Siyasət

Füzulidə qəbiristanlıqda tələ-mina aşkarlandı

18 Avqust 2023 16:45
Baxış: 1 040

Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-mina aşkar edilib.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin apardığı təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minalar, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib.

Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-mina mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

"Agentliyin icra etdiyi minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür. Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari il avqustun 18-dək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır", - məlumatda vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.