Yerində qalan iqtidar və cəmiyyətin təkərsiz arabası
Təkər. İlk baxışdan adi bir nəsnədir. Alışmışıq, qəribə və ya maraqlı təsir bağışlamır əsla. İndiki Rumıniya və Ukraynanın ərazisində yaşamış qəbilələr Kukuteni dövründə, yəni 5 min il əvvəl təkəri icad etməklə bəşər tarixini dəyişdilər.
Hərəkət sürətləndi, işğalların və yürüşlərin sayı artdı, yük daşımaq asanlaşdı.
İnsan bir yerdən başqa yerə daha rahat şəkildə yollanmaq imkanı qazandı.
Avstraliya, Cənubi Afrika və Amerikada yaşamış xalqlar avropalıları görənədək təkərin nə olduğunu bilmirdilər.
Onların çox asanlıqla fəth edilməsinin səbəblərindən biri də təkərin nə olduğundan bixəbər qalması idi bəlkə.
Təkər indi Anqola, Hindistanın və qaraçıların bayraqlarında, elə həmin Anqola və Hindistan, habelə Vyetnam, Burkina-Faso, Monqolustan, İtaliyanın gerblərində əks olunub.
Ermənistanın bayrağında və ya gerbində təkər yoxdur. Ermənilərin "dünyanın ən qədim sivilizasiyalarından birinə" malik olmaları barədə iddialarına inansaq, onlar təkərin nə olduğunu bilməmiş deyillər.
Amma deyəsən, indiki Ermənistan onillər əvvəl sınmış təkərləri, hələ də, təmir olunmamış köhnə arabadır.
Ölkə irəliyə doğru bir qarış da getmir, yerində sayır.
Köhnə arabanı yerindən tərpətmək istəyənlərin cəhdləri ən yaxşı halda nəticəsiz qalırsa və bir qayda olaraq arabanın yerindəcə yırğalanması ilə kifayətlənirsə, Ermənistanda vəziyyətə müdaxilə etməyə çalışıb süst düşüb bihal qalmış dövləti az qala təpikləyib irəli yönəltməyə can atanlar pərişan olurlar.
Tərpənmir.
Eynən təkərsiz araba təki.
Təhkiyələrdən qurtulsaq və qonşu, eyni zamanda özünü bizə düşmən görən Ermənistanın vəziyyətinə ötəri olsa belə, nəzər salsaq, oradakı cəmiyyətin çoxsaylı xəstəliklərə mübtəla olduğunu aşkar görə bilərik.
Həmin bəlaların əsası tarixi unutqanlıq, uydurma tarix yaratmaq isteriyası və zolloji türk düşmənçiliyindən ibarət olan "hayizm"dir.
Erməni cəmiyyətini birləşdirən bu idefiks Ermənistan dövlət müstəqilliyi qazanandan çox-çox əvvəl, hələ 19-cu əsrin sonlarında "hayizm" xəstəliyinin rüşeymlərini yaratmışdısa, indi hər şeyə və hamıya qarşı nifrətə köklənmiş düşüncə tərzinə çevrilib.
Ermənistanın Rusiyadan tam asılı olduğu, Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü, Cənubi Qafqazdakı bütün iri regional layihələrdən təcrid olunması, iqtisadiyyatının və maliyyə sisteminin viran qalması, "bir oliqarxın iqtisadiyyatı" sisteminin yaradılmasına çalışan iqtidarın ölkənin maraqlarını heçə sayması və s. kimi problemlər bəlli.
Onlar barədə izafi bəhs etməyə lüzum görmürük.
Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətə gəldiyi gündən bəri onun əsas məqsədlərindən biri də müxtəlif ölkələrdə yaşayan ermənilərin diaspor təşkilatlarının təsirindən qurtulmaqdı.
Diaspor qərinələrdir ki, erməni cəmiyyətinin gündəmini müəyyənləşdirirdi və Ermənistan dövlət kimi formalaşandan sonra bu ölkənin xarici siyasətinin məhvərini seçdi.
Yerevandakı iqtidar diasporla birlikdə kütləni daxildəki ən önəmli siyasi, hüquqi, sosial-iqtisadi problemlərdən yayındırmağa nail oldu. Üstəlik, diaspor illərdən bəri Ermənistandakı hadisələrə müdaxilə vasitələrini əlində saxlayaraq, proseslərin kontrol rıçaqlarını daha da gücləndirməyə can atırdı.
Məhz diasporun Levon Ter-Petrosyan, sonra Robert Köçəryan iqtidarlarına təzyiqləri nəticəsində hakimiyyətdə yerdəyişmələr olunur, Yerevanın yürütdüyü siyasətə "bütün dünya ermənilərinin maraqlarının nəzərə alınması" motivləri daxil edilərək üstün yerlər tutur, Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeləri sürəkli olaraq müəyyənləşdirilir, hətta ölkə iqtisadiyyatının hansı sahəsinə nə qədər pul yatırılması bəlirlənirdi.
Təbii ki, daxili siyasətə diasporun təsiri hədsizdi. Partiyaların mövcudluğu, irəliləyiş və geriləməsi, onların hakimiyyət və ya müxalifət düşərgəsində yerlərinin dəyişməsi belə, diasporun istəyindən asılı idi.
Serj Sarkisyan hakimiyyətə gələndən sonra diasporun Ermənistana ayırdığı pullar azalmağa, Yerevan siyasətində oynadığı rol nisbətən zəifləməyə başladı.
Çünki S.Sarkisyan sələflərindən fərqli olaraq ölkə siyasətinin müəyyənləşdirilməsi "hüquq"larını bütünlüklə Rusiyaya verdi. Moskva da təbii ki, Qərbin maraqlarını qulaqardına vurmaq imkanları, sadəcə, olmayan diasporun mövqelərini laxlatmağa başladı.
Sonuc göz qabağındadır: Ermənistanın daxili və xarici siyasətini Rusiya müəyyənləşdirir, diaspor təşkilatları isə S.Sərkisyanı az qala milli xəyanətdə suçlayır.
Əgər əvvəllər Ermənistana diasporun pulu gərəkdisə, Yerevan diasporu "vətənə sərmayə yatırmağa" çağırırdısa və hakimiyyət də diasporun vətənpərvərlik hissləri ilə oynayaraq sırf maddi preferensiyalar əldə etməyə çalışırdısa - indi Serj Sarkisyan diasporun Ermənistanda pul xərcləməsini istəmir. "Pul kisəsi və hami" rolu rəsmən Rusiyadakı erməni diasporuna, əslində isə Moskvaya "həvalə" olunub.
Qərb ölkələrindəki diaspordan isə "antierməni fəaliyyətlərlə mübarizə" istənilir.
Başqa cür ola da bilməzdi. Ermənistana pul yatırmış diaspor mənsublarının çox az qismi yerli düşüncə tərzində, kriminal bandanın idarə etdiyi sistemin məntiqinə uyğunlaşmaq istədilər. Diaspor erməniləri arasındakı iş adamları Ermənistanda müxtəlif "sahib"lərlə "əməkdaşlıq" etmək istəmədilər, gəlirləri müxtəlif məmurlar və Sarkisyan ailəsinin üzvləri ilə bölüşməkdən boyun qaçırdılar, üstəlik hüquqlarının qorunmasını, qanuna riayət edilməsini tələb etdilər.
Yəni bu zavallılar düşündülər ki, Ermənistanda da biznes Qərbdəki kimidir.
Alınmadı.
Rusiya məsələsinə gəldikdə isə Ermənistandakı situasiyaya uyğunlaşmaq tələb olunmur. Anlaşmalar və sövdələşmələr çox böyük sürətlə əldə olunur.
Yerevanla diaspor arasındakı münasibətlər qəlizləşib. Ermənistanın hakimiyyət dairələri diaspor faktiki olaraq heç bir əhəmiyyətli, maraq kəsb edən ideyalar təklif etmir. Serj Sarkisyan rejiminin belə ideyalara ehtiyacı da yoxdur, çünki onlar Yerevanda hakimiyyətin formalaşma və qorunma mexanizmlərini idarə edən məntiqlə ziddiyyət təşkil edir.
Sarkisyan hakimiyyətinin ideya təkərinə ehtiacı yoxdur.
Təkər irəliləyiş, hərəkətin sürətlənməsi üçündür axı...
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





