Siyasət

Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən vasitədir

22 Noyabr 2012 12:10
Baxış: 7 133
İdeologiyasız dövlət olmur

Dövlətçilik tarixini öyrənən alim və tədqiqatçıların ortaq qənaəti bundan ibarətdir ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. İdeoloji əsasları olmayan dövlət tarixi təcrübədə çox nadir hallarda rast gəlinən bir hadisədir.

İdeoloji əsasları olmayan dövlətin uzunömürlülüyü və varisliliyi də həmişə şübhə doğurmuşdur. Bu bir həqiqətdir ki, ideologiyası olmayan dövlətlər tarix səhnəsində müəyyən dövr ərzində funksional vahid kimi mövcud olsalar da, milli maraqları uzunmüddətli təmin edə bilməmiş və tarixin səhnəsindən silinmişlər. Bu mənada, əgər dövlətçilik və milli ideologiyadan, dövlətçilik və milli maraqlardan danışırıqsa, burada mütləq milli ideologiya olmalıdır. Çünki hər şeydən öncə, milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən başlıca mənəvi substratdır. Eyni zamanda, ideologiya milli-mənəvi identikliyi də təmin edən vasitədir. Əgər ideologiya bu qədər zəruri bir vasitədirsə, onun cəmiyyətdə olmaması cəmiyyətin əsas atributlarından birinin olmaması deməkdir. Bu isə heç şübhəsiz, həmin cəmiyyətin inkişafına əngəl törətməklə, ciddi maneələr yaratmaqla cəmiyyətin üst qurumu adlandırılan və sosial sifarişindən yaranan dövlətin də uzunömürlü və varisli olmasına mənfi təsir edir.

Ona görə də, əgər milli dövlətdən danışırıqsa və milli dövləti beynəlxalq münasibətlər sisteminin əsas aktoru kimi səciyyələndirirksə, eyni zamanda, milli dövləti milli iradənin təmsilçisi kimi təqdim ediriksə, milli dövləti hər bir xalqın, yaxud millətin siyasi təşkilatlanması kimi görürüksə, mütləq milli ideologiyanı da dediyimiz institutlaşmanı təmin edən vasitə kimi görməliyik. Əks təqdirdə, dövlətin yaşaması sadəcə olaraq, mümkün deyil. Ona görə də, tarixən qurulan bütün dövlətlər, ilk növbədə, ideologiya axtarışında olublar.

Milli ideologiya milli intibahı təmin edir

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində baş verən proseslər zamanı Sovet imperiyasının iqtisadi-siyasi əsasları ilə bərabər, ideoloji dayaqları da çökdü. Ona görə də, həmin dövrdə postsovet məkanında meydana çıxan milli aktorlar yaşamaları üçün hər nə qədər iqtisadi, milli, intellektual əsaslar axtarışına başladılarsa, bir o qədər də ideoloji axtarışlar etməyə başladılar. Çünki xalq intuitiv olaraq, siyasətçilər isə şüurlu olaraq başa düşürdülər ki, əgər milli aktorun mövcud inzibati-siyasi sərhədləri içərisində hegemon bir birləşdirici ideoloji vasitə olmasa, milli coğrafiyanın, yaxud milli siyasi-inzibati sərhədlərin qorunması olduqca çətin olacaq. Buna görə də, məhz o dövrdə hər bir xalq öz tarixi dəyərlərinə söykənməklə, eyni zamanda, müasir ictimai, siyasi, əxlaqi, mənəvi gerçəklikləri nəzərə almaqla yeni ideologiya axtarışına başladı. Bu ideologiyanı tez tapanlar mənəvi-siyasi böhrandan tez çıxdılar, ideologiya axtarışında uzun müddət ayrı-ayrı istiqamətlərə yönələn, bəzən tərəddüdlərlə üzləşən dövlətlər isə mənəvi-siyasi böhrandan daha gec çıxdılar.

Hesab edirik ki, digər postsovet respublikaları kimi Azərbaycan da bu mərhələni keçdi, öz milli ideologiyasını yaratdı. Yaranmış milli ideologiya Azərbaycanın milli dövlət maraqlarını təmin etməklə bərabər, həm də milli həmrəyliyi təmin edərək ictimai ahəngdarlığı qoruyan mexanizmə çevrildi. Yalnız bundan sonra Azərbaycan müxtəlif növ etnik, siyasi, korporativ, qrup mənafelərindən xilas olmağı bacardı və ümummilli ideologiyanı, azərbaycançılıq ideologiyasını mənimsəyərək inkişaf mərhələsinə qədəm qoymağı bacardı.

Bəs milli ideologiya nədir?..

Bütövlükdə isə əgər ideologiya nədir, yaxud milli ideologiya nədir sualına cavab axtarsaq, deyə bilərik ki, ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini ehtiva və müdafiə edən, sosial reallığı bu mənafelər prizmasından ifadə edən və əməli fəaliyyət direktivləri, oriyentasiyaları olan nəzəriyyələr, ideyalar və məlumatlar sistemi kimi müəyyənləşdirilir. Milli ideologiya öz funksiyalarına görə milli həmrəylik və milli bütövlüyü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar sistemidir. Bunu başa düşmək üçün ideologiyaların nəzəri, empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir. Siyasi ideologiyaların ilk funksiyası yönləndirmədir. Bu funksiya müxtəlif sahələrdə, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir. Yönləndirmə funksiyası müəyyən resurslarla təmin olunmuş subyektlərin fəaliyyət və baxışlar oriyentasiyasını müəyyən edən fundamental mənəvi faktor qismində çıxış edir.

İdeologiyaların növbəti funksiyası səfərbəredici funksiyadır və siyasi fəaliyyətin ideoloji motiv və stimulu qismində çıxış edir. Məhz bu funksiyanın fonunda müəyyən edilmiş siyasi ideoloji məqsədlərin təmin edilməsi naminə resurslar və subyektlər vahid mərkəzdə cəmləşdirilir, məqsədyönlü fəaliyyətə səfərbər edilir. İdeologiyaların inteqrativ funksiyası isə ümumi maraqlar və baxışlar sisteminin üstün tutulması və fərdlərin fəaliyyətlərinin ümumi maraqlar kontekstində stimullaşdırılmasıdır. Eyni zamanda, ideologiyanın başqa bir səciyyəvi xüsusiyyəti birləşdirici vasitə olmasıdır. Milli ideologiya fərdləri, qrupları bir mərkəzdə birləşdirə bilir, milli həmrəyliyin təmin olunması işinə birinci dərəcədə yardım göstərir.
Beləliklə, əgər milli ideologiyanın, yaxud qısaca olaraq ideologiyanın cəmiyyətdə rolunu xarakterizə etməyə çalışsaq, deyə bilərik ki, ideologiya səfərbəredici, maarifləndirici, tərbiyəedici, inteqrativ, adaptiv, kommunikativ səciyyə daşıyan əsas mənəvi substratdır.

Azərbaycanda ideoloji axtarışlar dövrü çoxdan başa çatıb

Əgər belədirsə və milli ideologiya Azərbaycanda azərbaycançılıq adı altında bərqərar olubsa, bu gün bizə milli ideologiya lazımdırmı sualını vermək nə qədər doğrudur? Hesab edirik ki, bu müstəqil Azərbaycanın 20 illik tarixinin birinci 5 illiyində verilməsi lazım olan sual idi. O dövrdə doğrudan da bu sual bir problem kimi Azərbaycan cəmiyyətində dururdu, sonrakı mərhələdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qısa müddətdə həll edildi. Bəziləri bu gün "milli ideologiya lazımdırmı" sualını verməklə, cəmiyyətdə yeni diskussiya, axtarış, yeni istiqamətlənmə meyilləri axtarmağa çalışırlar. Hesab edirik ki, bu, Azərbaycanın içərisində olduğu indiki beynəlxalq şərtlər və daxili münasibətlər müstəvisində həm aktual deyil, həm də heç lazım da deyil. Çünki milli maraqlar və dövlətçilik maraqları ilə bağlı yuxarıda sadaladığımız əsaslar bizim milli ideologiyamızı təmin etmişdir. Ona görə də, yenidən ideologiya axtarışına çıxmaq bir növ geriyə qayıtmaq deməkdir. Hesab edirik ki, bu gün Azərbaycan irəliyə doğru getməlidir, onun geriyə getməyə vaxtı yoxdur. Ancaq əlbəttə ki, bəzi hallarda ayrı-ayrı adamlar tərəfindən ideologiyalı cəmiyyət tənqid edilir, yaxud ideologiyanın lazım olub-olmaması sual kimi qoyulur. Hesab edirik ki, bu, milli maraqlar baxımından zərərli, dövlətçilik mənafeyi baxımından isə təhlükəli bir sualdır. Əgər biz ideologiyanı dövlətçiliyi təmin edən əsas vasitələrdən, mənəvi substratlardan biri kimi təqdim ediriksə onda milli ideologiyadan imtina etməklə bağlı olan çağırışlar məntiq edibarilə, əslində dövlətçilik maraqlarına zidd olan çağırışlar kimi qiymətləndirilə, səciyyələndirilə bilər.

Demokratiyanı ideologiya kimi təqdim etmək cəmiyyəti ideologiyasızlaşdırmaqdır

Bəzi hallarda milli ideologiyanın yerinə demokratiya, hüquqi dövlət, azadlıq kimi anlayışları milli ideologiya kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu, yeni bir baxış və müstəqil fikir deyil. Bu, zaman-zaman imperialist mərkəzlərin ayrı-ayrı cəmiyyətlərdə anarxist demokratiya, yaxud ziddiyyətli demokratiya qurmaq və beləliklə də, həmin cəmiyyətləri istismar etmək məqsədilə ortaya atdıqları imperialist düşüncə ünsürüdür. Demokratiya heç vaxt milli ideologiya ola bilməz. Demokratiya milli məqsəd ola bilər, milli dəyər ola bilər. Azadlıq məqsəd ola bilər, ideologiya ola bilməz. Ona görə də, imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə, bir növ həmin dövlətləri ideologiyasızlaşdırlar. Məqsəd isə aydındır, onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya obyekti kimi gördüyü ölkələri lidersizləşdirmək, ideologiyasızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir.

Ona görə də, məhz bu gün Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, bizim üç düşmənimizdən biri olan müstəmləkəçi ölkələr Azərbaycanda milli həmrəyliyi və ictimai ahəngdarlığı təmin edən milli ideologiyamıza hücumlar təşkil etmək cəhdləri göstərir. Məqsəd də bəllidir. Hesab edirik ki, bu gün Azərbaycan cəmiyyətində belə müzakirələrin açılması və məhz qeyri-peşəkarların və siyasi ambisiyası olanların bu müzakirələri başlaması müstəmləkəçi dövlətlərin maraqlarına xidmət edir.

Təəssüf ki, qeyri-professionallar nə ideologiyanı, nə onun cəmiyyətdəki yerini, rolunu, nə onun funksional, eyni zamanda, mənəvi tərəflərini düzgün izah edə bilmirlər. Beləliklə də, ziddiyyətli fikirlərlə ictimai çaşqınlıq yaradırlar. Əgər bu gün Azərbaycanda hüquqi dövlət qurulursa və bu hüquqi dövlətin əsaslarını ümummilli həmrəylik təşkil edirsə və bu bəzi adamlar tərəfindən etiraf olunursa, onda belə bir sual vermək olar: Bəs ümummilli həmrəyliyi təmin edən vasitə nədir? Heç şübhəsiz, bunu bir cavabı var: milli ideologiya. Belə olan halda, onda niyə milli ideologiyaya hücum edirik? Ona görə də, bir məsələni müzakirəyə çıxaran zaman, yaxud hər hansı məsələ barəsində ümummilli kontekstdə dialoqa girmək arzusunda olan zaman ilk növbədə, problemi mənimsəmək lazımdır ki, təqdim etdiyiniz fikirlər sizin özünüzü təkzib etməsin, ziddiyyətli olmasın.

İdeologiyasızlaşdırmaq, dövlətsizləşdirməkdir

Azərbaycanın bu gün ideologiyasız, lidersiz cəmiyyətə sürüklənməsi, əslində, Azərbaycanın dövlətsizləşdirilməsinə hədəflənən addımlardır ki, bu da əsla milli və dövlətçilik maraqlarımızla üst-üstə düşə bilməz.

Ümumiyyətlə, ideologiyalar bir sıra səciyyəvi xüsusiyyətlərinə görə, müxtəlif qruplarda təsnifatlandırılırlar. İdeologiyalar sosial mənafeyə münasibətinə görə mütərəqqi, mühafizəkar, mürtəce, liberal, radikal, millətçi və beynəlmiləl olur. Sosial bazasına görə, milli, sinfi, qrup və irqi olur, daxili strukturuna görə isə dini, dünyəvi, rasional, irrasional, universal və s. olur. İdeologiyalar nüfuz dairələrinə görə isə milli və ümumbəşəri olur.

Azərbaycançılıq ideologiyası sosial bazasına görə ümummilli, daxili strukturuna görə rasional və universaldır

Hesab edirik ki, əgər bu gün Azərbaycanda təntənə etmiş milli ideologiyanı xarakterizə etməyə çalışsaq, bu ideologiya nüfuz dairəsinə görə milli və ümumbəşəridir, daxili strukturuna görə, dünyəvi, rasional və universaldır, sosial bazasına görə millidir, sosial mənafeyə görə mütərəqqi, mühafizəkar və liberaldır. Əgər bu prinsipləri siyasi, ideoloji cərəyanlarla identifikasiya etməyə çalışsaq, görərik ki, müasir Azərbaycanın milli ideologiyası kimi səciyyələndirilən azərbaycançılıq ideologiyası neokonservativ ideologiyadır. Bu gün inkişaf edən bütün cəmiyyətlərdə demək olar ki, aparıcı ideologiya neokonservativizmdir. Qərb cəmiyyətlərində inkişafın əsasında duran məhz bu ideologiyadır. Neokonservativizm irrasional qərbçilik deyil, irrasional milliyyətçilik də deyil. Nəzərə alsaq ki, neokonservativizmin əsasında liberalizm və konservatizm dayanır, bu ikisinin cəmi neokonservativizmi yaradır. Liberalizm adət-ənənələrə, vərdişlərə münasibətdə tam müstəqil olan, öz müqəddəratını və fəaliyyətini müstəqil surətdə müəyyənləşdirməklə xarakterizə edilən fəaliyyət və düşüncə tərzi kimi səciyyələndirilir. Ümumilikdə isə liberalizmi səciyyələndirən doktrina və konsepsiyaların mərkəzində fərdin azadlığı ideyası durur. Bu ideoloji cərəyanın əsas struktur elementləri və prinsipləri müxtəlif xarakterli nəzəriyyə və konsepsiyalarda zaman-zaman öz əksini tapmışdır. Hesab edirik ki, indiki şəraitdə Azərbaycanda nəzəriyyəçi olmayan, ümumiyyətlə, bu problemdən anlayışı olmayan adamların yenidən ideoloji məsələlərlə bağlı müzakirə açması o qədər də doğru deyil. Konservatizmin əsasında isə cəmiyyətdə ənənəvi təsisatların mövcudluğuna və fəaliyyətinə geniş şəraitin yaradılması durur. Bundan başqa, ictimai ahəngdarlığın və nizamın təmin olunması üçün həyata keçirilən dəyişikliklər və s. durur.

Və nəhayət neokonservatizm (oxu, azərbaycançılıq) bilinməyənə yox, bilinənə, təcrübədə təsdiq edilməyənə deyil, sınaqdan keçmişə, ehtimal olunana deyil, mövcud olana, uzağa deyil, yaxına, bol olana deyil, kifayət edənə, utopikə deyil reallığa üstünlük verir. Bu mənada Azərbaycanda mövcud olan azərbaycançılıq ideologiyası və neokonservativizm Azərbaycanın milli və dövlət maraqlarına cavab verən, Azərbaycan cəmiyyətində bərqərar olmuş, kök salmış bir dəyər kimi mənimsənilmiş ideologiyadır. Hesab edirik ki, belə olan halda, yenidən ideologiya axtarışına çıxmaq yersizdir.

Hikmət Babaoğlu
"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.