Siyasət

Bəhruz Quliyev: Yeni dünyanın çağırışları struktur islahatlarını zəruri edir

15 Yanvar 2019 21:59
Baxış: 763

Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən islahat proseslərinin hər birində ölkəmizin də öz payı var.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin struktur dəyişiklikləri ilə bağlı fərmanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində, yeni və müasir dünyanın çağırışları bu islahatları zəruri edir və söz yox ki, beynəlxalq aləmdə islahatçı ölkə olaraq qiymətləndirilən Azərbaycan bu kimi mühüm proseslərdən kənarda qala bilməz: "Artıq dünyanın yeni idarəçilik institutları formalaşır və belə bir formalaşma çevik, dinamik, həmçinin yeni modellər tələbatını da özü ilə bir yerdə cəmiyyətə təqdim edir. Məhz bu baxımdan dünyanın ən islahatçı ölkəsi kimi dəyərləndirilən Azərbaycan bu islahat modellərini beynəlxalq aləmə təqdim edərkən, deyərdim ki, analoqu olmayan yenilikçi təşəbbüsləri ilə xüsusi diqqət cəlb edir. Hazırda dünya dövlətləri Azərbaycanın islahatçılıq modelindən yararlanaraq bunu sözügedən proseslərdə icra edirlər ki, bu faktor da beynəlxalq ictimai-siyasi gündəmdə brend olaraq qəbul edilməkdədir".

Ekspert hesab edir ki, ölkəmizdə struktur dəyişiklikləri daha öncəki illərdə də olub, davamlı xarakter alıb, eyni zamanda, hüquqi bazalar üzərində formalaşdırılıb:

"Təbii ki, bu dəyişikliklər iqtisadiyyatın, biznes mühitinin daha sürətli və rəqabətli inkişafına impuls verir. Lakin islahatların daha bir istiqaməti hüquqi bazalar üzərində reallaşdırılmaqdadır. Misal üçün, əgər biz nəzərə alsaq ki, ölkəmizdə 1993-cü ildən hazırkı dövrümüzə qədər referendumlar keçirilib və onların aralıq vaxtı təqribən 7 ildən bir müddətə təsadüf edir, bu zaman belə bir qənaətə gələ bilərik ki, hər bir inkişafın təməlində hüquqi təkmilləşdirmə dayanır. Daha dəqiq ifadə etsək, hüquqi baza təkmilləşdirilirsə, bu, insan amilinə də öz müsbət təsirini göstərir. Nəticədə siyasi, ictimai, iqtisadi, sosial və digər sahələr həmin islahatlardan bəhrələnir. Yəni idarəetmə funksiyaları modernləşdirilir, zərurətdən doğan tələblərə, çağırışlara müvafiq addımlar atılır. Artıq Azərbaycanda aparılan ardıcıl islahatlar və ondan qaynaqlanan mühüm tandem institusional şəkildə və daim yeniləşmə istiqamətində optimal gerçəkliyini nümayiş etdirməkdədir. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin struktur dəyişiklikləri ilə bağlı verdiyi mühüm qərar həm də dünyaya verilən bir mesajdır ki, Azərbaycan bundan sonra da islahatçılıq yolunu davam etdirərək bu istiqamətdəki liderlik mövqeyini qoruyub saxlayacaq. O da əbəs deyil ki, dövlət başçımız öz çıxışında köhnə idarəetmə sisteminin daha müasir və qlobal çağırışlara cavab verən çevik, yığcam, məqsədyönlü strukturlarla əvəzlənməsi barədə əhəmiyyətli fikirlərini bəyan etdi".

B.Quliyev həmçinin bildirib ki, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və s. önəmli məqsədlər baxımından reallaşdırılan struktur islahatları ölkəmizin balanslı inkişafının təminatında da yüksək keyfiyyətləri ilə müşahidə olunacaq, həmçinin maliyyə yatırımlarının, sərmayələrin qoyuluşuna geniş imkanlar yaradacaq: "Əlbəttə ki, reallaşdırılan proseslər çərçivəsində yeni iş yerləri də açılacaq ki, bu da insanlarımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına münbit şərait yaradır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.