Siyasət

Amerikanın sevimli QHT-ləri

17 İyul 2014 17:58
0 Şərh     Baxış: 1 241

Xarici donorların qrant verdiyi təşkilatlar adətən bir dairənin eyni təmsilçiləri olur

USAID-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant müsabiqəsi elan etməsinin doğurduğu ciddi rezonansla bağlı narahatlıq davam edir. Mövzu bir neçə gündür mətbuatın diqqət mərkəzindədir. ABŞ-ın Azərbaycan mediasından xəbərsiz "Azərbaycan mediasının inkişafı üçün" qrant elan etməsi həm gülüş obyektinə çevrilib, həm də narahatlıq doğurub.

Əslində isə bu, ABŞ-ın Azərbaycanda neçə illərdir həyata keçirdiyi siyasətin tərkib hissəsidir. ABŞ-ın Milli Demokratiya İnstitutu, Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Demokratiyaya Dəstək Fondu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu illərdir ki, elə bu prinsiplərlə işləyirlər. Qrant müsabiqələri ictimaiyyət üçün deyil, kiçik bir dairə üçün keçirilir. Bu müsabiqələrin də qalibləri əsasən rəhbərləri müxalifyönümlü şəxslər olan QHT-lər olur. Başqa sözlə desək, Amerika donorları Azərbaycanda əsasən müxalifətə bağlı təşkilatlara qrant ayırırlar. Bu təşkilatların fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparanda aydın olur ki, onlar daha çox müxalif fikirli QHT-lərə qrant ayırırlar.

Aşağıda qeyd edəcəyimiz faktlar da bu iddiaların əsassız olmadığını ortaya qoyur.
Məsələn, Milli Şuranın üzvü olan Leyla Əliyevanın rəhbərlik etdiyi "Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi" İctimai Birliyinə qısa müddət ərzində ümumilikdə 139 min manat qrant ayrılıb. Qrantların mənbəyi isə ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), "Civicus world alliance for" təşkilatı və İrlandiyanın "Front Line Bol" təşkilatıdır.

Xarici donorlar Azərbaycanın hüquq sistemini tənqid edən, məhkəmələrimizin guya yarıtmaz fəaliyyət göstərdiyini bəyan edən QHT-lərə də xüsusi şövqlə qrantlar ayırırlar. Belə QHT-lərdən biri də "Hüquq və İnkişaf" İctimai Birliyidir. Rəhbəri Hafiz Həsənov olan bu təşkilata ümumilikdə 260 min manat qrant ayrılıb. Maliyyə vəsaitini təşkilata ABŞ-ın German Marşal fondu, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Avrasiya Əməkdaşlıq Fondu, Avropa Komissiyası, ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ayırır.

"Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu" İctimai Birliyinin (RATİ) misalında da bunu əyani şəkildə görmək mümkündür. Son illər ərzində bu təşkilat ABŞ donorlarının "sevimlisinə" çevrilib. RATİ Alman Marşal Fondu, Demokratiyaya Milli Dəstək Fondu, Beynəlxalq İfadə Azadlığı Təşkilatı, Beynəlxalq Media Müdafiə Təşkilatı və "Her Majesty the Queen in Right of Canada" təşkilatı tərəfindən dəfələrlə mükafatlandırılıb. Məsələn, ABŞ Alman Marşal Fondu təşkilatın bir, Demokratiyaya Milli Dəstək Fondu beş, Beynəlxalq İfadə Azadlığı Təşkilatı iki, Beynəlxalq Media Müdafiə Təşkilatı yeddi, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası beş layihəsini maliyyələşdirib. Bu təşkilata ümumilikdə altı xarici donor tərəfindən 21 layihə üzrə vəsait ayrılıb. RATİ-nin 3 il ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş layihələrinə ümumilikdə 1 milyon 41 min manat vəsait yönəldilib. Təşkilatın rəhbəri Emin Hüseynli mütəmadi olaraq beynəlxalq təşkilatlara ölkəmizdə demokratiyanın, insan haqlarının pozulması, iqtidarın müxalifət partiyalarını sıxışdırması, son 15 ildə keçirilən seçkilərin qeyri-legitim olması barədə böhtan xarakterli hesabatlar göndərir. RATİ-nin ofisi isə radikal müxalifət partiyalarının dayaq məntəqəsinə çevrilib. Burada mütəmadi olaraq müxalif ruhlu təşkilatların, şəxslərin mətbuat konfransları təşkil edilir. RATİ-nin daim yenilənən saytı da Azərbaycanda baş verən siyasi proseslər haqqında təşkilatın mənafelərinə uyğun olan xəbərlər yaymaqla məşğul olur.

İqtisadi sahədə ixtisaslaşmış və xarici donorların "sevimlisi" olan QHT-lərdən biri də "Azad İqtisadiyyata Yardım" İctimai Birliyidir. Bu təşkilata 396 min manat qrant ayrılıb. İctimai Birliyin rəhbəri siyasiləşmiş şəxsdir. Belə ki, Zöhrab İsmayıl uzun müddət "Azadlıq" qəzetində çalışıb, AXCP-nin üzvü olub, Əli Kərimlinin müşaviri kimi maaş alıb, hazırda isə Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) İdarə Heyətinin üzvüdür. Onun pul ayıranları da tanış təşkilatlardır. ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), German Marşal Fondu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, "OXFAM" humanitar təşkilatı və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi.

Zöhrab İsmayıl da Azərbaycan hakimiyyətinin daimi tənqidçilərindəndir. O da mütəmadi olaraq guya ölkədə korrupsiya hallarının artmasından, korrupsiyanın yaranmasında hakimiyyətin maraqlı olmasından, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasından, hakimiyyətin apardığı yanlış siyasət nəticəsində ölkə büdcəsinin əsasən neftdən asılılığından bəhs edir. O, beynəlxalq tədbirlərdə də iqtisadiyyatın monopoliyada olması, hakimiyyətin ölkədə azad rəqabətə şərait yaratmaması haqda böhtanlar danışır.
Beynəlxalq donor təşkilatlarının ürək açıqlığı ilə qrant ayırdığı digər QHT Leyla Yunusun rəhbərlik etdiyi "Azərbaycan Qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti"dir. Bu təşkilat qısa müddət ərzində beynəlxalq donor təşkilatlarından 357 min manat miqdarında qrant alıb. Ona da maliyyə vəsaitini əsasən ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu, German Marşal Fondu, Ədalət və Təhsil Fondu, bizlərə yaxşı tanış olan "Fredoom House" təşkilatı, Avstriya Knyazlıının Açıq Cəmiyyət İnstitutu, Almaniyanın "Helfen journalisten" təşkilatı, BMT İnkişaf Proqramı, Böyük Britaniyanın və İsveçrənin Azərbaycandakı səfirlikləri ayırıb. Leyla Yunusun kim olduğunu deməyə ehtiyac yoxdur. O, daim Azərbaycanın beynəlxalq imicinin korlanması ilə məşğul olub. Hətta Ermənistanın müxtəlif təşkilatları ilə əməkdaşlıq etməkdən də çəkinməyib.

Özü də maraqlıdır ki, bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır. Sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.