Siyasət

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfər ediblər - YENİLƏNİB - FOTO

7 Dekabr 2017 14:03
Baxış: 4 777

14:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabr 7-də Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.

Quba rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi də Prezident İlham Əliyevin 2013-cü, 2014-cü, 2015-ci və 2016-ci illərdə imzaladığı müvafiq sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu il həyata keçirilməsi nəzərdə tutulan "40 yol layihəsi"nin icrası istiqamətində işlər uğurla davam edir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qubanın bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6 metrdir. Layihə çərçivəsində müxtəlif diametrli 27 su ötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, bir aşırımlı, dəmir-beton konstruksiyalı dörd körpü inşa edilib.

Sonra dövlətimizin başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

---------

13:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, "Azərxalça" ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça" ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə "Azərxalça" ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərxalça" ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, "Azərxalça" ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə "Azərxalça"nın bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə "Azərxalça"nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.

Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Sizi yeni xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, çox gözəl hadisədir. Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni, Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olmuşdur. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də "Azərxalça"nın bu fabrikidir. Biz "Azərxalça"nı bu yaxınlarda yaratmışıq. Artıq "Azərxalça"nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək.

Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq.

Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin.

Xalçaçı qadın: Çox sağ olun, bütün bunlar Sizin sayənizdədir. Allah Sizdən razı olsun. Bu sənət bizə nənələrimizdən miras qalıb.

Prezident İlham Əliyev: Bəli, onlar sizi öyrədiblər, siz də gəncləri öyrədirsiniz. Mən burada gəncləri də görürəm. Buna da çox sevinirəm. Yəni, bu sənətə çox böyük maraq var. Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq.

Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq. Sizi təbrik edirəm.

Xalçaçı qadın: Cənab Prezident, çox hörmətli Mehriban xanım, Sizi Qubada görməyimizə çox şadıq. Xoş gəlmisiniz. Biz çox sevinirik ki, Quba rayonunda çoxlu müəssisələr, iş yerləri açmısınız, çox səy göstərmisiniz. Buna görə biz çox sevinirik, Sizə çox minnətdarıq.

Mən özüm 45 ildir toxucuyam, qızım, gəlinlərim də toxucudur, çoxlu sayda yetirmələrim var. Hamısı da bu sənəti sevə-sevə davam etdirirlər. Bizə diqqət göstərdiyinizə, belə yüksək şəraitə görə Sizə çox minnətdarıq. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Burada işləyənlərin əksəriyyəti təcrübəli vətəndaşlardır.

Xalçaçı qadın: Bəli, böyük təcrübəmiz var.

Prezident İlham Əliyev: Burada gənclər də öyrənirlər?

Xalçaçı qadın: Gənclər də öyrənirlər. Bildiyimizi gənclərə öyrədirik, əsirgəmirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

Digər xalçaçı qadın: Cənab Prezidentimiz, hörmətli Mehriban xanım, xoş gəlmisiniz. Çox sağ olun ki, bizim bu gözəl rayonumuza gözəllik qatdınız. Allah Sizdən razı olsun. Bizim gözəl gənclərimiz Sizin sayənizdə toxuculuq müəssisəsinə həvəslə gəlib işləyirlər. Mən özüm gənc toxucuyam, bu kurslara yeni başlamışam. Çox sağ olun ki, bizim üçün belə gözəl, isti, işıqlı şəraiti olan müəssisəni açmısınız. Allah Sizdən razı olsun. Bu gün "ASAN xidmət"imizin də açılışı oldu. Çox sağ olun ki, rayonumuzda belə gözəl şərait yaradırsınız.

Prezident İlham Əliyev: "ASAN xidmət" Quba və qonşu rayonlara xidmət göstərəcək, 500 min vətəndaşa xidmət göstərəcək. İndicə o mərkəzin açılışı olubdur. Məsləhət görürük ki, siz də gedib bu mərkəzin xidmətlərindən istifadə edəsiniz. Orada əhaliyə çox gözəl xidmət göstəriləcək. Orada 170, burada isə 150 iş yeri yaradılıb. İş yerlərinin yaradılması prosesi belə davam etməlidir. Orada da işləyənlərin əksəriyyəti qadınlardır. Biz çalışırıq ki, qadınların məşğulluq məsələlərini həll edək.

Xalçaçı qadınlar: Çox sağ olun, çox minnətdarıq. Allah Sizi qorusun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

----------

13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.

Qeyd edək ki, bu cür layihələrin icrası Azərbaycanda dövlət atributlarına yüksək diqqət və qayğını aydın şəkildə nümayiş etdirir. Belə muzeylər gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onlarda dövlət rəmzlərinə, o cümlədən üçrəngli bayrağımıza olan məhəbbətin daha da artırılmasında mühüm rol oynayır.

Azərbaycanda dövlət atributlarına, o cümlədən üçrəngli, ay-ulduzlu bayrağımıza hörmət, sevgi və ehtiram ümummilli lider Heydər Əliyevin bizə ən böyük əmanətidir. Azərbaycanın şanlı bayrağının ucalarda dalğalanması üçün dahi şəxsiyyət tarixi işlər görüb. Məhz Ümummilli Liderin səyləri nəticəsində bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyev də dövlət atributlarına xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan paytaxtla yanaşı, bölgələrimizdə də müvafiq tədbirlər görülür. Belə işlər arasında Bayraq meydanları və muzeylərinin yaradılmasının böyük əhəmiyyəti var. Qubada yaradılan Bayraq Muzeyi də bu mənada xüsusi önəm daşıyır.

----------

12:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN xidmət" sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər "ASAN xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair "Anlaşma Memorandumu" imzalanıb. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. "ASAN xidmət", həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına Quba "ASAN həyat" Kompleksi barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional "ASAN həyat" Kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada "ASAN xidmət" Mərkəzi, "ASAN təlim" Mərkəzi, "ABAD" Mərkəzi, "ABAD" Məktəbi yaradılıb.

Dövlətimizin başçısı mərkəzlə tanış oldu. Kompleksin "ASAN xidmət" Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba "ASAN xidmət" Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Dövlətimizin başçısı Quba "ASAN xidmət" Mərkəzini işə saldı.

Bildirildi ki, bu günə kimi "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.

Prezident İlham Əliyevə "Ready 2.0" avadanlığı haqqında məlumat verildi. Bu avadanlıq "ASAN xidmət" mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN kommunal" xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verildi.

Bildirildi ki, "ASAN viza 2.0" sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.

Diqqətə çatdırıldı ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.

"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu"nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, maliyyə xidmətlərinin "one-stop shop" prinsipi ilə təqdim edilməsi üçün isə "ASAN finance" elektron portalının yaradılması nəzərdə tutulur.

Dövlətimizin başçısına "Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri" barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarında "ASAN həyat" komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olundu.

Qeyd edək ki, "ASAN həyat" konsepsiyası "ASAN xidmət" Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. "ASAN həyat" Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Quba "ASAN həyat" Kompleksinin kinoteatrında Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin filmləri də nümayiş etdiriləcək. "ASAN təlim" Mərkəzində isə "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına "ASAN" təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin "ABAD" Mərkəzində də oldular.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, kompleksdəki "ABAD" Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

Sonra dövlətimizin başçısı "ABAD"çı ailələrin hazırladıqları yeni məhsullara baxdı.

Qeyd edildi ki, "ABAD" publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. "ABAD"a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, Şamaxının Dəmirçi kəndində "ABAD" sərgi-satış mərkəzləri yaradılıb. Hazırda "ABAD" sərgi-satış mərkəzlərində 167 "ABAD"çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

"ABAD" Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan "ABAD"çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba "ASAN həyat" Kompleksinin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 1,58 hektar olan kompleksin ərazisində fəvvarə, avtomobillər və avtobuslar üçün dayanacaq tikilib, park və uşaq oyun meydançası yaradılıb.

Prezident İlham Əliyev Quba "ASAN həyat" Kompleksinin əməkdaşları ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür. Qubada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Qubada "ASAN xidmət" Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. "ASAN xidmət" artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində "ASAN xidmət" mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və "ASAN xidmət"in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət" Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət"lə maraqlanır. Bizim "ASAN xidmət" bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət" mərkəzləri yaradılır.

"ASAN xidmət" beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində "ASAN xidmət"ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq "ASAN xidmət"lə uğurlu əməkdaşlıq edir.

Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, "ASAN qatar" xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində "ASAN xidmət" mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç "ASAN xidmət" Mərkəzinin açılışı nəzərdə tutulur - Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 "ASAN xidmət" Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, "ASAN" bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. "ASAN"ın öz davranış qaydaları var.

Şadam ki, "ASAN"da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü "ASAN xidmət"də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur. Azərbaycanda könüllülər hərəkatına təkan verən də "ASAN" olmuşdur. Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda - Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə "ASAN xidmət"ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.

Biz "ASAN"ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. "ASAN xidmət" fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq "ASAN kommunal", "ASAN viza", "ABAD" mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni "ASAN"a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi "ASAN kommunal" çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün "ABAD" mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.

Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni "ASAN"a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var "ASAN" bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və "ASAN xidmət"də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm.

"ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. "ASAN" bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma "ASAN"dakı kimi olmalıdır. "ASAN" bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, "ASAN" bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda "ASAN"ın çox böyük rolu var.

Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba "ASAN xidmət" Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

"ASAN həyat" kompleksinin əməkdaşı Tünzalə PİRİYEVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Qubaya xoş gəlmisiniz. Sizin təşəbbüsünüzlə artıq bu gün Qubada da "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayıb. Bu gün kiçikdən böyüyədək hər bir kəs belə bir mərkəzin - kompleksin Qubada acılmasına çox sevinir. Çünki bu Kompleksdə kiçikdən böyüyə hər kəs üçün - həm uşaqlar, həm gənclərimiz, eləcə də bütün əhali üçün asan əyləncə, istirahət və ən əsası rahat dövlət xidmətləri əldə etmək mümkündür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Vətəndaşlara daim şəffaflıqla xidmət göstərən, eləcə də ən qabaqcıl innovasiyaları özündə cəmləşdirən "ASAN xidmət" mərkəzləri Sizin qeyd etdiyiniz kimi Azərbaycan brendidir. Bu, məhz Sizin əsərinizdir. Biz bu gün əminliklə deyə bilərik ki, vətəndaşlarımız bu mərkəzlərin xidmətindən tam razıdırlar. Bəyənmə əmsalı da, qeyd etdiyiniz kimi, 100 faiz təşkil edir.

Bu gündən etibarən həm qubalılar, həm də şimal bölgəsinin əhalisi "ASAN həyat" Kompleksinin xidmətlərindən rahatlıqla istifadə edəcəklər. Bunun üçün bir daha qubalılar adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, mən Qubada böyüyüb boya-başa çatmışam. Səyyar "ASAN"da könüllü olmuşam. Bu gün isə artıq bu mərkəzin işçisiyəm. Mən və bütün gənclərimiz çox gözəl dərk edirik ki, cənab Prezident, Sizin və Mehriban xanımın gördüyünüz işlər bizim gələcəyimiz üçündür. Sizin sayənizdə biz bu günümüzə və uğurlu gələcəyimizə inanırıq.

Cənab Prezident, biz Sizin siyasətinizi daim izləyirik. Demək olar ki, hər ay Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Sizin də vurğuladığınız kimi, artıq dünya ölkələri bizdən nələrisə öyrənməyə çalışırlar. Bu, məhz Sizin uğurlu siyasətinizin nəticəsidir. Mən də hər zaman istəmişəm ki, bu uğurlu siyasətin bir parçası olum, bu yöndə azacıq da olsa, öz töhfələrimi verə bilim. Siz qeyd etmisiniz ki, "ASAN" standartları bütün sahələrə tətbiq olunsun. Bu isə bizim - "ASAN" əməkdaşlarının məsuliyyətini ikiqat artırır. Ona görə də həm öz adımdan, həm əməkdaşlarımız adından Sizə söz verir və əmin edirik ki, bundan sonra da Sizin uğurlu siyasətinizi daim dəstəkləyəcək və Sizlərin layiqli davamçılarınız olacağıq.

Bir daha Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, sağ olun. Sən Bakıda işləmisən, sonra da qayıtmısan?

Tünzalə PİRİYEVA: Bəli, əvvəlcə Bakıda, sonra isə Qubada səyyar "ASAN"da işləmişəm.

X X X

Sonra kompleksin əməkdaşı Fəxriyyə BALAKİŞİYEVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mən də öz adımdan Sizi salamlayıram. Bu gün Qubada istifadəyə verilən "ASAN xidmət"lə yanaşı, "Ailə Biznesinə Asan Dəstək" - "ABAD" mərkəzi də fəaliyyət göstərəcək. Bu, region sakinlərini hədsiz dərəcədə sevindirir. Çünki sakinlərimizin əksəriyyəti kənd təsərrüfatı ilə, sahibkarlıqla məşğuldur və onların dəstəyə ehtiyacı var. Artıq "ABAD" mərkəzinin regionumuza gəlməsi nəticəsində həmin şəxslərə dəstək veriləcək, onlar öz zəhmətlərinin qarşılığını görəcək və daha səylə çalışacaqlar.

Eyni zamanda, Quba şəhərində ilk "ABAD məktəb" də fəaliyyətə başlayacaq. Regionumuzda Azərbaycanın adət-ənənələrini özündə əks etdirən və vaxt keçdikcə itməkdə olan kifayət qədər peşə sahələri var ki, məhz "ABAD məktəb"lər sayəsində həmin peşələr də təkrar inkişaf edəcək və iqtisadiyyatımıza töhfə verəcək. "ABAD məktəb"in yaradılması ilə məhz regionumuzun rifahı yüksələcək, vətəndaşlarımızın həyat səviyyəsi daha da yaxşılaşacaq.

Sizin də vurğuladığınız kimi, artıq kiçik ailə biznesi ilə məşğul olan şəxslər də, kiçik və orta sahibkarlar da iqtisadiyyata, sosial inkişafa öz töhfələrini verəcəklər. Eyni zamanda, bizim dəfələrlə şahidi olduğumuzu vurğulamaq istərdim ki, hansı regionda "ASAN xidmət" fəaliyyətə başlayırsa, özü ilə birlikdə yeni bir mədəniyyət də gətirir. Artıq məhz bizim regionumuzda da gənclər daha çox inkişaf edəcək, bölgəmizin sosial proqramlarına qoşulacaqlar. Biz regionumuzun ən böyük Yeni il şənliyinin "ASAN həyat" Kompleksində keçirilməsi barədə rayon icra hakimiyyətinə və "ASAN xidmət"in rəhbərliyinə müraciət etmişdik. Müraciətimizə müsbət cavab verildi. Məhz bu da biz gəncləri daha çox birləşdirəcək və daha çox sosiallaşdıracaq. Artıq əminliklə deyə bilərik ki, "ASAN xidmət" məhz biz gənclərin mərkəzinə çevriləcək.

Eyni zamanda, bu gün biz gənc kadrlar olaraq "ASAN xidmət" Mərkəzində nəinki sadəcə ictimai xidmətlər göstəririk, həmçinin özümüz də dövlət qulluqçusu təlimlərinə cəlb olunuruq. "ASAN"ın 5 əsas prinsipi var - operativlik, şəffaflıq, nəzakətlilik, rahatlıq və məsuliyyətlilik. "ASAN xidmət" mərkəzləri məhz bu prinsipləri əsas tutaraq yeni nəsil gənc dövlət qulluqçuları yetişdirən bir məktəbə çevrilmişdir. Biz də məhz Sizin sayənizdə həmin məktəbin sadiq davamçıları, sadiq dövlət qulluqçuları olmaqdan fəxr edirik. Buna görə cənab Prezident Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

----------

12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.