Siyasət

Bir kəndin manifesti: Zabux olduğu kimi...

5 Oktyabr 2022 13:14
Baxış: 2 187

Su kimi, yaşayış məntəqəsi də çirklənir. Ermənistanın ərazilərimizin bir qismini işğalda saxladığı 30 il ərzində neçə şəhər, qəsəbə, kənd xarabazara çevrilməkdlə yanaşı, adlarına da qəsd edildi.

Belə yaşayış məntəqələrindən biri də Laçındak Zabux kəndidir.

İşğal dönəmində ermənilərin "Ağavno" adlandırdıqları bu kənd 2022-ci ilin avqustun 26-da azadlığa qovuşdu, özünə qayıtdı.

Fəqət, ermənilərin təbliğat maşını və xüsusilə də xarici ölkələrdəki erməni diasporunun təşviqat mexanizmi indi də Zabuxu "qədim erməni yaşayış məskəni" kimi qələmə verməyə çalışır.

Halbuki bu absurd iddianın heç bir əsası yoxdur.

... Zabux kəndi Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda - iki çayın arasında, bir hissəsi isə Zabux çayının sol tərəfində yerləşir. Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçir.

Keçmiş adı Xut Zabux olmuş kəndin yerləşdiyi ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Tədqiqatçılara görə, oykonim kürd dillərindəki "zaboq" (dongo) sözündəndir. XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuşu və mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdı.

Ermənistanın Azərbaycana qarşı işğalı başlamazdan əvvəl bu kənddə 767 nəfər yaşayırdı. Kənddə yerli zabuxlularla yanaşı qonşu kəndlərdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. Əhalinin etnik mənşəyi Azərbaycan türklərindən ibarətdi.

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq idi. Kənddə xeyli bağlar vardı. Bağlarda əsasən tut, alma, üzüm, heyva, gilas, gavalı, ərik, göyəm yetişdirirdilər. Tutdan bəhməz və irçal bişirər, çəlləkdə qıcqırdıb araq çəkirdilər. Kənddə baramaçılıq və tütünçülüklə bərabər taxılçılıqla da məşğul olurdular.

Kənd ərazisində XVIIl əsrə aid iki tağlı körpü, qədim qəbirstanlıq, daşdan yonulmuş at və qoç fiqurları vardı.

Kənd Qarabağ müharibəsi zamanı 2 nəfər şəhid vermişdi.

Zabux 1992-ci ilin mayın 18-də işğala məruz qalandan sonra kənd tamamən talan və viran edildi.

Yalnız 2013-cü ildə burada ABŞ-dakı erməni diasporunun yığdığı vəsaitlə kottec tipli 27 evdən ibarət yaşayış massivi salındı, sonra da Zabux çayı üzərində iki kiçik su-elektrik stansiyası inşa olundu.

Ermənilərin Zaöuxla bağlı planları yeni deyil. Hələ 104 il əvvəl onlar Azərbaycan ərazilərinin total əksəriyyətini, o cümlədən Laçın rayonundakı Zabuxu ələ keçirməyə çalışırdılar.

Bu baxımdan sadəcə, bir sənədi təqdim edirik.

1918-ci il, dekabrın 10-u. "Azərbaycan" qəzetində Demokratik Cumhuriyyətin Milli Komitə üzvləri Y.Musayevlə Əli bəy Behbudovun birgə imzaladıqları teleqraf dərc olunub.

Teleqraf Ağdamdan Bakıya, Azərbaycan hökumətinə ünvanlanıb.

Onlar ermənilərin silahlı dəstələrinin Zabuxa yan aldıqlarını, kəndi ələ keçirmək istədiklərini yazırlar.

Həmin həyacanlı teleqrafı olduğu kimi təqdim edirik: "İngilis və fransız heyəti, Andraniklə məhəlli [yerli] ermənilərin müsəlmanlar əleyhinə heç bir təcavüzdə bulunmayacaqları vədinə zamin olduqdan sonra, dünən Tərtərə varid olmuşdur.

Dünən Şuşadan rəsmi xəbər alınmışdır ki, ermənilər Zabux dairəsində müharibə başlayıb, bir neçə evləri yandırmışlar. Şuşa və Əsgəran ətrafında olan dağlarda 400-500 nəfərdən ibarət müsəlləh erməni dəstələri zahir olmuşlardır. Müttəfiq dövlət nümayəndələrinin və ermənilərin vədi məlum olduğu kimi, əhval dəxi də fənalaşmışdır.

Ermənilərə məlumdur ki, Türkiyə əsgərlərinə ermənilərə güllə atmamaq əmri verilmişdir. Bu şəraitlə [bu şǝrtlǝrdǝ]şübhə yoxdur ki, Şuşa asanlıqla ermənilərin tömǝsi (yemi, - red.) olacaqdır. Erməni dəstələrinin Şuşa və Əsgəran yaxınlığında nümayan olmaları [görünmǝlǝri] yolu bağlamaq arzusu ilə həll [izah] edilir. Şuşanın özündə bir çox ermənilərin əsgəri libasda zahir olmaları həyəcana bais olub, silah daşımağa qadir olan müsəlmanları şəhəri tərk etməyə məcbur etmişdir. Bu tövr kəskinləşmiş halət çox davam edə bilməz. Xahiş edirik, ingilis və Türkiyə komandanlığı sazişə girəsiniz və bir çarpışma üz verdikdə, bu çarpışmanı dəf etmək üçün türklərə müsaidə verilməsinə nail olasınız. Bununla bərabər xahiş edirik Tomsona bəyan edəsiniz ki, bu əhvalı nümayəndələrlə deyil, ancaq onun özünün iştirakı və ciddi tədbirləri ilə xilas etmək olar".

.... İşğal dönəmində bütünlüklə Suriya və Livandan köçürülmüş ermənilərdən ibarət "sakin"lərin yaşadığı Zabux ölkəmizin aqressiyaya məruz qalmış hissəsindəki qanunsuz məskunlaşdırılma prosesinin bariz nümunəsi sayıla bilərdi.

Ələ keçirdikləri ərazilərin "qədim erməni torpaqları" olduğunu göstərmək və xüsusilə də demoqafik vəziyyəti süni şəkildə dəyişmək üçün Ermənistanın hakimiyyət dairələri Zabuxdakı məskunlaşdırmadan sonradan nümunə, daha doğrusu, presedent qismində yararlanmaq fikrində idilər.

Amma İrəvandakı kriminal oliqopoliya ilə Xankəndindəki terrorçu xuntanı yalnız bəyanatlarda "erməni məsələsi" maraqlandırdığından, onlar məskunlaşdırma prosesi üçün dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun topladığı pulların tam əksəriyyəti mənimsəmişdilər.

Məsələn, ABŞ, Argentina və Fransadakı erməni diaspor təşkilatlarından Ümumerməni "Hayastan" Fondunun "Zabuxda renovasiya və yenidən məskunlaşma" prosesi üçün topladığı 84,32 milyon dolların sadəcə 1020 doları (!) Zabuxdakı erməni "repatriant"ların yaşamına sərf edilmişdi.

Zabuxun 30 illik erməni işğal tarixindəki son qalmaqallı olay isə buradakı suriyalı və livanlı ermənilərin köçürülməsi zamanı onların hər ailəsinə vəd edilmiş 36700 dolların hələ də naməlum istiqamətdə qalmasıdır.

Kənddə yerləşmiş ermənilər oranı tərk edəndən bəri İrəvanda etiraz aksiyaları keçirir, "təzminat" qismində vəd edilmiş maliyyə vəsaitini tələb edirlər.

Zabux isə yurdsuzluqdan qurtulduğu ilk ayını yaşayır.

Çox yaxınlarda kənddə bərpa və rekonstruksiya işləri başlanacaq, qədim yurd yerimiz yenilənəcək, müasirləşəcək, özümüzünküləşəcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics