Zəngilanın 1993-cü ildə tarixə yazdığı qəhrəmanlıq dastanı göstərdi ki, Azərbaycan türkləri döyüşərək ölməyi əsirlikdən üstün tutan atalarının tarixi ənənəsini unutmayıblar.Yaxud 34 min azərbaycanlı soyqırımdan necə qurtarıldı?
Ətraf rayonlar ermənilər tərəfindən işğal edilmişdi və rayon tam mühasirədə idi. Amma buna baxmayaraq Zəngilan 1993-cü ilin 29 oktyabr tarixinə qədər, ətrafındakı sonuncu yaşayış məntəqəsi işğal edildikdən sonra da döyüşürdü.
Rayon düz altı aydan çox ara vermədən düşmənlə çarpışdı. Yazda erməni hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olundu. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişləndi. Rayon mərkəzi hər gün atəşə tutulurdu. Buna baxmayaraq, rayonun qeyrətli əhalisi təslim olmur və düşməni geri oturdurdu.
1993-cü ilin ortalarında Bakıda və Gəncədə başlamış vətəndaş müharibəsi düşmənin əl-qolunu daha da açmışdı və iyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdi. Sonrakı hakimiyyətsizlik günlərində düşmən daha da gücləndi. Avqustun 23-də Füzuli və Cəbrayılın düşmən əlinə keçməsindən sonra Zəngilan işğal zonasında bir azadlıq adası kimi qalmışdı. Amma təəssüf ki, Azərbaycanın o vaxtkı durumu həmin adanı əldə saxlamağa imkan vermədi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı və oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu. Bununla da, Zəngilanın mühasirəsi başa çatdırıldı. Rayonun işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar.
Düşmən rayonu 3 istiqamətdən mühasirəyə almışdı və rayona sığınmış 34 min adamın Xocalı soyqırımı qurbanlarının taleyini yaşaya bilərdi. Əhalini Arazın gur sularından keçirmək lazım idi. İran hökuməti işə qarışdı və Araz çayı üzərindəki bənddə suyu bağladı. Yalnız bundan sonra əhali çayı keçib xilas oldu.
Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Rayon eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibb müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb.
Zəngilan birinci Qarabağ savaşında 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Azərbaycan xalqı Zəngilanın faciəsini unutmur və unutmayacaq. Gün gələcək, Azərbaycan ordusunun müzəffər üç rəngli bayrağı üç min ildən çoxdur ki, Azərbaycan türklərinə yurd olmuş bu doğma torpaqda dalğalanacaq.
ANS PRESS