Siyasət

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi?

30 Noyabr 2024 11:18
Baxış: 1 205

Bakıda keçirilmiş COP29 iqlim sammiti Azərbaycanın qlobal miqyasda uğuru kimi yadda qalsa da, bu hadisənin daha vacib bir tərəfi də var: qlobal miqyaslı toplantının başa çatması həm də Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlarda elan etdiyi müvəqqəti fasilənin sonu hesab edilə bilər. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, noyabrın sonu və ya dekabrın əvvəlində danışıqlar bərpa olunacaq. Bu mərhələ tərəflərin sülhə real hazır olub-olmamasını göstərmək üçün ciddi sınaq rolunu oynayacaq.

Məntiqlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlar prosesi COP29 öncəsində dayandırıldığı nöqtədən bərpa oluna bilərdi. Nəzəriyyədə belədir - reallıqda isə vəziyyət çox mürəkkəbdir. Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatları ilə hərəkətləri arasında böyük ziddiyyətlərə fasilə verməyərək sülh prosesinə qeyri-konstruktiv yanaşmasını davam etdirir.

COP29 öncəsində Ermənistan növbəti dəfə öz xəyallarını beynəlxalq dəstək üzərində quraraq, Azərbaycan üzərində təzyiq yaradılacağına dair illüziyalara qapılmışdı. İrəvan ümidlənmişdi ki, kollektiv Qərb rəsmi Bakıya təzyiq göstərəcək və Bakı sammit çərçivəsində natamam, "çiy" sülh sazişini imzalamağa məcbur ediləcək. Ermənistan belə bir ssenari ilə Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan şərtləri sazişdən çıxarmaq və öz maraqlarını təmin etmək üçün fürsət əldə edəcəyini düşünürdü. Belə yanaşma əslində İrəvanın 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Bakının formalaşdırdığı reallıqları qəbul etmək istəmədiyini və əvvəlki təxribatçı siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirirdi.

Bakı bu cür təzyiq və manipulyasiyalara qarşı möhkəm dayanaraq bir daha prinsipial mövqeyini ortaya qoydu. Azərbaycan açıq şəkildə bildirdi ki, milli maraqlarına zidd olan və postmüharibə reallıqlarını gözardı edən hər hansı təklif qəbul edilməyəcək. Xarici təzyiqlərlə Azərbaycanın sülh sazişi imzalamasına nail olmaq cəhdləri bir daha uğursuzluğa düçar oldu. Ermənistanın COP29-dan öncəki strategiyası gözlənildiyi kimi nəticə vermədi və bu, İrəvanın beynəlxalq arenada mövqeyinin zəifliyini bir daha üzə çıxardı.

Azərbaycanın möhkəm duruşu fonunda Ermənistanın taktikası yalnız İrəvana müəyyən qədər vaxt qazandırmaqdan başqa heç bir nəticə vermədi. Bu müddət ərzində Ermənistan vəziyyəti analiz edərək gələcək addımlarını yenidən nəzərdən keçirmək imkanı əldə etdi. Lakin təəssüf ki, bu müddət ərzində İrəvanın siyasətində heç bir konstruktiv dəyişiklik müşahidə olunmadı. Əksinə, Ermənistan əvvəlki kimi, reallıqları qəbul etməkdən yayınaraq, təxribatçı ritorikasını davam etdirməyə üstünlük verdi.

COP29-un keçirilməsi əslində, Ermənistan üçün vəziyyəti konstruktiv yanaşma ilə dəyişdirmək üçün müstəsna fürsət ola bilərdi. İrəvan imkandan yararlanaraq Bakı ilə real dialoqa yönəlmiş addımlar ata və regionda uzunmüddətli sülhün təmin olunmasına töhfə verə bilərdi. Bunun əvəzinə, Ermənistan bir daha özünü beynəlxalq təzyiqlərə bel bağlayan, reallıqlardan uzaq bir mövqedə göstərdi. Belə yanaşma nəinki Ermənistanın danışıqlarda mövqeyini zəiflədir, eyni zamanda regionda sülh perspektivlərini də sual altına alır. Azərbaycan isə, öz növbəsində möhkəm və prinsipial mövqeyini qoruyaraq həm diplomatik, həm də digər mümkün ssenarilər üçün tam hazırlıqlı olduğunu bir daha sübut etdi. Ermənistanın bu illüziyaları yalnız İrəvanın reallıqdan nə qədər uzaq olduğunu göstərir və bu siyasət regionun sabitliyi üçün ciddi təhdid olaraq qalır.

COP29-dan sonra Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi müsahibə İrəvanın sülh prosesində həqiqi irəliləyişə nail olmaqdan çox, taktiki üstünlük qazanmağa çalışdığını bir daha sübut etdi. Paşinyan sülh sazişinin ilin sonuna qədər imzalanmasına hazır olduğunu bəyan etsə də, təklif etdiyi "kompromislər" daha çox görüntü xatirinə gündəmə gətirilən, əslində isə vaxt qazanmağa və Azərbaycanın strateji planlarına mane olmağa yönəlmiş addımlar idi. Təkliflərdən biri avropalı müşahidəçilərin delimitasiya olunmuş sərhəd bölgələrindən çıxarılması məsələsini əhatə edirdi. Ermənistanın əvvəlcə Avropa İttifaqını regiona müşahidə missiyası göndərməyə təşviq etməsi və indi isə onların fəaliyyətini məhdudlaşdırmağa yönələn çağırışları, sülhə xidmət edən real addımlardan çox, İrəvanın öz maraqlarına uyğun taktiki manevrləri kimi qiymətləndirilir. Azərbaycan isə bu məsələdə prinsipial mövqedən çıxış edərək, Praqada əldə edilmiş razılaşmaların tam icrasını tələb edir və birtərəfli yanaşmaları qəbul etmir.

Ermənistanın digər "kompromisi" isə məhkəmə iddialarından qarşılıqlı imtina təklifi oldu. Bu təklifin mahiyyəti Azərbaycanın işğal dövründə ekoloji fəlakətlərə və təbii resursların talanına görə beynəlxalq məhkəmələrə müraciət niyyətinə mane olmaqdan ibarətdir. Qeyd edilməlidir ki, Azərbaycan tərəfindən təqdim ediləcək hüquqi iddiaların ümumi məbləğinin milyardlarla dollar təşkil edəcəyi gözlənilir. Bu isə iqtisadi baxımdan artıq çətin vəziyyətdə olan Ermənistan üçün ciddi maliyyə yükü deməkdir.

Ermənistanın məhkəmə iddialarından qarşılıqlı imtina təklifi, əslində, hüquqi məsuliyyətdən qaçmaq və özünün törətdiyi ekoloji cinayətlərin beynəlxalq səviyyədə tanınmasının qarşısını almaq cəhdindən başqa bir şey deyil. Ermənistanın bu cür təklifləri sülh prosesini irəli aparmaqdan çox, diqqəti yayındırmağa və mövcud problemləri ört-basdır etməyə xidmət edir. Beləliklə, Ermənistanın irəli sürdüyü "kompromislər" ilk baxışdan konstruktiv görünsə də, əslində, onların arxasında gizlənən niyyətlər, sülh prosesinə səmimi yanaşmanın olmadığını göstərir.

Ermənistanın Konstitusiyası da sülh prosesinin qarşısında ən ciddi maneələrdən biri olaraq qalır. Nikol Paşinyanın son müsahibəsində verdiyi bəyanat, yəni Konstitusiyada heç bir dəyişiklik edilməyəcəyi barədə mövqeyi İrəvanın qonşuları ilə real sülhə hazır olmadığını bir daha göstərdi. Ermənistan Konstitusiyasında Qarabağa dair ərazi iddialarının saxlanılması və bu maddələrin dəyişdirilməməsi, İrəvanın sülh prosesinə formal yanaşmasını açıq şəkildə nümayiş etdirir. Ermənistan bu müddəalarla özünü hüquqi baxımdan gələcəkdə yeni ərazi iddiaları üçün "açıq qapı" saxlayan mövqedə yerləşdirir ki, bu da sülhə deyil, bölgədə gərginliyin təzədən alovlanmasına xidmət edir.

Bakı İrəvandan müharibənin nəticələrini qəbul edərək, Ermənistanın hər hansı ərazi iddialarından rəsmi imtina etməsini tələb edir. Amma Konstitusiyada dəyişikliyin olmaması, Ermənistanın bu tələbi qəbul etmək niyyətində olmadığını göstərir. Beləliklə, bu yanaşma sülh prosesinə kölgə salır və Ermənistanın regionda dayanıqlı sülhün təmin olunmasına maraqlı olmadığını ortaya qoyur. Bununla yanaşı, Konstitusiyada ərazi iddialarını qorumaqla Ermənistan öz xalqını növbəti illər ərzində revizionist və revanşist siyasətə yönəltmiş olur ki, bu da bölgədə yeni qarşıdurma ehtimalını artırır. Bu siyasət təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyə ciddi təhdiddir.

Ermənistanın bu addımı həm də İrəvanın beynəlxalq öhdəliklərə münasibətini şübhə altına alır. Sülh prosesində tərəf kimi çıxış edən bir dövlətin öz Konstitusiyasında qonşu ölkənin ərazisinə iddiaları qoruması, həmin dövlətin beynəlxalq hüququ pozmaqda davam etməsi deməkdir. Bu yanaşma Ermənistanın sülh niyyətinin yalnız sözdə olduğunu və əslində prosesin sabotajına çalışdığını göstərir.

Konstitusiya dəyişikliyi Ermənistanın sülh prosesinə həqiqi bağlılığının əsas göstəricilərindən biri ola bilərdi. Paşinyanın son bəyanatları göstərir ki, İrəvan sülhə səmimi yanaşmaq əvəzinə, mövcud vəziyyətdən vaxt qazanmaq və gələcəkdə münaqişəni təzədən alovlandırmaq üçün istifadə etməyə çalışır. Ermənistanın bu mövqeyi həm Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə, həm də bölgədə beynəlxalq hüquqa əsaslanan sülhün qurulmasına maneədir.

Konstitusiyada dəyişikliklərin olmaması yalnız Ermənistanın siyasi və hüquqi reallıqlardan uzaq olduğunu sübut etməklə bahəm gələcəkdə mümkün diplomatik uğursuzluqların əsasını qoyur. Azərbaycan isə bu reallıqla üzləşərək, hər zaman olduğu kimi, həm diplomatik səhnədə, həm də müxtəlif ssenarilərə hazır olaraq öz milli maraqlarını müdafiə etməkdə qətiyyətlidir. Ermənistan üçün isə bu vəziyyət danışıqların dalana dirənməsi və sülh perspektivlərinin daha da mürəkkəbləşməsi ilə nəticələnə bilər.

Bakının sülhə olan sadiqliyini və bu istiqamətdəki ardıcıl səylərini dəfələrlə nümayiş etdirmişdir. Lakin rəsmi Bakı birmənalı şəkildə bəyan etmişdir ki, bu sülh milli maraqların qorunması və postmüharibə reallıqlarının tam şəkildə qəbul edilməsi çərçivəsində mümkündür. Azərbaycanın prinsipial mövqeyi müharibənin nəticələrinin sıfırlanmasını və ya danışıqlar yolu ilə dəyişdirilməsini qeyri-mümkün edir. Sülh sazişi üzrə Azərbaycanın irəli sürdüyü əsas tələblər isə dəyişməz olaraq qalır və bu, Ermənistanla danışıqların uğurla yekunlaşması üçün əsas şərtlərdir.

Əvvəla, Azərbaycanın ərazi bütövlüyünün, o cümlədən Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanınması danışıqların aparılması üçün ilkin və zəruri şərtdir. Bu tələb beynəlxalq hüquq prinsiplərinə əsaslanır və Azərbaycanın milli suverenliyinin toxunulmazlığını təmin edir. Hər hansı şübhə doğurmayan bu tələb həm də regionda uzunmüddətli sülh və sabitlik üçün baza rolunu oynayır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz şəkildə tanıması, həm də müharibənin nəticələrinin hüquqi və siyasi təsdiqini ifadə edir.

İkincisi, Ermənistanın hər hansı ərazi iddialarından rəsmən imtina etməsi zəruridir. Ermənistanın Konstitusiyasında və ya digər rəsmi sənədlərində Azərbaycanın ərazisinə dair iddiaların saxlanılması regionda yeni gərginliklərin yaranmasına zəmin yarada bilər. Bu cür yanaşma yalnız tərəflər arasında mövcud gərginliyi dərinləşdirər və sülh prosesini səmərəsiz edər. Buna görə də, Ermənistan ərazi iddialarına rəsmən son qoymalı və bu mövzuda gələcəkdə hər hansı spekulyasiyadan çəkinməlidir.

Nəhayət, Ermənistan işğal dövründə Azərbaycanın ərazilərinə vurduğu zərərlərə görə təzminat ödəməlidir. İşğal illərində Azərbaycanın maddi və mənəvi sərvətləri talan edilmiş, təbii resursları qeyri-qanuni şəkildə istismar olunmuşdur. Bununla yanaşı, ərazilərdə törədilmiş ekoloji cinayətlər və mədəni irsin məhv edilməsi beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməli və Ermənistanın bu məsuliyyətdən yayınmasına yol verilməməlidir. Təqdim ediləcək hüquqi iddiaların məbləği milyardlarla dollar həcmində ola bilər ki, bu da Ermənistanın öz məsuliyyətini dərk etməsini təmin edəcək.

Əgər Ermənistan bu tələbləri nəzərə almasa və onların icrasına istiqamətlənmiş konkret addımlar atmasa, sülh danışıqları yenidən dalana dirənə bilər. Azərbaycan isə yaranmış vəziyyətdən asılı olmayaraq həm diplomatik dialoqa, həm də müxtəlif ssenarilərə tam hazır olduğunu dəfələrlə sübut etmişdir. Rəsmi Bakı sülh prosesinin uğurla başa çatdırılmasına üstünlük versə də, milli maraqların təmin olunması və dövlət suverenliyinin qorunması naminə zəruri olan istənilən vasitədən istifadə etmək hüququnu özündə saxlayır. Ermənistan üçün isə bu seçim tarixi bir sınaqdır: ya sülh və sabitlik yolunu seçərək regionun inkişafına töhfə verəcək, ya da illüziyalardan əl çəkməyərək yeni gərginliklərə səbəb olacaq. Bu vəziyyətdə isə Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək və hər zaman regionun siyasi, iqtisadi və təhlükəsizlik mənzərəsini öz maraqlarına uyğun şəkildə formalaşdırmağa davam edəcəkdir.

COP29-dan sonra danışıqların bərpası İrəvan üçün əsl sınaqdır. Ermənistan ya real kompromislərə gedərək qonşuları ilə mehriban qonşuluq münasibətlərini quracaq, ya da keçmişin illüziyalarına sadiq qalaraq, yeni təxribatlara əl atacaq.

Bakı aydın şəkildə göstərir ki, sülhə yalnız postmüharibə reallıqlarını nəzərə alaraq nail olunacaq. Paşinyanın sülh müqaviləsinə yönəlmiş danışıqlarla bağlı bəyanatların sözlərdə qalması, lakin əməli addımların olmaması regionda uzunmüddətli sabitliyə təhlükə yaradır.

İrəvan seçimini etməlidir. Fəqət, əsla unutmamalıdır ki, sülh yalnız qalib tərəfin tələbləri çərçivəsində mümkündür.

Elçin Alıoğlu
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.