Siyasət

Müstəqillik günündə Novxanıda Aİ bayrağını kimlər niyə dalğalandırdı?

28 May 2025 19:36
Baxış: 2 172

Hər il olduğu kimi bu il də radikal müxalifət dairələrinin ənənəvi siyasi şousu 28 May - Müstəqillik Günündə səhnəyə qoyuldu. Səhnənin rejissoru isə dəyişməz olaraq qalıb - Əli Kərimli. Onun və başında dayandığı qruplaşmanın əsas məqsədi isə məlumdur: Azərbaycan xalqının müqəddəs bayram gününü siyasi manipulyasiya alətinə çevirmək, süni gündəm yaratmaq və özlərini cəmiyyətə "alternativ" kimi təqdim etmək. Amma bu "təqdimat"ın nə qədər saxta, nə qədər bayağı və nə qədər təhlükəli olduğu artıq cəmiyyətə aydın məsələdir.

Əli Kərimli hər il Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət adı ilə "aksiya" təşkil edir. Fotoaparatlar, planlı kadrlar, sosial şəbəkələrdə paylaşılmaq üçün hazırlanan görüntülər və hazır ssenarilər. O, tükənmiş siyasi resurslarını və dağılan sosial bazasını hələ də varmış kimi göstərməyə çalışır. Halbuki Azərbaycan cəmiyyəti çoxdan bu cür siyasi "PR" oyunlarına inanmır, etibar etmir.

Ən acınacaqlısı isə odur ki, Rəsulzadənin adını dilə gətirərək onun irsindən bəhs edən bu qrup, eyni zamanda Avropa İttifaqının bayrağını qaldırmaqdan çəkinmir. Bəli, Azərbaycan xalqının müstəqillik günündə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun abidəsinə yürüş zamanı Avropa İttifaqının rəmzini nümayiş etdirirlər. Axı bu bayrağın bizim dövlət müstəqilliyimizlə, suverenliyimizlə nə əlaqəsi var? Əksinə, bu təşkilatın bəzi institutları illərdir Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrə açıq və gizli dəstək verir. Avropa Parlamentində separatçı rejimin "nümayəndələri" tribunaya çıxarılır, erməni terrorçuları "mülki fəallar" kimi təqdim olunur, Ermənistanın təcavüzkar siyasəti isə "insan haqları" adı altında ört-basdır edilir.

Əli Kərimli bu reallığı görmür? Təbii ki, görür. Amma onun üçün əsas olan xalqın maraqları deyil, şəxsi və siyasi ambisiyalarıdır. Onun üçün Avropa İttifaqı bayrağının Azərbaycan torpaqlarına hansı münasibətlə yanaşdığı maraqlı deyil. O, yalnız bu bayraq altında öz mövcudluğunu "legitimləşdirmək", xarici dairələrə sadiqliyini nümayiş etdirmək istəyir.

Daha da təhlükəlisi budur: həmin Avropa müşahidəçiləri bu gün Ermənistan ərazisində yerləşərək, Azərbaycanla sərhəddə kəşfiyyat xarakterli müşahidələr aparır. Əllərində binokl, kameralar, peyk vasitələri ilə hərbi mövqelərimizi izləyirlər. Topladıqları məlumatlar isə "obyektiv hesabatlar" şəklində deyil, birbaşa Ermənistanın və Fransanın müdafiə strukturlarına ötürülür. Bu isə artıq diplomatik maskalar arxasında gizlənməyən açıq hərbi təhdiddir.

Bəs Əli Kərimli bu bayraq altında nə axtarır? Niyə Azərbaycan xalqının qanı, canı bahasına qorunan müstəqilliyini Avropanın saxta "demokratiya" şüarları ilə dəyişməyə çalışır? Cavab aydındır - Əli Kərimli və onun kimiləri üçün müstəqillik anlayışı sadəcə bəhanədir. Onların gerçək arzusu ölkəmizdə xaos yaratmaq, qarışıqlıq salmaq və nəhayətində Azərbaycanı xarici dairələrin təsir zonasına salmaqdır.

Əli Kərimli nə qədər çalışsa da, köhnəlmiş siyasi nağıllarını bəzəyib yeni kimi təqdim etsə də, Azərbaycan xalqı artıq bu ssenarilərə inanmır. Xalq öz ordusuna, dövlətinə və liderinə güvənir. Müstəqillik yalnız 28 Mayda deyil, hər gün qorunur və hər gün möhkəmlənir. Bu yolda yer olmayanlar isə sönmüş ideyalarla, yalan vədlərlə, geridə qalmış ambisiyalarla birlikdə sadəcə tarixə qovuşurlar.

Sadiq QARAXAN
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.