Siyasət

İkitərəfli danışıqlar - Bakı və İrəvan arasında sülh sazişinin əldə olunmasının açarıdır

9 May 2024 16:57
Baxış: 903

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinin başlanılması iki ölkə arasında nizamlanmada mühüm irəliləyiş olub. Aprelin 19-da iki ölkənin komissiyalarının keçirdiyi iclas zamanı Ermənistan Azərbaycanın Qazax rayonunun daha öncə işğal olunmuş 4 kəndinin qaytarılmasına razılıq verib.

Bu proses Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqların dəqiq nəticə verdiyinin bariz sübutudur, eyni zamanda xarici aktorların iştirakı ilə danışıqların yalnız sonsuz növbəti görüşlərdə müzakirə olunması gərəkən mənasız bəyanatlar və "nəticələr"ə gətirir.

Azərbaycan dəqiq olaraq regionda sülhə yönəlib, bununla bağlı hətta ən yüksək səviyyədə ictimai bəyanatlar səsləndirilib. Ölkə həmçinin, sırf ikitərəfli əsasda regional məsələlərin həllinə çağırıb. Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı bəyanatları əməlləri ilə təsdiqlənib və təsdiqlənir. Hər fürsətdə Qərb aktorlarını prosesə cəlb etməyə çalışan Ermənistan barədə bunu demək olmaz.

Milli.Az xəbər verir ki, polşalı politoloq, siyasət elmləri namizədi Yakub Koreyba Trend-ə komissiyanın görüşünün nəticələrini şərh edərkən deyib ki, sərhədin delimitasiyası və demarkasiyası dövlətlər arasında münasibətlərin normallaşmasına doğru addımdır.

"Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına başlanılması haqqında saziş - tarixi hadisədir. Bu deməkdir ki, iki dövlət arasıənda qeyri-konstruktiv, münaqişəli münasibətlər konstruktiv, normal ikitərəfli münasibətlər istiqamətində irəliləyir. Yəni, bu hər iki tərəfin bir-birinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmətlə yanaşması anlamına gələn normallaşma prosesinin başlanğıcıdır. Bu həqiqətən Cənubi Qafqazda tarixi irəliləyişdir", - deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması həmçinin əlaqələrin qurulmasına xarici qüvvələrin cəlb edilməsindən imtinanı nəzərdə tutur. Axı Ermənistan uzun illə ərzində bu məsələni faktiki olaraq beynəlxalq siyasət səviyyəsinə çıxarıb, yəni bunu xarici qüvvələrin qərarlarından asılı vəziyyətə salırdı.

"Ermənistan hazırda bundan imtina etmir. Sadəcə olaraq bir xarici tərəfdaşı, Rusiyanı digərinə, Fransaya dəyişir. Ermənistan bu yanaşmadan əl çəkməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Çünki sülh müqaviləsi Ermənistan və Azərbaycanın maraqlarına cavab verir, lakin xarici qüvvələrin maraqlarında deyil", - deyə Koreyba qeyd edib.

Polşalı politoloq qeyd edib ki, uzun zaman ərzində xarici qüvvələr Ermənistanı revanşizm, təcavüzə təhrik ediblər və sülhə deyil, münaqişənin gərginləşməsinə şərait yaradıblar.

"Yəni, bu qüvvənin konkret kimliyindən asılı olmayaraq, xareici qüvvələrin marağına hansısa gərginlik, münaqişə gözləntisi, potensial müharibə daxildir. Yalnız Ermənistan Azərbaycanla münasibətləri ikitərəfli əsasda qurmağa başlayacağı zaman möhkəm və strateji perpektivə nəzərdə tutulan sülh sazişinin imzalanması mümkün olacaq", - deyə o əlavə edib.

Əminliklə demək olar ki, Ermənistanın Azərbaycanla normallaşma prosesinə üçüncü tərəfləri cəlb etmək cəhdləri regionda tezlikl sülhün əldə olunmasına xidmət ertməyəcək, əksinə, uzunmüddətli danışıqlar prosesinə gətirəcək. Çünki, artıq gördüyümüz kimi, üçüncü tərəflərin maraqları regionda sülhün bağlanmasından deyil, öz məqsədlərinə nail olmaqdan ibarətdir.

Öz növbəsində Romanın La Sapientsa Universitetinin nümayəndəsi, geosiyasət sahəsində ekspert Valentina Şabert Trend-ə bildirib ki, Azərbaycan və Ermənistan biri-biri ilə münasibətlərin normallaşmasına hər gün daha da yaxınlaşırlar.

"Ölkələrin delimitasiya məsələləri üzrə komissiyanın 8-ci görüşün nəticələrini regional sabitliyin əldə olunması məqsədilə uğurlu və müsbət dəyərləndirmək olar. Hesab edirəm ki, bu iştirakçı ölkələr arasında ikitərəfli danışıqların səmərəli və produktiv olmasının nümunəsidir. Beləliklə, əgər diplomatiya eyni şəkildə davam edərsə, biz gələcəkdə və digər məsələlərdə iki ölkə arasında da oxşar hadisələri görəcəyimizə ümid edə bilərik", - deyə o bildirib.

Şabert əlavə edib ki, realist və qərəzsiz təhlil göstərir ki, hələ bir çox məsələlər müzakirə edilməlidir.

"Eyni zamanda diplomatiyaya nəticə əldə etmək üçün vaxt tələb olunur. Hər halda, yaxın aylarda sülh müqaviləsi imzalanmasa da, ölkələrin delimitasiya komissiyasının 8-ci görüşü şəklində baş verən müsbət hadisələr regionun ilk imkanda sabitlik, sülh və inkişaf əldə edəcəyinə ümid verir", - deyə italiyalı ekspert əlavə edib.

Beləliklə, aydın olur ki, məhz ikitərəfli dialoq iki ölkə arasında normallaşma prosesində uğurlara səbəb ola bilər. Azərbaycanla sülh sazişi və regionda nəqliyyat kommunikasiyalarının açılması sayəsində Ermənistan öz münasibətlərini, qonşularla ticarəti inkişaf etdirə, regional layihələrdə iştirak edə biləcək ki, bu da ölkəyə böyük iqtisadi fayda gətirəcək.

Buna görə də İrəvan regionda öz məqsədlərini güdən üçüncü tərəflərin normallaşma prosesinə cəlb edilməsi cəhdlərindən imtina etməli və ölkəsinin gələcək inkişafı və xalqının rifahının yaxşılaşdırılması üçün ikitərəfli əsasda Azərbaycanla danışıqlar masasına oturmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.