Siyasət

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

6 Dekabr 2022 15:44
Baxış: 1 254

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- 43.1-ci maddəyə "482.1," rəqəmlərindən sonra "482-1," rəqəmləri əlavə edilir.

- 479-cu maddənin "Qeyd" hissəsində "və 482.2-ci" sözləri ", 482.2 və 482-1-ci" sözləri ilə əvəz edilir.

- Aşağıdakı məzmunda 482-1-ci maddə əlavə edilir:

"Maddə 482-1. Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma

Bu Məcəllənin 479 - 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.".

XXX

Dövlət başçısı, həmçinin, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 620-VIQD nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmanla "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 620-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

- "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 620-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.