Siyasət

Paşinyan görüşdən niyə qaçdı?

19 İyul 2024 11:29
Baxış: 921

İngiltərənin Oksford şəhərində "Avropa Siyasi İcması"nın 4-cü Zirvə toplantısı keçirildi. Sadəcə Avropa İttifaqı ölkələrinin yox, Avropa dövlətlərinin liderlərinin qatıldığı inklüziv format olan bu sammitdə Ukraynadakı hərbi əməliyyatlar, Avropanın təhlükəsizliyi və demokratiya ilə yanaşı, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatı və problemli məkanlarla dayanıqlı sülhlə stabilliyin bərqərar olması məsələləri vardı.

Sammit əsnasında Britaniyanın baş naziri Kir Starmerin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də gözlənilirdi. Lakin N.Paşinyan görüşdən imtina edib.

Məntiqsiz və bir qədər isterik qərardır.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarının açılması, hələ də erməni işğalında olan 4 kəndimizin azad edilməsi, normal dövlətlərarası münasibətlərin qurulmasına başlanması və s. - bütün bu məsələlər Bakı ilə İrəvan arasındakı əlaqələrin yaranmasına yox, bütün Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olmasının əsasını təşkil edəcək məqamlardır. Bəhs olunan problemlərin müzakirəsi və razılaşmaların əldə edilməsi prosesində növbəti, heç də nəticəsiz və ya əhəmiyyətsiz olmayacaq mərhələ Oksforddakı sammit ola bilərdi.

Olmadı, çünki Ermənistanın baş naziri demarş etdi.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev olayı belə şərh edib: "Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.

Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk".

Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan demarş barədə belə açıqlama verib: "Britaniyadakı sammit çərçivəsində Ermənistanın baş naziri və Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif etdik. Lakin Azərbaycan tərəfi bu təklifi rədd etdi. Ermənistan tərəfinin təklifi qüvvədədir. Bundan başqa, yüksək səviyyədə danışıqları aktivləşdirmək və bir ay ərzində sülh müqaviləsi imzalamaqla bağlı təklifimiz də qüvvədədir".

Belə absurd bəyanatdan sonra daha biri səsləndi: "Baş nazir Nikol Paşinyan nəinki görüşdən imtina etməyib, hətta elə indi ikitərəfli görüş keçirməyə hazırdır. Azərbaycan tərəfi ikitərəfli görüşdən imtina etdi və bəyan etdiki Böyük Britaniyanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş keçirməyə hazırdır".

Göründüyü kimi, rəsmi İrəvan baş verənləri tam əksinə qələmə verərək Bakının məhz Britaniyanın baş nazirinin iştirakı ilə görüş keçirmək istədiyini, Ermənistanın ikitərəfli görüş formatına sadiq olduğunu göstərməyə çalışır.

Təbii ki, Nikol Paşinyanın siyasi etika və mədəniyyətdən, məntiq və siyasi əxlaqdan çox kənar demarşından sonra nə rəsmi London belə görüşü bir daha təklif etmədi, nə də Bakı sammitə ev sahibliyi edən Britaniyaya sayğısından dolayı, ev sahibinin ilkin fəaliyyəti olmadan belə görüşə razılaşmadı.

Ən maraqlı məsələ odur ki, Nikol Paşinyan kimin göstərişi və təlimatı ilə bu demarşı gerçəkləşdirdi?

İlk güman təbii ki, Fransa prezidenti Emmanuel Makrondur.

"Avropa Siyasi İsması"nın 4-cü Zirvə toplantısının ideya müəllifi məhz E.Makrondur və rəsmi Parisin də ermənilərə təlimt verərək görüşdən boyun qaçırmağı tapşırmaları şübhə doğurmur.

Fəqət, tək Makronmu?

Emmanuel Makronun dəstəyinin və təlimatlarının Nikol Paşinyan üçün Britaniyanın baş naziri Kir Starmerin təklifini qulaqardına vurması üçün yetərli olduğunu düşünmürük.

Çünki "oyunçu"lar arasında lider mövqeni ABŞ tutmaq istəyir.

NATO-nun Vaşinqtonda keçirilmiş yubiley sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə təşkil olunmuq görüş başa çatandan dərhal sonra Birləşmiş Ştatlar "danışıqların Vaşinqton formatına qayıdış"a işarə vurmağa başlamışdılar.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatını xatırlayaq: "Düşünürük ki, Azərbaycanla Ermənistan arasında anlaşma mümkündür. Anlaşma hər iki tərəfdən çətin seçim və çətin güzəştlər tələb edir. Bu səbəbdən də tərəfləri fikir ayrılıqlarını aradan qaldıraraq razılaşmanı əldə etməyə çağırmağa davam edəcəyik".

Daha sonra isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları məsələləri üzrə müavini Uzra Zeya belə bir açıqlama ilə çıxış etdi: "Dağlıq Qarabağda insan haqları və humanitar böhranla, habelə 100 mindən artıq köçürülmüş insanla bağlı ABŞ dərin narahatlıq keçirir. ABŞ Azərbaycanı Dağlıq Qarabağda ermənilərin hüquq və təhlükəsizliyini, həmçinin onların mümkün qədər tez müddətdə təhlükəsiz, könüllü, ləyaqətli və stabil qayıdışını təmin etməyə çağırır. İstəyən hər kəs eminə qayıda bilməlidir".

Rəsmi Vaşinqton, göründüyü kimi, qəsdən və bilərəkdən "Dağlıq Qarabağ", "köçürülmüş qarabağlı ermənilər" ifadələrindən yararlanır, Bakıya aşkar şəkildə təzyiq göstərir. Bakı ilə İrəvan arasında imzalanacaq mülh müqaviləsində əlahiddə bənd qismində məhz "qarabağlı ermənilərin qayıdışı" ilə bağıl müddəanın yer alması Vaşinqtonun istəyidir.

Fransa və ABŞ ermənilərə təzyiq göstərir, vədlər verir, şirnikdirir, tovlayır və rəsmi İrəvanı Bakı ilə birbaşa, ikitərəfli sülh danışıqlarından maksimum uzaqlaşdırmağa çalışırlar.

Vaşinqton və Parisin təlimatları ilə davranan Nikol Paşinyan həm də Britaniyanın baş naziri Kir Starmerə sayğısızlıqdır. Halbuki Entoni Blinken və Emmanuel Makrondan fərqli olaraq, Kir Starmer vasitəçilik, yaxud moderatorluq iddiasında deyildi.

O, sadəcə görüşün təşəbbüskarı və təşkilatçısı missiyası ilə çıxış etmişdi.

Britaniyanın son vaxtlar Ermənistanla münasibətlərlə əlaqələrini sürətlə genişləndirərək keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə can atdığını nəzərə alsaq, Oksforddakı sammit zamanı N.Paşinyanın demarşı rəsmi London üçün müəyyən mənada dərs olmalıdır və Britaniyanın ermənilərin "dərs"indən nəticə çıxaracağına ümid edirik.

Rəsmi İrəvana gəldikdə, məqsəd aşkardır: Nikol Paşinyan sülh sazişinin imzalanmasına yönəlmiş danışıqların ikitərəfli formatını dəyişməyə, bundan sonra yalnız ABŞ və ya Fransanın iştirakı ilə müzakirələr aparmaq fikrinə düşdüyünə işarə vurur.

ABŞ Dövlət Departamenti yetkililərinin Bakıya təzyiq göstərmək cəhdlərini və Ermənistanın tam dəstəklənməsinə yönəlmiş bəyanatlarını nəzəər alsaq, ehtimal etmək olar ki, Nikol Paşinyanın Oksfordda siyasi əxlaq və tərbiyədən çox uzaq hərəkətii spontan qərar yox, Vaşinqtonla məsləhətləşmələrdən sonra atılmış addımdır.

Eyni zamanda Vaşinqton bu demarşla Londonu Cənubi Qafqazda aktivləşərək amerikalıların geosiyasi hədəflərə çatmasına "maneələr yaratmaqdan çəkinməyə" çağırır.

Ermənistan isə Vaşinqton və Parisin göstərişlərinə əməl etməyi Britaniya ilə münasibətləri korlamaq riskindən üstün tutmaqla yanaşı, danışıqların birbaşa və ikitərəfli təmaslar formatına son qoymaq istəyini nümayiş etdirir. Məqsəd Bakını vasitəçilərin iştirakı ilə yeni danışıqlar formatı ilə razılaşmağa vadar etməkdir.

Vaşinqton və Paris hesab edirlər ki, belə olarsa, Bakıya daha asudə və effektiv şəkildə təzyiq göstərə bilərlər. Amerikalılarla fransızların fikrincə, Bakı bu formatı qəbul etməsə sülh danışıqlarından imtinada suçlanacaq, qəbul etdiyi təqdirdə "İrəvanın iradəsinə tabe oldu" bəyanatları ilə qarşılaşacaq.

Təbii ki, Bakı bu primitiv ssenariləri anlayır və zəruri cavab tədbirləri hazırlayır.

Uduzan tərəf, şübhəsiz, İrəvan olacaq.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.