Siyasət

"KTMT Ermənistanı qoruya bilməyəcək"

29 Dekabr 2016 19:55
1 Şərh     Baxış: 4 426

2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olduğuna işarədir. Son insidentdə Ermənistan 3 hərbçisini, Azərbaycan isə bir hərbi qulluqçusunun itkin düşdüyünü bəyan edib.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, adətən Dağlıq Qarabağ istiqamətində hərbi toqquşmalar olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibindən və ya katibliyindən açıqlama yayınlanmır. Çünki Ermənistan bu qurumun üzvü olsa da, KTMT-yə üzv olan dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər, yalnız narahatlıq ifadə edilir. Aprel döyüşləri zamanı da KTMT katibliyi fəallıq nümayiş etdirməməklə birbaşa Ermənistanı müdafiə edə bilmədi. Dekabrın 29-da baş verən insident isə Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağdan uzaq məsafədə baş verdiyindən Təşkilatın baş katibi, rusiyalı diplomat Nikolay Bordyuja anında açıqlama yayaraq, baş verən insidentə görə faktiki Azərbaycanı günahkar saydı:

"Birincisi, Bordyuja açıqlamasında Azərbaycanın adını çəkməsə də, dedi ki, "hadisə Ermənistan ərazisində baş verib və bu təxribatdır". İkincisi, Bordyuja qısa açıqlamasında "Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədib. Halbuki, əvvəlki açıqlamalarda daha korrekt - "tanınmayan Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədilirdi.

Nikolay Bordyujanın bu açıqlamasına qarşı Azərbaycan Xarici İşlər Naziri bəyanatla çıxış edib və baş katibin mövqeyi tənqid olunub. XİN-nin bəyanatında belə bir cümlə var: "Ermənistan KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir"".

E.Şahinoğlu hesab edir ki, həqiqətən də, Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisə KTMT-nin yararsız qurum olduğunu və öz üzvünü müdafiə etmədiyinin göstəricisidir: "Çünki əgər rəsmi İrəvanın və baş katib Nikolay Bordyujanın iddia etdikləri kimi Azərbaycanın kəşfiyyat qrupu Ermənistan ərazisində əməliyyat keçiribsə, onda niyə KTMT öz üzvünü qoruya bilmir? Axı təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə hücum olarsa, digər üzv dövlətlər ona hərbi dəstək verməlidirlər. Bu nizamnamədə belədir, reallıq isə fərqlidir. KTMT-nin öz üzvünü birgə qoruması üçün mexanizmi yoxdur. Digər tərəfdən təşkilatın 3 üzvü - Qazaxıstan, Qırğızıstan və Belarus Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Belə olmasaydı, bu gün KTMT-nin baş katibi Nikolay Bordyuja deyil, Ermənistan təmsilçisi olmalı idi.

Məsələ burasındadır ki, oktyabr ayında rotasiya prinsipi ilə KTMT-yə Ermənistan təmsilçisi baş katib seçilməli idi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev "xəstəliyi" ilə əlaqədar İrəvana getmədi, nəticədə təşkilat baş katib seçkisini dekabr ayındakı zirvə toplantısına təxirə saldı. Təşkilatın liderlərinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantsına isə Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Ermənistan prezidenti Serj Sərkisyan budəfəki toplantıdan da əliboş qayıtdı. Baş katibin seçilməsi aprel ayındakı toplantıya qədər təxirə salındı".

Onun sözlərinə görə, Ermənistan siyasətçiləri və eskpertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar: "Bəli, bu belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezidenti qatılmasın və baş katibin seçilməsi yenə ləngisin. Kreml də, nəhayət, anlamalıdır ki, Rusiyanın müttəfiqləri belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Yəni Rusiyanın işğalçı Ermənistanı himayə etməsi tək bizim xoşumuza gəlmir, müttəfiqləri də Kremlin bu siyasətdən narazıdırlar. Ona görə də mümkündür ki, Qazaxıstan və Belarus təmsilçiləri vaxtı bitmiş Nikolay Bordyujanın təxribatçı açıqlamasına qarşı çıxsınlar.

Bütün hallarda KTMT Ermənistanı qoruya bilməyəcək. Dekabrın 29-da baş vetən insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəniki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinın təhlükəsizlik təminatı yoxdur".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.