Siyasət

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq” – AÇIQ MƏKTUB

24 Fevral 2026 11:28
Baxış: 391

Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib.

 

Milli.Az müraciəti təqdim edir:

 

"Hörmətli Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyle, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumlean, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Visco və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld!

 

Biz - Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrə ixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, sizlərə Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizliyi, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamaları səbəbindən müraciət edirik.

 

Onlar "Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi" barədə sorğu elan edib.

 

Əvvəla qeyd olunmalıdır ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən sorğuda "Dağlıq Qarabağ" termini hüquqi və tarixi baxımdan yanlışdır və ondan istifadə edilməsi qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş çirkin siyasi kampaniyadır. Bu cür yanaşma sorğunun obyektivlik və hüquqi etibarlılıq meyarlarına cavab verməyəcəyini indidən nümayiş etdirir.

 

Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, hər iki dövlət sülh prosesində böyük tərəqqi əldə edib. Sülh sazişinin mətni artıq hazırdır və ötən il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşü zamanı paraflanıb. Aydındır ki, imzalanacaq sülh sazişi iki dövlət arasında gündəlikdə olan məsələləri əhatə edir. İndiki şəraitdə belə bir sorğunun regiondan kənar aktorlar tərəfindən aparılması onun əsas niyyət və məqsədi haqqında böyük suallar doğurur. Bu təşəbbüsün məqsədi iki ölkə arasında normallaşma prosesini pozmaq və inamı sarsıtmaq, revanşizmi alovlandıraraq separatçı meyilləri canlandırmağa hesablanıb. Bu isə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ilk gündən dəstəkləyən, hər iki ölkə ilə artıq strateji tərəfdaşlıq quran Britaniya hökumətinin marağında olmamalıdır. O zaman Britaniya parlamentarilərinin qoşulduğu bu təşəbbüs kimlərin maraqlarına xidmət edir?

 

Sorğunun suallarının məzmunu və forması isə onun obyektiv araşdırma məqsədi daşımadığını açıq şəkildə ortaya qoyur. Suallar faktların neytral şəkildə müəyyən edilməsinə xidmət etmək əvəzinə, sanki artıq "pozuntu"nun "baş verdiyi" fərziyyəsini irəli sürür. Suallarla tanış olan hər kəs aydın şəkildə görə bilər ki, bu sorğu beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa yönəlmiş, qərəzli və müəyyən maraq qruplarının siyasi sifarişi əsasında hazırlanmış ssenaridir.

 

Panelin tərkibi və orada təmsil olunan şəxslərin keçmişdəki ziddiyyətli və qərəzli fəaliyyətləri isə onların bu prosesdəki neytrallığı ilə bağlı ciddi suallar doğurur. Paneldə təmsil olunan britaniyalı deputatlar ötən onilliklər ərzində davamlı anti-Azərbaycan mövqe sərgiləyən şəxslərdir. Maraqlıdır ki, paneldə keçmişdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və işğalçılıq siyasətini dəstəkləyən ənənəvi parlamentarilərdən başqa mövzu üzrə neytral mövqeyə malik heç bir parlamentari daxil edilməyib. Belə olan halda, sorğunun obyektivliyinə kim ümid bəsləyə bilər? Aydındır ki, burada məqsəd hər hansı obyektiv hüquqi nəticəyə gəlmək deyil, artıq mövcud olan qərəzli mövqeyi Britaniya parlamentində aktiv saxlamaqla normallaşma səylərinə Britaniya hökumətinin dəstəyini səngitməkdir.

 

Həmçinin sorğunun ilkin mərhələsində Azərbaycanın heç bir rəsmi qurumu ilə əlaqə saxlanılmayıb, toplanan məlumatlar isə yoxlanılmayıb və təsdiqlənməyib. İkinci mərhələdə isə sorğu çərçivəsində suallar yalnız elektron poçt vasitəsilə cavablandırılır ki, bu da prosesin şəffaflığı ilə bağlı haqlı suallar yaradır.

 

Sorğu çərçivəsində Britaniya parlamentində fevralın 25-də keçiriləcək ilk dinləmədə Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI-nin) dəvəti əsasında "Center for Justice and Truth" adlı QHT-nin müvafiq hesabat təqdim etməsi gözlənilir. CFJT-nin internet səhifəsində yerləşdirilən hesabatda regionun tarixi geniş şəkildə təhrif olunub, separatizm prizmasından təqdim edilib, Qarabağın Azərbaycan ərazisi olması faktı sual altına alınıb. IBAHRI-nin parlamentdəki ilk dinləmə üçün bu cür qərəzli təşkilata müraciət etməsi sorğunun ümumi məqsədinin nədən ibarət olduğunu bir daha ortaya qoyur.

 

Otuzillik işğal dövründə Ermənistan hakimiyyəti tərəfindən Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Ermənistanda Azərbaycan xalqına məxsus yüzlərlə mədəni, dini və tarixi irs nümunələri sistemli şəkildə dağıdılıb, təhqir olunub və mənşəyi təhrif edilib. Eyni zamanda, Azərbaycan xalqına qarşı etnik təmizləmə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bəs nə üçün IBAHRI sözügedən beynəlxalq hüquq pozuntularına diqqət yetirmir? Bu cür yanaşma hüquqi obyektivlik və qərəzsizlik prinsipləri ilə uyğun gəlirmi?

Xüsusilə vurğulamaq yerinə düşər ki, IBAHRI öz rəsmi veb-səhifəsində hüququn aliliyinin təmin edilməsini və beynəlxalq faktaraşdırma sahəsində qərəzsiz hesabatların hazırlanmasını əsas prinsipləri kimi bəyan edir. Əgər IBAHRI hazırkı sorğunu dayandırmayacaqsa və bu prinsiplərə uyğun hərəkət etməyəcəksə, bu halda həmin bu müddəaları rəsmi internet səhifəsindən çıxarmalıdır.

 

Biz bu sorğunun təşəbbüskarlarının fəaliyyətinin Böyük Britaniya Parlamentinin müvafiq etik mexanizmləri çərçivəsində - Britaniya hökumətinin regionla bağlı rəsmi xarici siyasət kursunu sabotaj edən addım kimi araşdırılmasını tələb edir və bu qərəzli yanaşmanı hüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti kimi kəskin pisləyirik.

 

Sorğu prosesinin dərhal dayandırılmasını tələb edirik!

 

Biz Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldu məsələni təxirə salınmadan araşdırmağa və baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq. Biz bu mövzuda səfir Fergus Auld ilə görüşməyə hazırıq".

 

Açıq məktubu imzalayıblar:

 

1. Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

2. Rizvan Nəbiyev - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü

3. Novella Cəfərova - "D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

4. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

5. Səidə Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

6. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

7. Zaur İbrahimli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

8. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri

9. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

10. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

11. Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri

12. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri.

 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.