Siyasət

ABŞ agentlərinin Bakıda görüşü: kimlər nəyi müzakirə edəcək? - ARAŞDIRMA

26 Noyabr 2023 13:32
Baxış: 1 456

ABŞ-ın Azərbaycandakı səfirliyi sabah ölkədəki bir qrup "təsir ağenti"ni toplayaraq onlara yeni təlimatlar vermək niyyətindədir.

Tədbirin rəsmi adı və görüntüsü təbii ki, fərqlidir.

Səfirlik, sən demə, ABŞ--da Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcək.

Bakıdakı "JW Marriott Absheron" hotelində keçirilməsi nəzərdə tutulan tədbirin adı "Məzunlarla görüş"dür.

Artıq iştirakçılara "Məzunların yubiley qalası" adlı dəvətnamə də göndərilib. "Tədbir" sabah 18:30-da başlayacaq.

Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin təcili olaraq belə "qala" təşkil etməsinin səbəbi Vaşinqtonun Azərbaycandakı təsir elementlərinə yeni təlimatların verilməsi, mövcud vəziyyətin onlarla müzakirə edilməsidir.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra ABŞ-Azərbaycan münasibətlərində sərinləmə başlayıb. Həmin sərinləmə sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən və nəticədə Xankəndindəki separatçı xuntanın aqoniyasının yaşanması Vaşinqtonu narahat edib.

ABŞ rəsmiləri bunu açıq deməsələr də, belədir. Çünki Xankəndindəki separatçı-terrorçu xunta onillər boyu Vaşinqton üçün Bakıya təsir vasitəsi rolunda çıxış edirdi.

ABŞ Konqresi açıq şəkildə hər il qarabağlı erməni separatçılara milyonlarla dollar yardım ayırırdı: məqsəd separatçı rejimi ayaqda saxlamaq, gücləndirmək, xuntanın zəifləməsinə imkan verməmək, onun silahlanmasına və aqressiv ritorikalı davranışına imkan yaratmaqdı.

Rəsmi Bakı ölkə ərazisində erməni separatçılığına son qoyandan və region ölkələri ilə səbatlı, inkişafa hesablanmış əlaqələri gücləndirməyə başlayanda isə Vaşinqtonun narahatlığı daha da artdı. Xüsusilə də Zəngəzur dəhlizi layihəsi ilə bağlı İranla ilkin anlaşmanın əldə edilməsi amerikalıları qəzəbləndirib. Dövlət Departamenti yetkililəri, konqresmenlər və senatorlar artıq maskaları bir yana ataraq, "Cənubi Qafqazdakı bütün infrastruktur marşrutları və loqistika layihələri ABŞ-ın nəzarətində olmalıdır" deyirlər.

Sadalanan nüanslarla yanaşı, ABŞ Azərbaycanın daxili işlərinə kobud müdaxilə etməyə çalışır, ölkədə tarixin zibilliyinə düşmüş radikal müxalifətə ünvanladığı "maliyyə yardımları"nı daha da artırır.

Azərbaycanda hakimiyyətə qarşı yönəlmiş fəaliyyəti aktivləşdirmək üçün Vaşinqton eyni zamanda - həmişə olduğu kimi - "azad mass-mediaya dəstək" şüarı ilə pərdələnmiş fəaliyyətlə də məşğuldur.

Məsələn, sadəcə "Abzas Media" xəbər portalı ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və s. təşkilatlar tərəfindən maliyyələşdirilib.

"Abzas Media"nın rəhbəri Ü.Həsənli USAİD-ə bağlı olan "DT Global" təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitlər isə belədir:

"Milli Demokratiya Fondu"ndan 55 350 dollar

"Praqa Vətəndaş Cəmiyyəti" təşkilatından 50 600 dollar

"German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz" təşkilatından 24 990 dollar

ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 dollar

"İnternews" təşkilatından 12 000 dollar

"People in Need" təşkilatından 11 000 dollar

"Niderland Helsinki Komitəsi"ndən 5 000 avro,

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti" təşkilatından 4 110 avro,

"Norveç Helsinki Komitəsi"ndən 4 000 avro,

"Freedom House" təşkilatından 2 500 dollar

"Amerika Beynəlxalq Təhsil Şurası" təşkilatından 2 400 dollar

Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait...

Az deyil. Daha doğrusu, sadəcə, bir xəbər portalı üçün heç az olmayan vəsaitdir.

Azərbaycane müxalifətinin radikal düşərgəsindəki "lider"lərin, YouTube kanallarında az qala hər gün zorakı hakimiyyət dəyişikliyinə və üsyana, qiyama çağıran "müstəqil bloqer"lərə ayrılan vəsaitlər isə təbii ki, dəfələrlə çoxdur.

Həmin şəbəkədə "No War" idefiksinin daşıyıcıları, daha konkret olsaq, "novarçılar" kimi tanınan nihilist elementlərin rolu da az deyil. Məhz onlar sosial şəbəkələrdə hakimiyyətə və xüsusilə də silahlı qüvvələrə qarşı dözülməzlik aşılayan çıxışlar edir, Bakıda müxtəlif "aksiya"lar keçirməyə çalışır, Azərbaycanın ABŞ-dan təlimatlar əsasında idarə olunmasını "ideal variant" kimi təqdim edirlər.

ABŞ-ın Azərbaycanda yaratdığı, daxili stabilliyin pozulimasına, zorakı hakimiyyət dəyişikliyinə yönəlmiş fəaliyyətə köklənmiş şəbəkəsində təbii ki, Birləşmiş Ştatlarda təhsil almış şəxslərə amerikalıların "stavka"sı, onlarla bağlı gözləntiləri və ümidləri böyükdür.

Vaşinqtonun ölkəmizdə qurduğu təsir agentləri şəbəkəsinin son vaxtlar sarsıdıcı zərbələr alması, "novarçılar"ın, radikal müxalifətdəki "lider"lərin, "müstəqil bloqer"lərin əsl simalarının görünməsi ABŞ-ın Bakıdakı səfirliyini citddi narahat edib.

Məhz həmin səbəbdən "JW Marriott Absheron"dəki görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslər iştirak edəcəklər.

Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir.

Bu öz yerində.

Cəmiyyət olaraqsa anlamalıyıq ki, gənclərimizin beyinlərini yumağa, onlarda kosmopolitizm, nihilizm, milli dəyərlərə və dövlət maraqlarına, vətəndaş borcuna etinasızlıq, "Amerika dəyərləri"nə fanatik sədaqət və s. kimi saxta idefikslər aşılamağa çalışırlar.

Beynəlxalq hüququn tələblərini, o cümlədən səfirliklərin fəaliyyəti barədə Vyana konvensiyasının şərtlərini kobud şəkildə pozan ABŞ səfirliyi ölkəmizdəki təsir agentlərini hərəkətə gətirməyə çalışır.

Alınmayacaq.

Necə ki, ABŞ-ın Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı bütün "ssenari"lər uğursuzluğa düçar olub - yeni plan da baş tutan deyil.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.