Siyasət

Tiencində İlham Əliyevin Ərdoğanla görüşü olub - FOTO

1 Sentyabr 2025 07:08
Baxış: 506

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Milli.Az xəbər verir ki, görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı SOCAR ilə Türkiyənin Botaş şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə üzərindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub.  

Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda, Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib. 

Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.

Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.