Siyasət

Makronun Ermənistana bu cür rəğbət bəsləməsinin səbəbi... - Fransalı jurnalistdən AÇIQLAMA

29 Noyabr 2022 15:24
Baxış: 1 008

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə dekabrın 7-də Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüşün Azərbaycan tərəfindən təxirə salındığı barədə məqalə dərc edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçiriləcək növbəti görüşdə Fransa Prezidenti Emmanuel Makronun da iştirakını tələb etdiyinə görə Prezident İlham Əliyev bu görüşü təxirə salıb.

"Prezident Əliyevın köməkçisi Hikmət Hacıyevlə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər.

Düşünülmüş şəkildə və heç bir əsas gətirmədən erməni millətçilərinin tərəfini tutaraq arbitr kimi bütün legitimliyini itirmiş keçmiş Minsk Qrupunun həmsədrinin iştirakını niyə tələb etmək lazımdır? Bəlkə də səbəb olaraq bunu qeyd etmək olar ki, döyüş meydanında uğradığı məğlubiyyətdən zəifləmiş Paşinyan üçün Emmanuel Makron kimi qeyd-şərtsiz tərəfdarının olması özünü hardasa daha güclü hiss etmək üsuludur, sanki bir nəfər iki nəfərə qarşı. Bununla belə, Ermənistanın baş naziri ehtiyatlı olmalıdır", - deyə fransız jurnalist qeyd edib.

Brünün fikrincə, Paşinyan Fransa prezidentinin dəstəyinin bu qədər səmimi olduğuna o qədər də əmin deyil. Səbəb olaraq fransız jurnalist bir faktı xatırladıb ki, Emmanuel Makron, Ermənistana girişi qadağan olunmuş Murad Papazyanın həmsədri olduğu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) illik şam yeməyində şəxsən iştirak etmək arzusunda olduğunu nəzərə çarpdırıb və bu ziyafət zamanı Emmanuel Makronun bir daha təsdiq edərək, "Fransa həmişə Ermənistanın yanında olacaq" kimi bəyanatla çıxış etdiyinə toxunub.

Müəllif vurğulayıb ki, əgər Fransada erməni məsələsi bu qədər qabardılırsa, bu məsələ son prezident seçkiləri kampaniyasından bəri gündəmə gətirilirsə, əgər Fransada prezident seçkilərində keçmiş namizədlər olan Erik Zemmur və Valeri Pekres İrəvana səfərə yollanırlarsa, bunun təxminən 700 və ya 800 min fransız ermənilərin səsini toplayacağına ümid etməkdən başqa bir səbəb tapmaq olmaz. "Bu, həm də Erik Zemmurun təbirincə desək, 'İslam okeanının ortasında bir xristian xalqının' müdafiəçiləri kimi imiclərini gücləndirməkdir. Fransada Ultra-sağçılar olan "Respublikaçı"larla eyni sularda balıq ovlamaq qərarına gələn Emmanuel Makronun Ermənistana bu cür rəğbət bəsləməsini də məhz bununla izah etmək olar", -deyə Brün əlavə edib.

Müəllif vurğulayıb ki, İlham Əliyev üçün Paşinyanın bu tələbi təbii olaraq qəbuledilməzdir. "Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq", - deyə fransız jurnalist Azərbaycan dövlət başçısının noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransında verdiyi bəyanata istinad edərək bilirib.

"Səbəb olaraq, Emmanuel Makronun bu ilin oktyabrın 9-da Fransa televiziyasında 2-ci Qarabağ müharibəsi ilə bağlı Azərbaycana qarşı yönələn və ardı-arası kəsilməyən ictimai bəyanatlarıdır. Bir müddət əvvəl 'Azərbaycan Fransanın sülh prosesində səylərinə yenidən baxmağa məcburdur' deyən Azərbaycan dövlət başçısına görə bu əsl təhqirdir", -deyə müəllif xatırladıb.

Brən onu da bildirib ki, Nikol Paşinyan Azərbaycanın reaksiyasının necə olacağından xəbərsiz ola bilməzdi və bilirdi ki, ikitərəfli görüşün ləğvi yalnız Ukraynaya qarşı müharibə də daxil olmaqla, uzun müddət müttəfiqi olan Rusiyanı sevindirə bilər.

"Rusiya həqiqətən də özününki hesab etdiyi regionda onsuz danışıqlar aparılmasını qəbul edə bilmirdi və şübhələnirdi ki, Qərb Rusiyanın Ukraynanı işğal etməklə məşğul olduğundan istifadə edərək regionda öz yerini tutmağa çalışır.

İlham Əliyevin çıxışından dərhal sonra Putin növbəti görüşün vasitəçisi olmağı təklif edib. Rusiyanın gözündəki xırdalığa işarə edərək, öz gözündəki şüanı unudaraq Putini Ermənistan-Azərbaycan gərginliyini qızışdırmaqda ittiham edən Emmanuel Makronun xoşuna gəlməyən bir perspektiv.

Hətta Dağlıq Qarabağdakı status-kvonun onun üçün ideal vəziyyət olacağı doğru olsa belə, təsəvvür etdiyimiz kimi, bu, 2025-ci ildə bütün ərazi bütövlüyünü bərpa etmək niyyətində olan Azərbaycanın heç də ürəyincə deyil", -deyə fransız jurnalist yekun olaraq bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics