Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

28 May 2024 12:33
Baxış: 481

12:33

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə ehtiramımı ifadə edim və Sizin şəxsinizdə Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Müstəqillik Günü azadlığı, xoşbəxt həyatı təcəssüm etdirən bayramdır və ölkənin hər bir vətəndaşı üçün sülhün, rifahın və sabitliyin təminatıdır. Bu gözəl gün həmişə bizim qiymətləndirdiyimiz azadlığın və müstəqilliyin əhəmiyyətini xatırladır. Qoy, bu gün Azərbaycanın tarixində hər zaman sevinc, hörmət və qürurla anılsın!

Sizə və Sizin şəxsinizdə ölkənin bütün sakinlərinə xoşbəxtlik, sülh və tərəqqi arzulayırıq. Qəlbləriniz həmişə doğma torpağa sevgi və işıqlı gələcəyə inamla dolsun! Hər birinizin daim ölkənizin məğrur vətəndaşı olmasını arzu edirik.

Öz növbəmizdə, Sizi əmin edirik ki, Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbərliyi əməkdaşlığımızın hərtərəfli inkişafına xüsusi diqqət yetirir və biz mövcud imkanlardan istifadə edərək dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə nail olacağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə yüksək ehtiramımı ifadə edirəm və Azərbaycan Respublikasının daha da inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

---------
12:23


GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini, suverenliyini, regiondakı yerini möhkəmləndirir, beynəlxalq aləmdə daha fəal rol oynayır.

Bu gün Azərbaycan regional tərəqqinin və beynəlxalq əməkdaşlığın mühərriki olmaqla ən dinamik və inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan, həmçinin bütün dünyada sülh, təhlükəsizlik, sabitlik, eləcə də qarşılıqlı anlaşma və tolerantlığın tərəfdarıdır.

Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrin şanlı Qələbəsindən sonra bu bayram ilk dəfə olaraq suveren Azərbaycan Respublikasının bütün ərazisində qeyd edilir. İşğaldan azad edilmiş torpaqların miqyasına və sürətinə görə misli görünməmiş şəkildə bərpası və yenidən qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.

Paralel olaraq, ölkə regionda beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasına qətiyyətlə sadiqdir. Biz səmimi-qəlbdən inanırıq ki, sülh regionun böyük əməkdaşlıq və tərəqqi potensialını üzə çıxararaq yeni era açacaqdır.

Azərbaycan özünü və regionu Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən yeni münasibətlər arxitekturasının ən mühüm tərkib hissəsi hesab edərək, cari regional layihələrin həyata keçirilməsi və yeni layihələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəmir.

Azərbaycanın fəal siyasəti və dünya miqyasında artan rolu da geniş şəkildə qəbul edilir. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi ölkə ədalətli və daha yaxşı dünyaya can atan, bir çox dövlətlərin maraqlarını əks etdirən gündəlik irəli sürür. Azərbaycan davamlı inkişaf üçün yaşıl gündəliyi təşviq edən və həyata keçirən aparıcı dövlətlər sırasındadır. Bu il Azərbaycan Ümumdünya İqlim Sammitinə - COP29-a ev sahibliyi edəcək. Ölkə zəngin ənənələrinə əsaslanaraq mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş mühüm qlobal təşəbbüslərə də rəhbərlik edir.

Biz Azərbaycanın GUAM-ın təsisçi üzvü kimi dost ölkələrimiz arasında əməkdaşlığın qurulmasında rolunu yüksək qiymətləndiririk. GUAM-ın sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq etmək üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Biz strateji əhəmiyyəti getdikcə artan regionumuzda əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə ölkənin daha da inkişafına, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq".

------

12:21

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə əziz xalqımıza "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram. Dövlət müstəqilliyimizin ən mühüm hüquqi dəyərlərinin bərpası ilə bizə Zəfər sevincini bəxş etdiyinizə, hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Fəxr edirik ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, onilliklər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymaqla BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini icra edərək ikili standartları zərərsizləşdirdiniz. Sizin gördüyünüz işlər bütün Türk dünyasında qürur hissi ilə qarşılanır.

Əziz və hörmətli Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayırıq. Xalqın milli birliyinin, regionumuzda sülhün təmin olunması istiqamətində faydalı fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.

Dərin hörmət və məhəbbətlə,

Arif Quliyev

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri,

hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi,

Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki".

----------
09:18


Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.