Siyasət

"ATƏT nümayəndələri şablonla gəlmiş, rəyi seçkidən əvvəl hazırlamışdılar"

14 Aprel 2018 07:00
Baxış: 583

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkisi ilə bağlı açıqladığı rəy heç bir real fakta əsaslanmır. Hiss olunur ki, bu rəy sifarişlə, özü də əvvəlcədən hazırlanıb. Bəli, demək olar ki, onlar bura şablon yanaşma ilə gəlmişdilər və seçkinin nəticəsindən asılı olmayaraq, yekun rəyi də hələ seçkidən əvvəl hazırlamışdılar.

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilmiş 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkisi ilə bağlı yaydığı hesabata münasibətində bildirib.

Politoloqun fikrincə, bu qurumun missiyasını heç zaman Azərbaycandakı seçkilərlə bağlı müsbət şeylər maraqlandırmayıb: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycana yalnız tənqidi fikirlər söyləmək üçün gəlmişdilər. Bu şəxsləri Azərbaycanda olan müsbət şeylər qətiyyən maraqlandırmır. Həmin Büronun nümayəndələri bu vaxta kimi Azərbaycanda keçirilən seçkilərin heç biri ilə bağlı müsbət fikir bildirməyiblər, həmişə böyük qalmaqala səbəb olan tənqidi hesabatlar hazırlayıblar. Onlar Azərbaycana ona görə gəlirlər ki, burda yalnız mənfi nə isə axtarıb tapsınlar, hansısa xırda bir məsələni şişirtsinlər, onu böyük problem kimi qələmə verib beynəlxalq siyasi müstəviyə qaldırsınlar. Bu dəfə də elə oldu".

F.Sadıxov qeyd edib ki, bu qurumun müşahidə missiyasının şablon yanaşması var və o şablonun çərçivəsindən kənara çıxa bilmirlər:

"Əslində, onların real qiymətləndirmə qabiliyyəti çox aşağıdır. Çünki bu adamlar reallığı qəbul etmirlər və etmək fikrində də deyillər. İndi onlar guya bizə mentorluq edir, öyüd-nəsihət, ağıl verir, meydan oxuyur, sanki, uşaq bağçasında tərbiyəçi rolunu oynamağa çalışırlar. Əlbəttə ki, Azərbaycan bunu belə qəbul edə bilməz. Bütün ölkələrdə seçkilər zamanı hansısa xırda nöqsanlar olur, amma onları belə bir fonda şişirtmək və mürəkkəb bir məsələ kimi ictimaiyyətə təqdim etmək əsl qərəzli mövqedir. Ona görə də bu mövqeyə adekvat, tutarlı cavab verilməli idi və verildi. Düşünürəm ki, onlara bundan sonra da tutarlı cavab veriləcək. Müşahidəçi missiyası özünü əyalətə gəlib guya kimisə öyrədirmiş kimi aparmamalı, obyektiv, ədalətli yanaşma nümayiş etdirməlidir. Təəssüf ki, biz bunu görmədik, eşitmədik".

İlkin İzzət
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.