sözlərinə görə, bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.

Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyinin gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır. Biz səylərimizin nümayişi olaraq iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirdik. Ondan iki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür edirsinizmi, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik.

"Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi əks etdirir. Biz Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalamışıq və qəbul etmişik. Bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir. Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır", - Azərbaycanın dövlət başçısı söylədi.

Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır.

Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur. Bu, həm də müasir infrastruktura, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır.

Azərbaycan prezidenti daha sonra dedi: "Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır".

Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur.

"Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir", - Azərbaycan Prezidenti bəyan etdi.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.