Siyasət

Ermənistan Azərbaycana müharibə ELAN ETDİ - FOTO

13 Sentyabr 2018 14:38
38 Şərh     Baxış: 16 659

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən "Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Milli.Az-a açıqlamasında deyib.

"Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqsyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və "müharibə oyunları" kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür", - o bildirib.

Xatırladaq ki, Ermənistanda başlanmışq "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycana müharibə elan edilməsi barədə qərar qəbul edib.

Bu barədə Ermənistan parlamentinin rəsmi saytında bəyanat yerləşdirilib.

"Ermənistan hökumətinin sentyabrın 12-də qəbul etdiyi "Müharibə elan edilməsi təklifinin bəyənilməsi haqqında" təklifini əsas qəbul edərək və Ermənistan Konstitusiyasının 118-ci maddəsinin 1-ci bəndini, habelə "Ermənistan Milli Məclisinine Nizamnaməsi" Konstitusiya qanununun 105-ci maddəsini rəhbər tutaraq Ermənistanın Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan edir", - parlamentin qərarında deyilir.

Ermənistan ərazisində sentyabrın 11-də başlanmış "Şant-2018" komanda-qərargah təlimləri sentyabrın 14-dək davam edəcək. Ermənistan hazırda şərti hərbi vəziyyət rejimindədir.

"Şant-2018" təlimlərinə Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik edir. Təlimlərin Baş Qərargahının rəisi isə hökumət aparatının rəhbəridir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovvanisyanın dediyinə görə, təlimlərlə bağlı olaraq nazirlikdə sutkaboyu İnformasiya Mərkəzi fəaliyyət göstərir.

"Məkəzdəki xüsusi monitorinq qrupları Azərbaycan və Türkiyənin kütləvi informasiya vasitələrini də izləyirlər", - A.Hovvanisyan deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.