Siyasət

Bir adamın ölməkliyi: İsgəndər Həmidov olduğu kimi...

30 Yanvar 2019 15:45
Baxış: 7 045

Tribunada Pənah Hüseynov mikrofondan kənara çəkildi və yanında durub tünd şüşəli eynəyi ilə insanları seyr edən İsgəndər Həmidova dedi: 

- Buyur, bəy, danış.

Azərbaycanın "Baş Boz Qurd"u, nazir ola-ola Boz Qurd Partiyasına da sədrlik edən İsgəndər Həmidov bir zamanlar "Razin qəsəbəsindəki OBXSS-çi" duruşunu xatırlayaraq boğazını arıtladı, gözlərini qıydı və buyurdu:

- Ey mənim uca xalqım! Düşmənlərimiz, xüsusilə də o ermənilər bilməlidir ki, İrəvana atom bombası ata bilərik! Bu bomba bizdə var və ermənilər də bilməlidir. Rəhim Qazıyevlə məndə iki atom bombası var. Atarıq ermənilərin başına ha!

... Yüz minlərlə insanın toplaşdığı meydana sanki su səpildi. Kütlə əvvəlcə susdu. Sonra insanlar pıçıldaşmağa başladılar: "Bu, nə deyir?!", "Bizdə doğrudan da atom bombası var?!", "Əşşi, fikir vermə! İsgəndərdi də, danışır. Ona inanan özünə hörmət etmir".

Onillər əvvəl, mən bu sözləri dinləyəndə nədənsə yapon yazıçısı Edoqava Remponun "Bir adamın ölməkliyi" hekayəsini xatırladım. Hekayə bu sözlərlə başlayırdı: "O, əməllərinin unudulduğunu düşünür və ya buna ümid edirdi. Hər halda yenə çılğıncasına əllərini yelləyir, qışqırır, dediklərinə inandırmağa çalışırdı. Yanında duranlar belə, bilirdilər ki, bu adam əvvəlcə danışır, sonra düşünür".

İsgəndər Həmidovun indi 70 yaşı var. Əsla dəyişməyib: mən tanıyan Həmidovdur ki, var.

O Həmidov ki, 1992-ci ilin mayında daxili işlər naziri təyin ediləndən sonrakı fəaliyyəti sürəkli qalmaqallar, qeyri-adekvat hərəkətlər, söyüşlər, xuliqanlıqlar və nazirdən çox dəstəbaşçısı təki davranışları ilə "məşhur"laşdı.

Sonralar "atom bombası" sərsəmliyi Rusiya və ABŞ-ı qıcıqlandırdığından İsgəndər Həmidov özünə belə haqq qazanmağa çalışmışdı: "Əşşi, nə olub e?! Ermənistanda hansısa Razmik Xaçaturyan "bizdə 2 min nəfərlik ordu var" deyə bilir, mən "Rəhim Qazıyevlə məndə atom bombaları var" deyə bilmərəm?!"

Balqabaq satan, bisavad alim və "Sanqam" xiridarı

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu müddət qısadır, amma ölkəni fəlakət astanasına aparıldığı dövrdür.

Əgər prezident Əbülfəz Elçibəy "Bayramığımızı Çin səddinə sancacağıq" deyərək utopik pantürkizmə qapılsa da, əxlaqlı, şərəfli və vicdanlı insandısa, onun komandasındakı şəxslərin tam əksəriyyəti barədə bu sözləri demək asan deyil.

Parlamentin spikeri olmuş İsa Qəmbər 11 il ərzində kiçik namizədlik dissertasiyasını müdafiə etməyi bacarmayan, mərhum akademik Ziya Bünyadovun "bunca bisavad adamın Akademiyada hələ də işləməsinə görə özümdən utanıram" dediyi şəxs idi.

Baş nazir Pənah Hüseynov o adam idi ki, "İstiqlal" qəzetində "O, qarpızsatandır" ifadəsindən incimiş, hirslənmiş və qəzet redaksiyasına gedərək Zərdüşt Əlizadədən təkzib tələb etmişdi: "Yalan yazmısan! Qardaşlarım qarpızsatanlardır. Mən balqabaq satmışam!"

Dövlət katibi Əli Kərimli vəzifəyə təyin olandan az sonra xanımını Prezident Administrasiyasında şöbə müdiri etmişdi və onların yaşadığı binanın qarşısından hər səhər iki xidməti Mercedes ərlə arvadı işə aparırdı.

Müdafiə naziri, sabiq riyaziyyat müəllimi Rəhim Qazıyev "Şuşa alınsa, başıma güllə vuracağam" ifadəsi ilə tanınır. Halbuki bu adam nazir təyinatından az sonra prezident Elçibəyin yanında jurnalistlərə şəstlə demişdi: "Əgər döyüşdə olsam, əsgərlərimizi ölümə başıdik aparacağam".

Hazırda Müsavat Partiyasının başqanı olan Arif Hacılı o dönəmdə antikvariat "ovçusu" və "Sanqam" hind filmini dünya kinematoqrafının şah əsəri sayan adam kimi tanınırdı.

Bu "igid" nazir anlamırdı ki, əsgərləri ölümə yox, qələbəyə apararlar.

Rəsul Quliyevin səxavətlə maliyyələşdirdiyi AXC indi AXCP olub. O dönəmin sabiq nazirlərindən bir neçəsi isə yenidən "dirilmək" eşqindədir.

Ölünün qıdığı gələr?

Rəhmətlik Bəşir Səfəroğlunun məşhur rolunda söylədiyi məşhur ifadəni İsgəndər Həmidova şamil etsək, sakral məna kəsb edəcək. Çünki 70 yaşlı bu adam hələ də yeniyetmə kimi davranır, həmişə olduğu kimi, əvvəlcə danışır, sonra düşünür.

Əbülfəz Elçibəyin prezident olduğu dönəmdə DİN-i həvalə etdiyi sabiq general-leytenant İsgəndər Həmidov yenidən fəal siyasətə qayıtdığını bəyan edib. O, Azərbaycan siyasətinin muzey eksponatları sayılacaq fərdlərlə bir araya gələrək "Azərbaycan Xalq Hərəkatı" (AXH) adlı "təşkilat"ın təsis olunduğunu da bəyan edib.

Bu təşkilatının adının elə AXH "ağsaqqalları"nın 1990-cı illərin ab-havasından hələ də çıxa bilmədiklərini, o illərin eşqi ilə yaşadıqlarını, "bəlkə də qaytardılar" fəlsəfəsini şüurlarında daşıdıqlarını göstərir.

Anlaşılandır. Azərbaycanın müxalifət partiyalarında hərə bir cür əylənir və o əyləncəni "siyasi fəaliyyət" adlandırır.

Və əgər AXH-dəki Sərdar Cəlaloğlu paradoksal, Əhməd Oruc melanxolik, Mirmahmud Mirəlioğlu eksentrik şəxslərdirsə, İsgəndər Həmidov əsl odioz fərddir.

Bir zamanlar Azərbaycan Milli-Demokrat Partiyasını yaradaraq özünü "Baş Boz Qurd" elan etmiş cənab Həmidov sanki "qoca qurd" kimi davranmaq istəyir.

Düşünür ki, onun kim olduğunu, hansı əməllər törətdiyini, nələr dediyini, hətta ən yaxın silahdaşlarını belə, utandıran rüsvayçılıqlara "imza" atdığını yeni yalanları ilə aldatmağa çalışdığı gənclər, vədlər verməyə başladığı şəxslər bilmirlər.

Ola bilər. Amma biz unutmamışıq və bilirik ki, ölünün qıdığı gəlmir. Siyasi meyitlər yenidən dirilməyə nə qədər cəhd göstərsələr də.

Qoca İsgəndərin fürsətcilliyi

Yanvarın 19-da "Məhsul" stadionunda keçirilmiş mitinqi az qala planetar uğur kimi təqdim edən radikal müxalifətin eyforiyasından faydalanmağa çalışan İsgəndər Həmidovun indi gündəmə gəlməyə çalışması sırf fürsətcillikdir.

Fəqət, mənasızdır. Həmidov heç zaman siyasətçi olmayıb, bacarmayıb və siyasət də onluq deyil.

O, qeyri-adekvat "silahlı adam" olub, vəssəlam.

Erməniləri "bizdə atom bombası var" deyərək hədələməyə çalışaraq özü ilə bahəm, o dönəmdəki AXC iqtidarını məsxərə obyektinə çevirən general-nazir o qədər "çılğın və dəcəl" idi ki, həmin dövrdə ölkə prezidenti olmuş Əbülfəz Elçibəy 4 (!) dəfə Həmidova görə üzrxahlıq etmək məcburiyyətində qalmışdı.

Sələfi Tahir Əliyev astagəl, xələfi Abdulla Allahverdiyev çaşqın və bacarıqsız idisə, İsgəndər Həmidov nazir olduğu dönəmi sanki bitmək bilməyən qəddarlıqlar, dəlisovluqlar, marazm və rüsvayçılıq dönəminə döndərmişdi.

İsgəndər Həmidov özünü indi "insan haqlarının müdafiəçisi", "demokrat" kimi göstərmək istəyir.

Halbuki əsla belə deyil.

Huşunu itirən Həmidov

Maskasını yenə dəyişmiş İsgəndər Həmidovun əməllərindən sadəcə bəzilərini xatırladım:

1992-ci ildə Ayaz Mütəllibovun devrilməsi prosesi başlayanda məhz İsgəndər Həmidov bir dəstə əlaltısını, yəni "boz qurdlar"ı PAZ avtobusuna yığaraq Şamaxıya yollanmışdı. Şamaxıda Həmidov "Uşaqlar, başlayın!" əmrini verəndən sonra avtobusdan düşənlər meydanda durmuş Mütəllibov tərəfdarlarına hücum çəkərək onları amansızlıqla döymüşdülər.

Elə həmin il mayın 17-i AXC rəhbərləri, o cümlədən İsgəndər Həmidov indiki Mətbuat prospektində, sabiq MTN binasının qarşısında durublar. Həmidov qəflətən huşunu itirir və "xalq üsyanının qəhrəman rəhbəri"ni MTN-nin qəbul otağına aparırlar. Mütəllibovu devirmək üçün Ali Sovetin (indiki Milli Məclis) binasına tərəf 5 min nəfər yeriyirdi.  Qəflətən "Moskva" otelinin damından boş güllələrlə, yəni "xolostoy" atəş açılmağa başladı. Camaat gülləbaran olduğunu düşünərək qaçmağa başladı və elə o vaxt da İsgəndər Həmidov qorxudan huşunu itirdi.

"İgid və qəhrəman", sonradan Daxili Qoşunların komandanı olacaq Fəhmin Hacıyev isə qaçıb aradan çıxmışdı.

Bu sətirlərin müəllifi onu Şəhidlər Xiyabanında məzarlardan birinin sinədaşının arxasında çöməlmiş və titrəyən vəziyyətdə tapmışdı.

İki saat sonra Fəhmin Hacıyev şalvarını dəyişib ekrana çıxdı. Başında hərbi furajka olan F.Hacıyev ultimatum verdi: "Mütəllibov istefa verməsə təyyarələr prezident sarayını bombalamağa başlayacaq".

Ultimatumun müəllifi İsgəndər Həmidov idi. O adam ki, Mütəllibovu qorumalı olan rusiyalı general Sufyan Beppayevin əmri ilə tanklar prezident sarayının ətrafını tərk edərək kazarmalara yollandığını görəndən sonra cürətlənmişdi.

OBXSS mayoru şüurundan hələ də qurtula bilməyən İsgəndər Həmidov o günün olaylarını, qorxudan huşunu itirməsini, özünə gələndə də "Hanı o Fəhmin, o ...?!" qışqırmasını xatırlamaq istəmir.

Habelə o, Naxçıvan olaylarından da xəsisliklə bəhs edir.

Cənab Həmidovun yaddaşını təzələyim.

1992-ci ilin oktyabrında o, Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublikasının DİN başçısı təyin etmək istədi, amma Naxçıvan parlamenti bu təyinatı təsdiqləmədi.

Sinirlənmiş İ.Həmidov də demişdi: "Əgər naxçıvanlıların "parlament"i bundan sonra da nazirə qarşı durarsa, oranı cəmi 15 dəqiqəyə darmadağın edib pərən-pərən salaram. Milli maraqlara qarşı çıxanların hamısını məhv edərik. Onlar ağıllarını başlarına yığsınlar!"

Bununla da kifayətlənməyən İsgəndər Həmidov həmin dönəmdə Naxçıvana rəhbərlik edən Heydər Əliyevi həbs etmək üçün xüsusi dəstə də yollamışdı. Ki, həmin qərar siyasi idiotizmlə yanaşı, DİN başçısı postundakı insanın ən absurd və kriminal qərarlarından biri idi.

"Tüpürüm hökumətinə də, müxalifətinə də"

30 mart 1993-cü il. Jurnalist Çingiz Sultansoyun aparıcılıq etdiyi veriliş efirdə olarkən studiyaya qəflətən İsgəndər Həmidov basqın edir.

Verilişin qonaqlarını təhqir edən başabəla nazir sonra deyir: "Ə, əlini belə eləmə sən də! Tüpürüm sizin hökumətinizə də, müxalifətinizə də! Sənə də, buna da! Sənə deyirəm 60 minlik əhali əldən gedir!"

Basqın başa çatanda AzTV-nin qarşısına onlarla şəxs toplaşmışdı ki, onların arasında AMİP partiyasının sabiq sədri Etibar Məmmədov da vardı.

Videonu izləmək üçün şəklə klikləyin:
İsgəndər Həmidov`un Aztv`yə basqınından sonra

"Bu köpəyoğlu məmləkətdə hökumət yoxdur! Nə prezident, nə baş nazir, nə nazir - hamısı bir ....dir! Normal rəhbərlik, normal hökumət olsaydı, belə hadisələrə yol verilməzdi!", - E.Məmmədov hisslərinə hakim olmayaraq demişdi.

Həmin gün AzTV-nin girişində durmuş polis çavuşu isə İ.Həmidovun adamları tərəfindən döyüldüyünü söyləyib: "General Həmidov gəldi, qapını açmağımı istədi. Sonra qışqırdı. Yanındakı adamlar qapını qırıb məni döydülər".

"Döymüşəm, yaxşı eləmişəm! İndi öldürəcəyəm"

İsgəndər Həmidov "Ayna"- Zerkalo" qəzetinin şöbə müdiri Cahangir Hüseynovu amansızcasına döyməsi, ASDP lideri Zərdüşt Əlizadəni isə maşının yük yerinə basaraq "bandotdel"ə aparması ilə də tanınır.

Əlil C.Hüseynovu redaksiyada vəhşicəsinə döyən, jurnalistin dərc olunduğu qəzeti bürmələyib qatlayan və zorla jurnalistə yedirdən İsgəndər Həmidovun bu tərbiyəsizliyinə, cinayətinə cəmiyyətdə çox kəskin reaksiya verilmişdi.

Jurnalistlər isə nazirin qoçuluğunun parlamentdə müzakirəsinə nail olmuşdular.

Videonu izləmək üçün şəklə klikləyin:
İsgəndər Həmidov: Mən də qadın deyiləm ki hamınızın xoşuna gələm..mən kişiyəm

Həmin gün "Azadlıq" qəzetinin redaksiyasına yollanan İ.Həmidov onlarla jurnalistin qarşısında çıxış edərək üzr istəmək əvəzinə "Döymüşəm, yaxşı eləmişəm! İndiyədək kimi döyürdüm. İndi istefa verəcəyəm, öldürəcəyəm!"

DİN başçısının bu yaramaz əməllərinə görə o dönəmin prezidenti Əbülfəz Elçibəy jurnalistlərdən üzr istəmişdi.

Korrupsiya, özbaşınalıq, anarxiya

İsgəndər Həmidov daxili işlər naziri olduğu dönəmdə rüşvətxorluqla korrupsiya ilə amansız mübarizə apardığını, Kəlbəcər işğal olunandan sonra isə çox sivil şəkildə istefa verdiyini söyləyib.

Halbuki məhz bu adamın nazir olduğu dönəmdə DİN ölkədə rühvətxorluğun əsas mənbələrindən birinə, istənilən vətəndaşı istənilən zamanda saxlayıb döyməyə adət etmiş "qoçu"ların çalışdığı yerə dönmüşdü.

İş o yerə çatmışdı ki, sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov nazirin əmrlərini qulaqardına vuraraq "gözü doymayan rühvətxorlarla işim yoxdur" demiş, MTN başçısı Sülhəddin Əkbər isə jurnalistlərin suallarına "Araşdırırıq, faktlar az deyil" söyləmişdi.

Mart hadisələri

1995-ci ilin martında XTPD qiyam qaldırmağa cəhd etmişdi. O qiyamın kölgəsindəki adamlardan biri də məhz İsgəndər Həmidov idi. 400 min dollar məbləğində vəsaitin mənimsənilməsi, 701 cinayətkarın polis idarələrindən və həbsxanalardan qaçışlarının təşkil olunması və s. - İ.Həmidova qarşı irəli sürülmüş ittihamlar çox ciddi idi.

Məhkəmənin qərarı ilə 14 il müddətinə azadlıqdan məhrum edilmiş İ.Həmidov 9 il həbsdə yatandan sonra 2003-cü ilin dekabrın 30-da azad olunub.

"Sivil" istefaya gəldikdə isə...

Mərhum prezident Əbülfəz Elçibəy söyləyirdi: "İsgəndər gəldi otağıma, istefa vermək istədiyini dedi. Dedim get, bir-iki ay gəz, dolan, dincəl. Pəncərə açıq idi. Yaxınlaşdı pəncərəyə. Qan üzünə vurmuşdu, titrəyirdi. "Nədir, istəyirsən özümü buradan atım, balalarım yetim qalsın?! İstefamı qəbul et!" dedi. Gördüm vəziyyət ağırdır, istefanı qəbul etdim".

Məncə, bu sözlər AXC hakimiyyətini çox dəqiq səciyyələndirir.

DİN başçısı prezidentin kabinetinə gedir, orada operettalardakı "kövrək" qəşhrəmanlar təki isteriyaya qapılır, "naçar" prezident də çaşqınlıqla ona baxır, nazirin intiharından qorxaraq onun istefasını qəbul edir.

Əsl tragikomediya.

O məzhəkənin baş oyunçularından biri, demokratiyanın nə olduğunu anlamayan və əsla demokrat olmayan İsgəndər Həmidov indi demokratiyadan danışır.

Əlil jurnalisti yumruqlayan, partiya sədrini maşına basıb aparan, yanında qoçu dəstəsi gəzdirən, televiziyaya basqın edən İsgəndər Həmidov indi mitinqlərə qatılıb ona bələd olmayan, bu adamın şansız həyat yolundan bixəbər gəncləri harasa çağırır.

Azərbaycan siyasətinin canlı eksponatı "diriliş" arzusundadır.

Yenə də xam xəyalda...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.