Navalnının anılmaqlığı: xatirə, yoxsa şou?
"Dünya ondan danışır"... Nimdaş klişeyə, çeynənmiş ifadəyə çevrilmiş bu sözlər rusiyalı müxalifətçi Aleksey Navalnı barəsində - paradoks - tam realdır.
Gerçəkdən də, çağdaş Qərb insanının "dünya" adlandırdığı Qərb mediası A.Navalnının ölüm günündən bəri ondan danışır, yazır, göstərir.
Mərhum müxalifətçi "Rusiyanın gələcək prezidenti", "Rusiyanın son ümidi", "Rusiyanın nuru" və sair və ilaxır ibarələrlə təriflənir, mədh olunur.
Ölümündən sonra.
Aleksey Navalnının xanımı Yuliya Navalnaya da "ərimin işini davam etdirəcəyəm" deyərək Rusiya müxalifətinin lideri kimi çıxış edir.
Navalnının ölümü müəmmalıdır, söz yox. Amma bu ölüm ondan əvvəlki yaşam kimi, dünya miqyaslı məsələ, problem və ya hadisə deyildi.
Dünya kollektiv Qərbdən ibarət olmadığı kimi, A.Navalnının yaşamı, mübarizəsi, açıqlamaları, fəaliyyəti kimi, ölümü də "Qlobal Cənub" adlandırılan inkişaf etməkdə olan dövlətlərin tam əksəriyyətinin insanlarına maraqlı deyil.
Acı olsa da, libertarianlarda və əsl demokratlarda qəzəb doğursa da, belədir.
... Britaniyanın və ABŞ-ın ölkəmizdəki səfirləri Bakıda Hüseyn Cavidin abidəsi önünə gedərək A.Navalnını yad ediblər.
Anlayırıq: Vaşinqton və London indi A.Navalnının ölümündən Rusiyaya qarşı maksimum dərəcədə istifadə etməkdədir. Belədə, Bakıda iki səfirin "anım"ı bəsit, amma anlaşılan əməldir.
A.Navalının ölümü Azərbaycan mediasında, cəmiyyətində, sosial şəbəkələrində, daxili siyasətində Qərbin gözlədiyi rezonans doğurmadı.
Hətta bir para ölkələrdə olduğu kimi, Ukrayna ilə müharibəyə səfərbərlik əsasında çağırılmaq təhlükəsindən qaçaraq Azərbaycana üz tutan, "relokant" adlandırılan Rusiya vətəndaşları Bakıda piket, aksiya, yürüş və ya mitinq də keçirmədilər.
Abidələrə çiçəklər də düzülmədi.
Kollektiv Qərb də bundan təəssüfləndi, başını yellədi və ərz etdi ki, bəs Azərbaycanda niyə Navalnının ölümü ilə bağlı "geniş kütlələrin reaksiyası yoxdur".
Bəli, yoxdur. Olmamalı idi, ola da bilməzdi - çünki orta statistik azərabaycanlıdan tutmuş, ən fəal və hakimiyyətə qarşı ən radikal müxalifətçiyədək ölkə vətəndaşları üçün Aleksey Navalnı demokratiya simvolu, Rusiyanın yeni gözləntisi, milyonların lideri və s. deyildi.
Tam əksinə, Şimal Qütb Dairəsindəki "Canavar" adlı islah-əmək düşərgəsində vəfat etmiş Aleksey Navalnı insanlarımız üçün ölkəmiz və xalqımız barədə aşağalıyacı ifadələr söyləmiş adam kimi tanınır.
Azərbaycan bu baxımdan postsovet məkanı ölkələrinin heç birindən fərqlənmir.
Belarus və Ukraynadan tutmuş, Tacikistan və Türkmənistanadək A.Navalnı sadəcə, müxalifətçi siyasətçi idi.
Üstəlik, bir çox etnoslar, xalqlar və dövlətlər barədə əsla qəbuledilməz bəyanatlar verən siyasətçi kimi yadda qalıb.
Gürcüstanda, Ermənistanda, Ukraynada, Moldovada və ya Qazaxıstanda "Navalnının anımına" keçirilmiş azsaylı aksiyalara qatılanların əksəriyyəti məhz Rusiyadan həmin ölkələrə üz tutan, o dövlətlərə sığınan "relokant"lardır.
Yerli sakinlər üçün A.Navalnının ölümü sadəcə, Rusiyada yaşanan və təəssüf doğuran hadisədir.
Eyni zamanla, Aleksey Navalnı postsovet məkanındakı ölkələrin yüz milyonlarla insanının xatirində neoimper təfəkkürlü, təkəbbürlü, diktator təzahürlü insan kimi qalıb.
Təbii ki, yanaşma tərzlərində, düşüncələrdə və fikirlərdə subyektivlik var.
Gürcüstanda A.Navalnının ölümü "geosiyasi faciə" kimi qarşılanmadı.

Səbəb bəsitdir: 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin Rusiya tərəfindən işğal edilməsini A.Navalnı tam dəstəkləmiş, gürcüləri "gəmiricilər" adlandırmış, "Bütün gürcülər dərhal Rusiyadan qovulmalıdır!" demişdi.
Türkmənistanda, Tacikistanda, Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda A.Navalnının "Orta Asiyadan Rusiyaya miqrant axınının qarşısı alınmalı, həmin dövlətlərə qarşı viza rejimi tətbiq olunmalıdır" sözlərini unutmayıblar.
Belaruslar "onların dili çox əcaibdir" söyləyən A.Navalnıya necə rəğbət bəsləyəydilər?
Şimali Qafqazdakı insanlar A.Navalnının "Qafqaz Rusiyanın vücudunda yaradır: bu yaranı yemləməyə son qoymalıyıq, qafqazlılarla layiq olduqları dildə danışmalıyıq" bəyanatını hələ uzun müddət xatırlayacaqlar.
2014-cü ildə "Exo Moskvı" radiostansiyasına verdiyi müsahibəsində A.Navalnı Rusiyanın Krımı ilhaq etməsini dəstəkləmişdi: "Prezident seçilsəm, Krımın Ukraynaya qaytarılmasını ağlıma da gətirməyəcəyəm. Krım bəyəm kolbasalı buterboddur ki, ora-bura verilsin?! Krım Rusiya ərazisinin tərkib hissəsi kimi qalacaq, heç vaxt Ukrayna ərazisi olmayacaq".
Rusiyalı neonasistlərin və irqçilərin Moskvada keçirdikləri "Rus marşı" yürüşlərinə qatılan A.Navalnı hər belə aksiyada sağ əlini qaldıraraq nasist salamı ("ziq") verirdi.
Bütün bunlar danılması mümkünsüz hadisələr idi.
A.Navalnı həmin hərəkətlərinə görə sonradan ukraynalılardan, gürcülərdən, taciklərdən, özbəklərdən, türkmənlərdən, qazaxlardan, belaruslardan, çeçenlərdən və s. üzr istədimi?
Xeyr.
Çünki Aleksey Navalnı Rusiyada kütlənin rəğbətini qazanmaq, siyasi, elektroal və sosial bazasını maksimum genişləndirməyə çalışan siyasətçi idi.
Liberal, demokrat, libertarian A.Navalnı mifinə Qərb inana bilər: ksenofobiyanın, paranoya səviyyəsinə çatan aqressivliyin, neoimperliyin, şovinizmin və neoşovinizmin az qala siyasi fəaliyyət kredosu sayılan Rusiya müxalifətinə bələd olan istənilən adam üçün mif keçərli, inandırıcı deyil.
Aleksey Navalnının vəfatı Azərbaycanın sosial, siyasi və ya qeyri gündəmi ola bilməz, olmamalıdır da.

Qərbin, habelə Rusiyadakı liberal-demokratların A.Navalnını azadlıq, insan haqları, demokratiya carçısı kimi qələmə vermələri də ironikdir. Vaxtilə A.Krasnovu, O.Şuxeviçi, A.Soljenitsını, hətta Mixail Qorbaçovu "liberlizm nümunəsi" kimi tanıtmaları təki.
Halbuki, adlarını yazdığım şəxslərin istisnasız olaraq hamısı millətçi, şovinist, irqçi və ksenofobdular.
Və sonda...
Hüseyn Cavid insanın gerçək tərəqqisi, azadlığı, ruh saflığı, cəsarəti və iradəsinin carçısı, əqidəsi və özü idi.
O, mənhus sovdepiyanın məhv etdiyi insanların, repressiya məngələrində qətlə yetirilmiş insanların, lal və kar edilmə cəhdlərinə rəğmən son nəfəsinədək özünə sadiq qalmağın mücəssəməsidir.
Cavid əfəndinin abidəsinin qarşısına ABŞ və Britaniya səfirləri indiyədək neçə dəfə çiçəklər qoyublar, bu fikir azmanını və nəsr dühasının xatirəsini yad ediblər?
"Siyasət rol oynarkən, ədəbiyyat susur" söyləmiş Hüseyn Cavidin abidəsinin A.Navalnının anımına bir dəxli yox.
ABŞ səfiri Stalini istibdadının məhv etdiyi on minlərlə azərbaycanlının, repressiyaya qurban verilənlərin qranit olsa da, canlı abidəsidir.
Cənab səfir Şuşa kimi, H.Cavidin də abidəsinə indiyədək baş çəkmədiyi üçün üzrxahlıq etməli.
A.Navalnının xatirəsi qarşısında yox - Şuşa və Cavid əfəndinin qənşərində...
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq





