Siyasət

Rus general erməniləri Qarabağda BELƏ GİZLƏDİR - Sülhməramlıların YALANI

6 Dekabr 2022 14:58
Baxış: 5 911

Rusiya toponim məsələləri və Qarabağakı qızıl yataqlarının talanması faktlarının ortaya çıxması ilə Azərbaycanın səbr kasasını daşırdı. Rəsmi Bakının Xankəndinə göndərdiyi ekoloqların bölgəyə ayaq basması təkcə ermənilərin yox, onlara havadarlıq öhdəliyi götürən qüvvələri də ciddi şəkildə narahat etməyə başlayıb. 

Azərbaycanın son proseslərə yanaşması təzyiq, pressinq siyasətinə əsaslanıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Laçın dəhlizini bağlamaq planı yoxdur, amma eyni zamanda Bakını erməniləri və sülhməramlıları təlaşa salan bu qərarının səbəbi humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsi, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlardır. Bütün bu hadisələr belə bir addımın zəruriliyini bir daha ortaya çıxardı.

Sülhməramlı kontingentin komandanı general Andrey Volkov Azərbaycan media mənsublarına elə Laçın dəhlizində etdiyi açıqlamalarla Qarabağda müvəqqəti nəzarət zonalarına aid xoşagəlməz məsələlərlə bağlı gah məsuliyyəti rəsmi Moskvanın boyununa yüklədi, gah da özlərini "süddən çıxmış ağ qaşıq" kimi göstərmək üçün ağ yalan söyləməkdən çəkinmədi. 

Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya MN-nin üzərinə yıxıb. O qeyd edib ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir. Hətta təəssüflə bildirir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir.

Göründüyü kimi, sülhməramlıların komandanı Rusiyanı açıq-aşkar Bakı qarşısında "baqaja qoydu". Ölkənin müdafiə nazirliyi isə sükutunu pozmaq istəmir. Rusiyalı general bu açıqlama ilə faktiki olaraq Baş Qərargahla işləmədiklərini bəyan etmiş olur.

Ortaya belə bir sual çıxır: Bəs bizim ərazilərimizdə olan Rusiya sülhməramlıları kimə tabedir? Sualı başqa cür də qoya bilərik: Rusiya Müdafiə Nazirliyinə tabe deyilsə, kimə tabedir? 

Əgər Volkovun rəhbərlik etdiyi kontiongent Rusiya prezidentinə tabedirsə, Kreml rəhbəri Vladimir Putin Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycanda isə Rusiya MN-nin qeyd etdiyi toponimlər yoxdur ki, bunu general Volkov da qəbul etdi. 

Andrey bununla Azərbaycanlı jurnalistləri sadəlövh yerinə qoya, "biz yaxşıyıq, Rusiya MN pisdir" deyərək vəziyyətdən çıxmağa çalışa bilər. Lakin şübhə doğurmur ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxmaqla "yaxşı polis" rolunu icra edir.

Hə, "polis" demişkən, ekoloqlarımızın Qarabağla Xankəndini birləşdirən yeganə yol - Laçın dəhlizinə enməsi zamanı kadrlardan da göründü ki, ortaya Bakının uzun zamandır dediyi mənzərə çıxdı. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə "polis" forması geyindirib, özləri ilə 14-15 nəfərlik azərbaycanlı nazirlik nümayəndələrinin qarşısına gələn sülhməramlılar bununla bir daha Qarabağdakı əsl "missiyalarının" nə olduğunu növbəti dəfə açıq şəkildə nümayiş etdirdi. 

Gələk, Volkovun ikinci və ən çox müzakirələrə səbəb olan açıqlamasına: Dünyada ikinci yerdə olan Silahlı Qüvvələrin general mayoru Volkov deyir ki, bizim bu günə qədər Xankəndi ilə Ermənistanı birləşdirən yeganə Laçın dəhlizindən keçən ermənilərin maşınlarını, özlərini yoxlamaq üçün texniki vasitələrimiz yox idi. 

Volkovun "Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacaq" açıqlaması zamanı nəzərdə tutduğu da əslində bu məqamla bağlı idi. Sadəcə rus general bununla Azərbaycan tərəfini sakitləşmək üçün bu ifadələrdən işlədərək, sözlə oynamaqla Bakıdan gələn jurnalistləri aldatmağa cəhd etdi. Çünki Andrey Volkovun dünən yayılan açıqlaması başımızın altına yastıq qoymaqdır, bu acı reallıqdır. Çünki ərazidə gömrük keçid məntəqəsinin quraşdırılmasına Rusiyanın belə asanlıqla razı olacağı da inandırıcı deyil. Bunun qarşılığında Qarabağda rusların hansı təxribatlara gedəcəyi indidən təsəvvür edilə bilər. 

Buradan da bir daha aydın olur ki, bu ifadə heç də Azərbaycanın dəhlizə post quraşdırması mənasında səsləndirilməyib. Postu Bakının tələbi ilə ruslar qurur. Erməni mətbuatında yayılan məlumatlara istinad etsək, Rusiya sülhməramlılarının məsuliyyət zonasına giriş-çıxış üçün rentgen-skayner artıq quraşdırılıb. 

Mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi "texniki imkanlarımız yoxdur" bəhanəsini irəli sürməklə, çıxış yolu kimi Bakının tələbi-istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığına gəlinib.

Amma təəssüf ki, belə bir razılaşmanın olması da qanunsuz daşımaların qarşısının alınması anlamına gəlməyəcək. Çünki həmin mini gömrük postunda ən müasir texnologiyalara əsaslanan cihazlar quraşıdırlsa belə, ona nəzarət edənin rus sülhməramlısı olduğu təqdirdə hər hansı bir müsbət nəticəyə ümid etmək sadəlöhvlük olar. 

Lakin dəhlizdə hələki post qura bilməyən Azərbaycan bununla da Laçın dəhlizi ilə rusların qanunsuz daşınmalar faktı qarşısında "yoxlamaq üçün cihazlarımız yoxdur" bəhanəsini əllərindən almaqla, sülhməramlıların manevr imkanlarını daha da daraltmış oldu. 

Ermənilərin məlum açıqlamasından sonrakı narahatlığına aydınlıq gətirən rus general həm reallığı dilə gətirib, həm də həqiqətən də Azərbaycan tərəfini aldatmaq cəhdini etiraf etmiş olub.

Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyinin zaman məsələsi olduğunu yaxşı anlayan separatçılar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin. Buna görə də qondarma rejim qalıqları ötən gün Qarabağdakı Rusiya hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq.

Bir də bizə aydın olur ki, Volkovun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə Azərbaycan tərəfini sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır. O sadəcə, Moskvadan gələn təlimata uyğun olaraq hərəkət etməli oldu. 

Bütün bu qaynar proseslərin baş verdiyi bir ərəfədə Moskvada çox önəmli görüş baş tutdu. Azərbaycanın XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla görüşü Ermənistanda da çox diqqətlə izlənilirdi. 

Lavrov Moskvada Bakıya yeni vəd verməsi ilə bütün diqqəti üzərinə çəkdi. Rusiya növbəti dəfə Bakını inandırmağa çalışdı ki, biz regionda sülhün əldə olunmasında ən maraqlı tərəflərdən biriyik. 

Sergey Lavrov Ceyhun Bayramovla görüşü zamanı "Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir" deməklə Bakının başının altına növbəti dəfə yastıq qoymağa cəhd etdi. 

Lakin Brüssel formatına olan etimadın özünü doğrultmadığı bir ərəfədə Rusiyanın bunu Bakının Vaşinqton varinatına üstünlük verməyə çalışdığı bir məqamda sınaması Bakının diqqətini Qarabağda sülhməramlıların fəaliyyətinə yönəltməklə, götürdükləri öhdəliyə sadiqliklərini göstərmək məqsədi daşıdı. Volkov açıqlamaları ilə Bakıda o təsəvvürü formalaşdırmağa cəhd etdi ki, biz əlimizdən gələni edirik və mini gömrük postu ilə də edəcəyik ki, Laçın dəhlizindən Qarabağa qanunsuz daşımaların qarşısı alınsın. Bu yandan da Lavrov danışıq masası arxasında Bakıya yenidən vədlər verərək, üçtərəfli bəyanata sadiqliklərini göstərməyə çalışdı.

Volkovun Laçın dəhlizindəki bu tamaşası və Lavrovun saray divarları arasındakı artıq inandırıcı gəlməyən boş vədləri təbii ki, Bakının təzyiqi, xarici diplomatiyasının pressinqi əsasında ortaya çıxdı. Görünən odur ki, əgər rəsmi Bakı hücum diplomatiyasını davam etdirərsə, Rusiyanın növbəti faktlar qarşısında artıq bəhanələri tükənməklə yanaşı, manevr imkanları da tamamilə əlindən alınmış olacaq ki, bu da Azərbaycana bölgədə sülhə mane olan əsas aktorlardan birini zərərsizləşdirmək adına önəmli bir addım atması hesab ediləcək.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.