Siyasət

Avropa fermer qiyamlarının kulisi

4 Mart 2024 10:19
Baxış: 615

Ümumi məlumat: Son aylar Parisdən Berlinə, Buxarestdən Polşaya qədər Avropanın böyük bir qismini bürüyən fermer qiyamları səngimək bilmir. Belə ki, fevralın 26-da Belçikada fermerlər minlərlə traktorla paytaxt Brüsselə tərəf hərəkət edərək yolları iri təkərlərlə bağlayıb Aİ-nin fermer siyasətinə İttifaqın binası qarşısında kəskin şəkildə etiraz bildiriblər. Polis etirazlara gözyaşardıcı qaz və su ilə müdaxilə edib. Qeyd etmək lazımdır ki, Brüssel Avropanın ən mühüm iqtisadi və siyası təşkilatı sayılan Aİ-nin mənzil qərargahının yerləşdiyi ölkədir. Ötən yazıda da vurğulandığı fermerlərin qiyamlarının səbəbləri içində Aİ-nin "Yaşıl pakt"ına, kənd təsərrüfatı və Ukraynaya dəstək siyasətinə etiraz da yer alırdı. Bəs bütün bu etirazlar vahid mərkəzdən idarə olunurmu? Niyə Aİ hökumətləri etirazların dayanması üçün fermerləri sakitləşdirmirlər, yaxud bunu istəmirlərmi? Bu suallara cavab tapmaq üçün bir neçə mühüm məqama diqqət yetirmək lazımdır.

1957-c ildə Avropa İqtisadi Birliyinin təməlini qoyan Roma müqaviləsi imzalanan zaman nəhəng alman sənayesi altında əzilmək istəməyən Fransa kənd təsərrüfatı subsidiyalarının artırılmasında israr etdi. Əlbəttə, subsidiyalar bütün üzv ölkələrin işçi sinfinə şamil ediləcəkdi. 1990-cı illərdən başlayaraq Avropa ölkələri ətrafı "çirkli və natəmiz" hesab etdikləri ağır sənaye sahələrini tədricən üçüncü dünya ölkələrinə daşımağa başladılar. Ancaq həmin vaxt da kənd təsərrüfatı Avropadan üçüncü dünya ölkələrinə daşınmadı, çünki qida təhlükəsizliyi baxımından bu sahənin rolu danılmaz idi. İndi isə dünyada yenidən ciddi dəyişikliklər baş verməkdədir, yeni dünya nizamı formalaşır, kütləvi epidemiyalardan, texnologiyanın bu qədər inkişafından sonra dünyada istehsal, istehlak və qida təhlükəsizliyi məsələlərinə yeni yanaşmalar formalaşmağa başlayıb. Bu fonda təbii ki, bir sinif olaraq fermerlərə yanaşma da dəyişəcəkdir. Bu məsələ eyni zamanda təmiz enerjiyə keçid məsələsi ilə də zəncirvari əlaqədədir. Belə ki, Avropada karbon qazı emissiyalarının azaldılması, təsərrüfatlarda istifadə olunan pestisidlərdən istifadənin minimal həddə çatdırılması kimi qərarların verilməsi həm də məhsulların istehsalının üçüncü dünya ölkələrinə ötürülməsi, tullantıların, zibillərin Aİ-dən uzaq tutulub son nəticədə əldə olunan və artıq təmiz olan məhsulun Aİ-yə çatdırılması siyasətinin davamıdır.

Aİ-də 2005-ci ildən bu günə qədər fermaların sayı 3 dəfə azalıb, xüsusilə kiçik fermer təsərrüfatları rəqabətə dayana bilmədikləri üçün sıradan çıxırlar və hökumət səviyyəsində dəstək görmürlər. Aİ rəhbərliyinin təbii və sağlam məhsul istehsal edən kənd təsərrüfatı sahiblərinə bu cür münasibəti müəyyən şübhələr doğurur. Həqiqətənmi fermer sinfi aradan qaldırılmaqdadır? Ötən yazıda da qeyd olunduğu kimi Avropa Parlamenti daxil olmaqla bu il Avropanın əksər ölkələrində seçki ilidir. Seçkilərə rəğmən fermerlərin sakitləşməsi üçün addımların atılmaması süni qidaların gündəmə gətirildiyi bir dövrdə əsasən ət və kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin işçi sinfi olaraq tədricən aradan çıxarılması istiqamətində işlər görüldüyü fikri yaradır.

Seçkilərdən söz düşmüşkən onu da qeyd etmək vacibdir ki, Avropada fermer qiyamlarını qızışdıranların sağ partiyalar olduğu güman edilir. Niderlandda da, Almaniyada da sağçı liberal partiyalar fermerlərə dəstək verirlər. Məsələn, sağçı holland aktivist, siyasi ekspert Eva Vlaardingerbroek Almaniyada fermerlərin üsyanına qoşularaq bu sözləri işlətmişdir. "Qlobal elitalar süfrəmizə yemək qoyan zəhmətkeş insanlara qarşı müharibə elan ediblər." Bir çoxu konspirasiya nəzəriyyəsi hesab etsə də, dünyada qlobal elitanın işçi sinfinə qarşı "müharibə" elan etməsi fikri yayılmaqda davam edir. Adı çəkilən siyasətçi ötən müsahibələrindən birində Dünya İqtisadi Formu başda olmaqla böyük qlobal güclərin fermaları məhv edərək hollandiyalıları həşərat fabriklərinin istehsal edəcəyi böcəkləri yeməyə məcbur etmək istədiklərini bildirmişdir. "Siyasətçilər bilir ki, onlar qidaya nəzarət edəndə insanlara nəzarət edirlər, biz həşərat yemək istəmirik, biz steykimizi tələb edirik" deyə Eva bildirmişdir.

Beləliklə, mübarizənin qlobalistlərlə işçi sinfi arasında getdiyi qənaətinə gəlmək olar. Qlobalistlər süni qidaya keçmək üçün addımlar atarkən fermer sinfi və onları dəstəkləyən sağçı liberallar da ənənəvi qida istehsalını dəstəkləyirlər. Bu işin icraçıları isə təbii ki, fermerlərdir. Digər tərəfdən bərpa olunan enerjiyə keçidi və "yaşıl dünyanı" dəstəkləyən qlobalistlərin təsir etdiyi təşkilatların atdığı addımlar da həm dünyada, həm Avropa birbaşa kənd təsərrüfatının zəifləməsinə gətirib çıxarır.

Belə təəssürat yaranır ki, dünyanın bir qismi qeyri-ənənəvi süni qidaya doğru yol almaqdadır, digər qismi isə ənənəvi qidanın tərəfində durmaqda davam edir.

Afaq Zeynallı
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.