Küçə ticarətçisi Məhəmməd Buəzizinin özünü yandırması ilə 2010-cu ilin sonunda Tunisdən start götürən "ərəb baharı" qısa zamanda böyük bir coğrafiyanı bürüdü. Bu proseslər Tunis, Liviya, Misir və sair ölkələrdə, eləcə də Yəməndə hakimiyyət dəyişikliyinə səbəb oldu. Uzun illər Yəməni idarə edən general Əli-Abdulla Salehinin hakimiyyətinə son qoyuldu. 2011-ci ildə ölkədə qurulan Keçid Şurası müvəqqəti prezident təyin etdi, ardınca da ümumxalq səsverməsi ilə yeni prezident seçildi. Lakin bu demokratik addım belə, Yəməndə daxili münaqişələri başa çatdırmadı. "Husilər" adlandırılan və zeydilər məzhəbinə mənsub yerli şiə qruplaşmalarının kütləvi etirazları günü-gündən güclənməyə başladı. İki ay bundan öncə isə vəziyyətin daha da mürəkkəbləşməsi prezident Abd Rəbbu Mənsur Hadinin və baş nazirin "könüllü" şəkildə istefası ilə nəticələndi.Elxan Şahinoğlu: "İranla Səudiyyə Ərəbistanı arasında bölgədə hakimi-mütləq olmaq uğrunda mübarizə yenidən baş qaldırmaqdadır"
Yəməndəki siyasi dağınıqlıq hazırda özünün ən pik nöqtəsinə çatmaqdadır. Ölkədən qaçan Yəmən prezidentinin öz istefasını geri götürməsinin ardınca, Səudiyyə Ərəbistanı başda olmaqla, müttəfiq dövlətlər Yəməni bombalamaqda, bu da çoxsaylı insan itkisi ilə müşayiət olunmaqdadır. İnqilabların ərəb coğrafiyasına təsiri, Yəməndəki hadisələr, İranın bu proseslərdə rolu və sair sualları "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, "ərəb baharı" əhatə etdiyi regiona nə bəxş etdi? Bu inqilablar ərəb coğrafiyasında daha müasir, daha demokratik üsul-idarənin yaranmasına səbəb oldumu?
- İnqilabların başlanğıcında elə düşünülürdü ki, klassik mənada bu hadisələr avtoritar rejimləri demokratik hakimiyyətlərlə əvəz edəcək. Etiraz aksiyaları, inqilab ilk öncə Tunisdə başladı. Elə nisbətən uğurlu ssenari də məhz Tunisdə reallaşdı. Çox da qan tökülmədən hakimiyyət dəyişdi, normal seçkilər keçirildi. Son terror aktını nəzərə almasaq, indinin özündə də Tunisdə sabitlikdir və ölkə normal idarə olunur. Lakin Liviya, Suriya, Misir, Yəmən kimi ölkələrdə "ərəb baharı" daha çox insan itkiləri ilə yadda qaldı. Düzdür, bəzi ölkələrdə hakimiyyət dəyişikliyi oldu. Ancaq həmin dəyişikliklər, yeni hakimiyyətlər adıçəkilən ölkələrdə sabitliyin təmin olunmasına yol açmadı. Faktiki olaraq həmin ölkələr dağılır. Belə görüntü yaradıldı ki, guya inqilab nəticəsində Liviya xalqı Müəmmər Qəddafi rejimindən, diktaturadan qurtuldu və bundan sonra daha yaxşı inkişaf edəcək. Amma indi Liviya qəbilələrə bölünüb və idarəolunmaz hala düşüb. Terrorçu qruplaşmalar istədiyi kimi bu ölkədə hərəkət edirlər. Eyni mənzərə Suriyada da cərəyan etməkdədir. Suriyada Bəşər Əsəd rejimini devirmək mümkün olmasa da, müxalifət qruplaşmaları ilə uzunmüddətli müharibə ölkəni dağıtmaqda, yaşayış məntəqələrini viran qoymaqdadır. Vətəndaş müharibəsi nəticəsində çoxlu insan həlak olub, minlərlə adam qaçqına çevrilib. İki-üç hissəyə bölünən Suriyada sabitliyin nə zaman yaranacağı, xaosun nə vaxt başa çatacağı bəlli deyil. Ürək açmayan eyni mənzərə bu gün Yəməndə də müşahidə edilməkdədir.
- Dörd il bundan öncə Yəməndə ümumxalq səsverməsi ilə yeni prezident seçilib, demokratik islahatlara start verilib. Belə olan halda ölkə əhalisini, xüsusən də husiləri narazı salan nədir?
- Yəmənin çox böyük bir hissəsi əsasən sünni ərəblərdən ibarətdir. Azlıq təşkil edən zeydi şiələri ölkənin şimalında kompakt halında yaşayırlar. Onlar demək olar ki, ölkə əhalisinin üçdə birini təşkil edirlər. Uzun illər boyu İranın "şiə siyasəti"nin təsiri altında qalan husilər inqilabdan sonra Yəməndə formalaşan yeni hökumətin tərkibi ilə qətiyyən razı deyildilər. Elə ona görə də kabinetin tərkibinin dəyişdirilməsini tələb edirdilər. Hökumət isə buna getmirdi. Bundan irəli gələn narazılıqlar ona gətirib çıxardı ki, yüz minə yaxın döyüşçüsü olan radikal şiə təşkilatı "Ənsar Allah" ötən ilin sonlarında rəsmi Sənaya qarşı cihad elan etdi. Bu məqamda o da xüsusi ilə qeyd olunmalıdır ki, "Ənsar Allah" təşkilatı İrandan maddi-texniki və hərbi dəstək alır. İndi Yəməndə hadisələr elə istiqamət üzrə inkişaf edir ki, mən bu proseslərin Suriyadan daha betər olacağını ehtimal edirəm. Yəmən xalqı silaha meyilli, vuruşqan insanlardır. Bu ölkədəki etirazçılara qarşı böyük bir koalisiya formalaşdırılıb. Yəmən paytaxtının bombalanmasının ardınca, bu ölkəyə quru qoşunları vasitəsilə hərbi müdaxilə ediləcəksə, "Ənsar Allah" qruplaşmasının asanlıqla təslim olacağı real deyil. Bu hadisə bölgədə daha geniş çərçivədə savaşa səbəb olacaq. Onu da nəzərdən qaçırmaq olmaz ki, Yəmən coğrafi baxımdan çox strateji ərazidə yerləşir. Neft daşınmaları Yəmənin yaxınlığındakı boğazdan keçir. Bu faktın mövcudluğu da dünyanın geosiyasətinə çox mənfi təsir göstərə bilər.
- Yəməndəki hadisələrin gedişində diqqət çəkən məqamlardan biri də Abd Rəbbu Mənsur Hadinin və hökumətin martın 22-də istefa verməsi, lakin iki gün sonra prezidentin öz istefa ərizəsini geri götürməsidir. Sizcə bu, nə ilə əlaqədar ola bilər?
- Prezident öz iradəsi ilə istefa ərizəsi yazmadığı kimi, yenə də öz iradəsi xaricində hərəkət edərək ərizəsini geri götürdü. Xalq qarşısına çıxıb geri qayıtması barədə hər hansı bəyanat da vermədi. Sözsüz ki, burada xarici təsirlərin çox böyük rolu var. Bir qədər əvvəl qeyd olunduğu kimi, İran uzun illərdir Yəməndəki şiə qruplaşmalarını gizli yollarla silahlandırır, onlara maliyyə yardımları edirdi. Bütün bunlar nə zamansa partlayış nöqtəsinə gətirib çıxarmalıydı. Bu fakt Yəmənin İran üçün nə dərəcədə strateji ölkə olduğunu sübut edir. Yəmən eyni şəkildə Səudiyyə Ərəbistanı üçün də strateji ərazidir. Bu ölkə öz qonşuluğunda olan Yəmənin İranın təsiri altına düşməsini, burada İranameylli qruplaşmanın hakimiyyətə gəlməsini istəmir. Başqa bir qorxulu məqam Səudiyyə Ərəbistanın özündə də narazı şiə qruplaşmaların olmasıdır. Əgər Yəmən İranın tam nəzarətinə keçərsə, rəsmi Tehranın dəstəyi ilə Səudiyyə Ərəbistanında da şiələr baş qaldıra bilərlər. Ona görə də rəsmi Ər-Riyad Yəməndəki hadisələrə müdaxilə edir, hətta ərəb dövlətləri ilə birləşib bu ölkənin paytaxtını bombalayır, husilərin mövqelərinə hava zərbələri endirir. Ümumiyyətlə, son vaxtlar İran Suriyada, Livanda, İraqda və Yəməndə fəallığını artırıb. Bu fəallıq səbəbi ilə Yəməndə İslamın şiə və sünni adlı iki qolu üz-üzə gəlib. Müasir dünyada belə məzhəb qarşıdurmasının şahidi olmaq çox təəssüfedicidir. İslam inqilabından sonra bölgədə hakimi-mütləq olmaq uğrunda mübarizə İranla Səudiyyə Ərəbistanı arasında yenidən baş qaldırmaqdadır. Bunun üçün Yəmən hər iki dövlətin mübarizə meydanına çevrilib. Digər ərəb ölkələrinin, həmçinin də Türkiyənin bu mübarizədə Səudiyyə Ərəbistanına dəstək verməsi olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər.
- Yəməndə Səudiyyə Ərəbistanı və İranın maraqlarının toqquşması son nəticədə bu ölkənin parçalanmasına gətirib çıxara bilərmi?
- Yaxın tarixlərə qədər Yəmən iki dövlətdən ibarət idi. Sovet təbirincə desək, "soyuq müharibə" illərində kapitalist və sosialist Yəmən dövlətləri olmuşdu. Lakin ötən əsrin 90-cı illərində hər iki dövlət birləşərək vahid Yəmən dövlətinə çevrildi. Son proseslər nəticəsində isə Yəməndə hakimiyyətə qarşı yalnız husilər deyil, eyni zamanda başqa qüvvələr də fəallaşıblar. Bu ittifaqdan yaranan güc nəticəsində həm hakimiyyətin istefasına nail olublar, həm də qanuni prezidenti deviriblər. Bunun əvəzində yeni hakimiyyət qurulmayıb. Xarici ölkəyə sığınan prezident Abd Rəbbu Mənsur Hadi isə yenə də ölkəsini idarə etmək niyyətindədir. Belə bir fonda Yəmənin birinci problemi devrilən qanuni prezidentin xaricə qaçaraq oradan ölkəni idarə etmək istəməsidir. İkinci problem üsyançıların formalaşdıracağı yeni hökumət və prezidentin beynəlxalq aləm, xüsusən də ərəb ölkələri tərəfindən tanınmaması olacaq. Ən nəhayət, üçüncü problem, yaradılacaq yeni hakimiyyət daxilində də yeni problemlərin özünü göstərəcəyidir. Yəni müxtəlif məzhəb sahibləri hakimiyyətdə daha çox təmsil olunmaq üçün mübarizəyə qoşulacaqlar. O zaman Yəməndə ikinci Suriya müharibəsi - vətəndaş qarşıdurması qaçılmaz olacaq. Ərəb dövlətləri ilə paralel olaraq, İsrail də Yəməndə İranameyilli qüvvənin hakimiyyətə gəlməsini istəmir. Hələlik proseslərin gedişində Rusiyanın konkret mövqeyi müşahidə edilmir. Yalnız o məlumdur ki, İran və Rusiya prezidentləri arasında Yəmən mövzusunda telefon danışığı olub. Ona görə də Yəməndəki hadisələrin tezliklə həllini tapacağına inanmıram.
- Üsyançıların Yəmən hakimiyyətini ələ keçirməsinə rəsmi Ankaranın münasibəti necədir? Xaricə qaçan Yəmən prezidentinin təkrar ölkəsinə qayıtmasında və hakimiyyəti ələ almasında Türkiyə nə dərəcədə maraqlıdır?
- Dəqiq kəşfiyyat məlumatları olmasaydı, heç bir ölkə, o cümlədən Türkiyə rəsmiləri də Yəməndəki hadisələrdə İranın rolu barədə danışmazdı. Şiə məzhəbli husilərin qısa zamanda təşkilatlanması, silahlanması, ölkəni ələ keçirməsi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə Səna şəhərini "İranın təsiri altında olan 4-cü paytaxt" adlandırması, İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Əli Şirazinin husiləri dinin düşmənlərinə qarşı çarpışan "qəhrəmanlar" kimi təsvir etməsi proseslərdə İranın rolunu aydın şəkildə ortaya qoyur. Ona görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Yəməndə baş verənlərdə İranı günahlandırıb və ərəb ölkələrinin başlatdığı hərbi əməliyyata dəstəyini ifadə edib. O, İran və terrorçu qrupların Yəməndən çəkilməsinin vacibliyini vurğulayıb. Türkiyə prezidenti ölkəsinin Yəməndə husilərə qarşı başladılan əməliyyata logistik dəstək verəcəyini də bəyan edib. Yəməndə İranameyilli qüvvənin hakimiyyətə gəlməsi Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyənin ərəb ölkələri ilə sıx ittifaq qurmasına çalışıb, Səudiyyə Ərəbistanı ilə müttəfiq olub. Ölkələr arasında siyasi və iqtisadi əlaqələri gücləndirib. Bu səbəbdən rəsmi Ankara Səudiyyə Ərəbistanı əleyhinə olan qərarı Türkiyəyə qarşı da hesab edir. Ərdoğan rəsmi Ər-Riyadın sıxışdırılmasına tərəfdar deyil.
Kaspi.az