Siyasət

Amerikanın xarici siyasətinin uğuru (və uğursuzluğunun) sirri

1 Avqust 2015 22:40
0 Şərh     Baxış: 3 566

ABŞ siyasətinin Kuba və İranda uğurlu olub, İraq və Rusiyada isə uğursuz olmasının bir səbəbi varmı? Bəli, var və belə görünür, bu, o qədər də qəliz bir məsələ deyil.

Ötən iyirmi il ərzində "yeni dünya nizamının" xeyir gətirəcəyi ümidləri puç olanlar, yəqin ki, bu qənaətə gəliblər ki, ABŞ-ın xarici siyasəti uğurlu deyil.

ABŞ-ın soyuq müharibə başa çatdıqdan sonrakı və indiki vəziyyətini müqayisə edək. 1993-cü ildə artıq Sovet İttifaqı dağılmışdı və ABŞ-ın qarşısında ciddi geosiyasi rəqib yox idi. İraqın idarəsi hələ də Səddam Hüseynin əlində olsa da, onun hərbi gücü sarsılmışdı. Kütləvi dağıntı silahları üzrə proqramları isə aradan qaldırılırdı. Oslo razılaşmaları Yaxın Şərq sülhünün əldə edilməsini yaxınlaşırmış kimi göstərirdi; əl-Qaidə hələ böyük bir qüvvə deyildi və İranın əlində sıfır nüvə sentrifuqası var idi. Tomas Fridmandan Frensis Fukuyamaya qədər təcrübəli müşahidəçilər insanların bazar əsaslı demokratiya, fərdi azadlıq, qanun aliliyi və digər oxşar liberal dəyərləri qəbul etməkdən başqa seçimləri olmadığını düşünürdülər.

O vaxtdan bəri "ikiqat məhdudlaşdırma" kimi ağılsız bir strategiya, əl-Qaidənin ortaya çıxması və 11 sentyabr hadisələri, İraqda dəhşətli müharibə və ABŞ-ın illərlə İsrail-Fələstin arasında sülh prosesini bacarıqsız şəkildə idarə etməsi daxil olmaqla, bir çox uğursuzluqların şahidi olduq. Hal-hazırda isə Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılığı var və Moskva getdikcə güclənən Çinə yaxınlaşmağa davam edir. Ərəb dünyasını iğtişaşlar bürüyüb, Liviya, Suriya və Yəməndə ABŞ-ın qismən də olsa, məsuliyyət daşıdığı vətəndaş müharibələri hökm sürür. Yeni ekstremist qüvvə - İslam Dövləti - İraqın ABŞ tərəfindən uğursuz işğalı nəticəsində yaranan iqtidar boşluğunu doldurub. Əfqanıstanda gedən 14 illik müharibədən sonra qələbə getdikcə daha mümkünsüz görünür; ölkə daxilində və xaricində demokratik qurumlara inam azalıb və böyük əhəmiyyətə malik olan bəzi yerlərdə avtoritar rejimlər təəccüblü şəkildə möhkəmləniblər.

Uzun sözün qısası, ABŞ-ın xarici siyasətdə hansı uğursuzluqları olduğunu axtarırsınızsa, çox da əziyyət çəkməyəcəksiniz.

Bununla belə, ABŞ kimi güclü olan heç bir ölkə hər şeydə uğursuz olmur və ötən 20 ildən də uzun bir müddət ərzində bir sıra "uğur hekayələri" də yazılıb. ABŞ İsrail və İordaniya arasında sülh sazişi bağlanmasına nail oldu və Bosniya müharibəsinə son qoyulması üçün təşəbbüsü ələ aldı. Nann-Luqar proqramı nüvə silahlarının Sovet İttifaqından çıxarılmasının qarşısı alındı, Prezident Corc U. Buş administrasiyasının "Kütləvi dağıntı silahlarının yayılmasına qarşı təhlükəsizlik təşəbbüsü" ilə koalisiya yaradıldı. Vaşinqton 1994-cü ildə Meksikada valyuta böhranını aradan qaldırdı, NAFTA (Şimali Amerikada Azad Ticarət Assosiasiyası) və Ümumdünya Ticarət Təşkilatının yaradılmasında mərkəzi rol oynadı. Afrikada QİÇS-in yayılması sürəti azaldıldı. ABŞ eyni zamanda İndoneziya, Haiti və Pakistanda humanitar yardım proqramları təşkil etdi. Yeni qüvvələr meydana gələrkən çəkişmə olması labüd olsa da, Vaşinqtonun hətta Pekinlə də əlaqələrin öhdəsindən kifayət qədər yaxşı gəldiyini demək olar.

Birinci prezidentlik dövründə sələfindən qalan qarışıqlıqlarla məşğul olmaq məcburiyyətində qalan Prezident Barak Obama xarici siyasətdə nüfuzunu geri qazandı. Obamanın ikinci prezidentlik dövründə çox şeyə nail ola bilməyəcəyi düşünülsə də, artıq İranla əsaslı nüvə razılaşması imzalanıb. Obama hətta Asiya və Avropa ilə böyük ticarət sazişləri də bağlaya bilər. Administrasiya İslam dövlətini təcrid etmək üçün İraqa yeni bir ekspedisiya qüvvəsi göndərməyə məcbur qalmadan çoxmillətli koalisiya yığmaq planında olduqca irəliləyib.

Beləliklə, Amerikanın yaxın keçmişinə nəzər saldıqda həm uğurlu, həm də uğursuz addımlarını görürük. Bu iki kateqoriyanı müqayisə etsək, hansı dərslər çıxararıq?

Gəlin uğursuzluqlarla başlayaq. Onların əksəriyyətində ortaq hansı cəhət var?

Birincisi, ABŞ-ın atdığı səhv addımların çoxu beynəlxalq əlaqələrlə bağlı müxtəlif liberal nəzəriyyələrə əsassız inamdan irəli gəlir. Daha açıq desək, həm liberal müdaxiləçilər, həm də neokonservativlər belə düşünürdülər ki, demokratiya və bazarların mümkün qədər yayılması sülh və firavanlıq gətirəcək, diktatorları zəiflədəcək və sonda bütün diktatorluqlar olmasa da, əksəriyyəti tarixə qarışacaq. Buna görə də, ABŞ NATO-nun genişlənməsi və müxtəlif vasitələrdən, eləcə də, hərbi gücdən istifadə edərək bir sıra yerlərdə rejim dəyişikliyi aparmaqla prosesi sürətləndirməyə qərar verdi.

Nəticələr isə ürəkaçan olmadı. ABŞ-ın Avropa xaricində stabil demokratiya qurmaq cəhdi uğursuz olmaqla yanaşı, bu böyük plan ABŞ-ın cəhdini öz maraqları və stabilliklərinə birbaşa təhlükə sayan dövlətlərin sərt reaksiyasına səbəb oldu. Rusiyanın Ukraynada yeritdiyi siyasətin də səbəbi ABŞ-ın Ukraynanı tədricən Qərbə çəkməsindən, eləcə də, ABŞ-ın məqsədinin Moskvanın özündə rejim dəyişikliyi etməsindən qorxması idi. Bəlkə də, bu qorxular yersizdir, ancaq Rusiya liderlərinin sərhədlərində görülən siyasi və təhlükəsizlik tədbirləri haqqında həssas olmalarının səbəbini anlamaq üçün dahi olmaq lazım deyil. Təəssüf ki, Avropa və Amerika elitaları liberal ekspansiyanın müsbət təsirləri haqqında öz dediklərinə inandılar və Moskvanın başqa cür düşünə biləcəyini və Qərbin məqsədlərinə mane olmaq üçün aqressiv addım ata biləcəyini qabaqcadan görə bilə bilmədilər.

Uğursuzluğun başqa bir səbəbi də ABŞ-ın gücünün, xüsusilə də hərbi gücün effektivliyinin şişirdilməsidir. ABŞ liderləri İraq, Əfqanıstan, Yəmən, Liviya və bir sıra başqa yerlərdə ABŞ gücünün də sərhəddi olduğunu və hərbi qüvvənin istənməyən nəticələr verə biləcəyini görə bilmədilər. Zəif orduların məğlub edilməsi və xarici liderlərin devrilməsi asan idi, ancaq ənənəvi hərbi üstünlük Vaşinqtona xarici cəmiyyətləri idarə etməyə və ya inadkar yerli üsyançıları məğlub etməyə imkan vermədi.

Amerikanın hər şeyə qadir olduğu düşüncəsi ABŞ liderlərinin rəqib qüvvələri Amerikanın tələblərini qarşılamağa məcbur edə biləcəklərini düşünmələrinə səbəb oldu. ABŞ rəsmiləri illərlə təkid etdi ki, İran uran zənginləşdirilməsi proqramından əl çəkməli, "Əsəd hakimiyyətdən getməli", Rusiya Krımı qaytarmalıdır. Bunlar yaxşı arzulardır, ancaq real deyil və təkid daha yaxşı diplomatik imkanların qarşısını kəsdi. Vaşinqton bəzən Serbiya kimi zəif dövlətlərin gözünü qorxuda bilər, lakin nə Bəşər əl-Əsəd, Səddam Hüseyn, Kim Çen İr, Müəmmar əl-Qəddafi, Mahmud Abbas, nə də İran İslam Respublikası Amerikanın bütün tələblərinə təslim olmadı. Diplomatiyada güzəşt lazımdır. Amerikanın gücünə həddən artıq inam isə Vaşqintonun bunu çox hallarda unutmasına səbəb oldu.

Üçüncüsü, ABŞ-dan uzaqda yerləşən və tamamilə fərqli, daxili çəkişmələr nəticəsində parçalanmış dövlətlərdə genişmiqyaslı sosial mühəndislik istifadə olunan zaman xarici siyasətdə uğursuzluq daha da artdı. Etnik, milli və ya məzhəb baxımından bölünmüş yoxsul ölkələrdə milli quruculuq cəhdləri stabil demokratiya qurulması ilə nəticələnmədiyindən bu uğursuzluqlar da təəccüb doğurmamalıdır. Avropa və Şimali Amerikada stabil demokratiyaya sahib olan ölkələrin indiki vəziyyətə çatmaları üçün bir neçə əsr lazım olmuş və həmin proses olduqca çəkişməli keçmişdir. ABŞ rəsmiləri başqa ölkələri işğal edərək diktatorları devirib, konstitusiya yazıb birbaşa demokratiya qura biləcəklərinə aldandılar.

Uğurlara gəldikdə isə, demək olar, hamısında ABŞ öz təsir gücünün məhdud olduğunu görmüş və beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb bütün tərəflərə sərf edən razılaşmalar əldə etmək üçün ilkin məqsədlərini vəziyyətə uyğunlaşdırmışdır. Bunun ən bariz nümunəsi İranla bağlanan nüvə sazişidir. ABŞ İranla birbaşa danışıqlar aparmağı rədd edib bütün nüvə proqramından əl çəkməsini tələb etdikcə heç bir irəliləyiş əldə edə bilmədi, əksinə İran daha çox uran zənginləşdirməyə davam etdi. ABŞ məntiqli düşünərək ciddi şəkildə danışıqlara başladıqdan sonra isə daha effektiv bir beynəlxalq koalisiya yığmaq və İranın ən az bir on il nüvə bombası əldə etməsinin qarşısını alacaq saziş əldə etmək mümkün oldu.

Uğur əldə edilməsinin bir səbəbi də ciddi danışıqlara keçməzdən əvvəl dəyərləri və idarəçilik prinsipləri ABŞ-dan fərqlənən avtoritar rejimlər qarşısına ağır şərtlər qoymaq əvəzinə həmin rejimlərlə birgə işləmək oldu. ABŞ dövlətlərdən "Kütləvi dağıntı silahlarının yayılmasına qarşı təhlükəsizlik təşəbbüsü"nə qoşulmazdan və ya Nann-Luqardan maddi dəstək almazdan əvvəl demokratiya qurmalarını tələb etmədi. Yekunlaşmaq üzrə olan Trans-Sakit okean Tərəfdaşlığına Avstraliya kimi demokratik quruluşa malik ölkələr və Vyetnamla Bruney sultanlığı kimi birpartiyalı rejimlər də daxildir. Demokratiya qurulmasını istəmək yaxşıdır, ancaq bunun müqavilə bağlanması üçün ilkin şərt kimi irəli sürülməsi diplomatik cəhətdən düzgün deyil.

Son olaraq, nailiyyətlərin əldə edildiyi vəziyyətlərdə iştirakçılar bütün tərəflər üçün yaxşı sonlanacaq həll yolu tapmaq istəyiblər. İranın 20 ildən çox içində olduğu "cəza qutusundan" çıxmaq istəmək üçün əsaslı səbəbləri var. Eləcə də, sazişi imzalayan digər tərəflər üçün İranın nüvə silahına gedən yolun bağlanması sərf edir. Oxşar olaraq, Kuba ilə əlaqələrin yaxşılaşdırılması Kubanın iqtisadiyyatı üçün faydalı olacaq və eyni zamanda burda diktatorluğa son qoyulmasını sürətləndirəcək. Asiya və Avropa ilə ticarət sazişləri ilə ABŞ istədiyi hər şeyi əldə edə bilməsə də, iqtisadi və strateji cəhətdən müsbət təsirlər olacaq.

ABŞ-ın xarici siyasətini müəyyənləşdirən rəsmilər reallığa uyğun məqsədlər izlədikləri vaxt uğurlu, həyata keçirilməsi qeyri-mümkün məqsədlər izləyib hərbi qüvvələrinə həddən artıq arxayın olduqları, başqa dövlətlərin öz maraqlarından əl çəkib onlara deyilənləri etmələrini gözlədikdə isə uğursuz olublar.
4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.